IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın beynəlxalq informasiya gündəliyinə töhfəsi
Dosent Vazeh Əskərov
Yeni Azərbaycan Paertiyasının İdarə
Heyətinin üzvü
2026-cı il iyulun 13-də
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Sülhün təşviqində medianın
missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa
Qlobal Media Forumu keçirildi. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin forumun açılış mərasimində iştirakı
və beynəlxalq media nümayəndələri ilə geniş görüşü tədbirə xüsusi siyasi və
beynəlxalq əhəmiyyət qazandırdı. Artıq qlobal media dialoqunun mühüm
platformalarından birinə çevrilmiş Şuşa Forumu bu il də informasiya təhlükəsizliyi,
media məsuliyyəti, dezinformasiyaya qarşı mübarizə və ictimai etimadın
möhkəmləndirilməsi kimi aktual məsələlərin müzakirə olunduğu nüfuzlu beynəlxalq
tribunaya çevrildi.
Müasir beynəlxalq münasibətlər sistemində informasiya
amili dövlətlərin təhlükəsizliyi, ictimai sabitlik və qlobal əməkdaşlıq
baxımından strateji əhəmiyyət kəsb edir. Rəqəmsal texnologiyaların sürətli
inkişafı, süni intellektin media mühitinə təsirinin artması və sosial
şəbəkələrin qlobal informasiya məkanında təsir imkanlarının genişlənməsi
həqiqətin müdafiəsini və etibarlı informasiya mühitinin formalaşdırılmasını
daha da aktuallaşdırmışdır. Məhz bu baxımdan forumun əsas mövzusu olan
“Həqiqətin bərpası və etimadın yenidən qurulması” çağırışı yalnız media
ictimaiyyəti üçün deyil, bütövlükdə beynəlxalq birlik üçün xüsusi əhəmiyyət
daşıyırdı.
Şuşanın bu mötəbər tədbirə ev sahibliyi etməsi
təsadüfi deyil. İşğaldan azad edildikdən sonra sürətlə bərpa olunan şəhər bu
gün Azərbaycanın mədəniyyət mərkəzi olmaqla yanaşı, beynəlxalq konfransların,
forumların və qlobal dialoqun aparıldığı mühüm məkana çevrilmişdir. Şuşada
keçirilən beynəlxalq tədbirlər Azərbaycanın regionda sülh, əməkdaşlıq və
qarşılıqlı etimad mühitinin yaradılmasına verdiyi töhfələrin real təzahürüdür.
Forumun əsas hadisəsi Prezident İlham Əliyevin çıxışı
və beynəlxalq media nümayəndələrinin suallarını cavablandırması oldu. Dövlət
başçısının səsləndirdiyi fikirlər regional və qlobal proseslərə dair mühüm
mesajlar kimi dünyanın aparıcı media qurumları tərəfindən geniş işıqlandırıldı.
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın müasir xarici siyasət kursunun
prioritetlərini, regional əməkdaşlığa yanaşmasını və beynəlxalq münasibətlərə
baxışını əks etdirdi.
Dövlət başçısı Azərbaycanın beynəlxalq münasibətlər
sistemində tutduğu mövqeyi aydın şəkildə ifadə edərək vurğulamışdı: “Azərbaycan
qarşıdurma axtarmır, normal münasibətlərə üstünlük verir.” Bu fikir
Azərbaycanın xarici siyasətinin əsas fəlsəfəsini əks etdirir. Qarşıdurma və
bloklaşmaların artdığı mürəkkəb beynəlxalq şəraitdə Azərbaycan əməkdaşlığa,
qarşılıqlı hörmətə və konstruktiv dialoqa əsaslanan münasibətlər sisteminin
tərəfdarı kimi çıxış edir. Forumun başlıca ideyası olan etimadın bərpası və
sülhün təşviqi də məhz bu yanaşma ilə birbaşa səsləşir.
Prezident
İlham Əliyev çıxışında regional təhlükəsizlik və strateji tərəfdaşlıq
məsələlərinə xüsusi diqqət yetirərək “Biz
yalnız qardaş və dost deyilik, həm də müttəfiqik” fikrini qeyd etmiş,
bununla da Azərbaycanın strateji tərəfdaşlıq siyasətinin mahiyyətini ortaya
qoymuş, eyni zamanda regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsində
qarşılıqlı etimada əsaslanan əməkdaşlığın həlledici əhəmiyyətini vurğulamışdır.
Forum
çərçivəsində müzakirə olunan media diplomatiyası və beynəlxalq informasiya əməkdaşlığı
mövzuları da etimad və tərəfdaşlıq prinsiplərinin müasir dövr üçün nə qədər
mühüm olduğunu bir daha ortaya qoydu.
Dövlət
başçısı Azərbaycanın beynəlxalq əhəmiyyətinin artmasına diqqət çəkərək “Azərbaycanın coğrafi mövqeyinin əhəmiyyəti
son dövrlərdə daha da artıb” fikrini səsləndirmiş, bununla da ölkəmizin
enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya marşrutları və beynəlxalq
əməkdaşlıq sistemində mühüm rol oynadığını vurğulamışdır
Şuşa Qlobal Media
Forumunun məhz Azərbaycanda keçirilməsi də ölkənin beynəlxalq təşəbbüslər üçün
etibarlı və nüfuzlu platformaya çevrildiyini göstərən mühüm amillərdəndir. Prezident İlham Əliyev çıxışında əməkdaşlığın
genişləndirilməsinin və qarşılıqlı maraqların təmin olunmasının əhəmiyyətini
vurğulayaraq “Biz əməkdaşlığı gücləndirməyə
və qarşılıqlı maraq doğuran məsələləri həll etməyə çalışırıq” fikrini ifadə
etmiş, bununla da Azərbaycanın regional və beynəlxalq səviyyədə dialoqun
təşviqinə, etibarlı tərəfdaşlıq münasibətlərinin formalaşdırılmasına və
çoxtərəfli əməkdaşlıq mexanizmlərinin inkişafına verdiyi önəmi bir daha nümayiş
etdirmişdir.
Beləliklə, Prezident İlham Əliyevin iştirakı ilə
keçirilən IV Şuşa Qlobal Media Forumu təkcə media sahəsində mövcud çağırışların
müzakirə olunduğu beynəlxalq tədbir deyil, həm də Azərbaycanın sülh, dialoq və
əməkdaşlıq siyasətinin növbəti dəfə beynəlxalq ictimaiyyətə təqdim olunduğu
mühüm platforma kimi çıxış etdi. Dövlət başçısının forumda səsləndirdiyi
mesajlar göstərdi ki, həqiqətə əsaslanan informasiya mühiti, qarşılıqlı etimad
və konstruktiv əməkdaşlıq müasir dünyanın sabitliyi və davamlı inkişafı üçün
əsas şərtlərdən biridir. Şuşadan dünyaya ünvanlanan bu çağırış Azərbaycanın
qlobal dialoqa verdiyi töhfənin, beynəlxalq nüfuzunun və sülh gündəliyinə
sadiqliyinin parlaq ifadəsi kimi xüsusi əhəmiyyət daşıyır.
