Nombre total de pages vues

vendredi 23 septembre 2016

Ollandın vasitəçiliyinin nəticə verəcəyi sual altına düşdü

Ollandın vasitəçiliyinin nəticə verəcəyi sual altına düşdü

Hatəm Cabbarlı: “Fransanın tərəflərə yeni təkliflə müraciət etmə ehtimalı azdır”


Vazeh Əsgərov: “Fransua Ollandın dəvəti ilə prezidentlərin növbəti görüşünə yenə də müsbət ümidlər bəsləmək lazımdır”


2016-09-23 09:30:50
Fransa prezidenti Fransua Olland Qarabağ nizamlanması çərçivəsində Ermənistan və Azərbaycan prezidentlərini qəbul etməyə hazır olduğunu bəyan edib. O, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ədalətli həllinə sadiq qaldığını vurğulayıb: "Uzun müddət davam edən bu münaqişənin həlli prosesinin irəliləməsi ilə bağlı tədbirlərin müzakirəsi üçün Parisdə görüşü təşkil etməyə hazıram”. Siyasilərin isə görüşün nəticəsi ilə bağlı gözləntiləri fərqlidir.
Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı bildirir ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi problemi 25 ildir həll edilmir: "Ermənistan Azərbaycanın bütün sülh təkliflərinə mənfi cavab verir və cari ilin aprel hadisələrindən sonra daha da uzlaşmaz mövqe sərgiləyir. Son aylarda Ermənistan rəsmilərinin Qarabağ problemi ilə bağlı verdikləri bəyanatlarda qondarma rejimin müstəqilliyinin tanınması məsələsi gündəmə gətirilir. Bu, o deməkdir ki, Ermənistan müzakirələrdən yayınmaq istəyir”.
Politoloq əlavə etdi ki, Minsk qrupu həmsədr dövlətlərinin vasitəşilik təşəbbüsləri hələlik heç bir nəticə verməsə də, təşəbbüslər davam edir: "ABŞ və Rusiyadan sonra Fransa da problemin həll edilməsi istiqamətində yeni təşəbbüslə çıxış edib. Fransanın tərəflərə yeni təkliflə müraciət etmə ehtimalı azdır. Müzakirələr yəqin ki, "Madrid prinsipləri” çərçivəsində aparıla bilər. Peterburq və Vyana görüşündə də bu prinsiplər üzərində müzakirələrin aparıldığı və nəticəsiz qaldığı bəllidir. Ermənistanın aprel hadisələrindən sonra silahlanma yarışınına başladığı, Rusiyadan aldığı "İskəndər” və başqa müasir silahlara sahib olduğu bir ərəfədə F.Ollandın vasitəçilik missiyasının uğurlu olma ehtimalı azdır. Belə görünür ki, son iki görüşün Rusiya və ABŞ vasitəçiliyi ilə baş tutduğunu düşünən Fransa adət pozulmasın deyə, bu prosesdən kənarda qalmayaraq prezidentlərin üçüncü görüşünün baş tutmasına çalışır. Ermənistan rəsmilərinin son aylarda militarist bəyanatları onu göstərir ki, Fransanın vasitəçiliyi də ciddi nəticə verməyəcək”.
Digər politoloq Vazeh Əsgərov bildirdi ki, 25 ildən çox davam edən münaqişə dövründə Ermənistan hər zaman qeyri-ciddi mövqe nümayiş etdirib: "Bu müddət ərzində istər erməni diasporuı, istərsə də Ermənistanı öz himayəsi altında müdafiə edən dövlətlər proseslərin erməni ideologiyasından çıxış edərək həlli istiqamətində addımlar atıblar ki, bu da qeyri-konstruktiv nəticələrə səbəb olub. Lakin buna baxmayaraq, münaqişənin sülh yolu ilə həll olunması üçün danışıqlar prosesini davam etdirmək məqsədəuyğundur. Başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla Azərbaycan höküməti hər zaman Qarabağ münaqişəsinin nizamlanması istiqamətində mövcud status-kvonun dəyişdirilməsi üçün yüksək iradə nümayiş etdirib.
Son aprel hadisələrindən sonra prezidentlərin Vyana və Sankt-Peterburq görüşləri ərəfəsində Azərbaycanın düzgün mövqeyi bir daha dünya ictimaiyyətinə çatdırıldı və eyni zamanda münaqişənin həll olunmasında cüzi də olsa, müsbət fikirlər formalaşmağa başladı. Düşünürəm ki, Fransa prezidenti Fransua Ollandın dəvəti ilə prezidentlərin növbəti görüşünə yenə də müsbət ümidlər bəsləmək lazımdır. Lakin irəliyiş deyil, birdəfəlik münaqişənin kökündən həll olunmasını arzulayardıq. Belə ki, 1988-ci ildən Ermənistanla Azərbaycan arasında davam edən müharibə nəticəsində 20 faiz Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilib. Müharibə nəticəsində həlak olanlar və öz doğma torpaqlarını tərk edilməyə məcbur edilmiş insanlar var. Beynəlxalq hüququn müxtəlif vaxtlarda qəbul etdiyi qətnamələri baxmayaraq, ermənilər bu gün hələ də Qarabağ torpağında hərbi təlimlər təşkil edir. Deməli, biz bütün danışıqlara hazır olmalı və müsbət irəliləyişin mümkünlüyünə hər zaman inanmalıyıq”.


Mübariz BAYRAMOV

http://www.movqe.az/88398.html

Aucun commentaire: