Nombre total de pages vues

vendredi 7 juillet 2017

http://palitranews.az/news.php?id=71601


 “UFAZ-da təhsil Fransa və Azərbaycan müəllimlərindən ibarət heyət tərəfindən ingilis dilində aparılır”

Müsahibimiz Fransız-Azərbaycan Universitetinin (UFAZ) direktoru Vazeh Əsgərovdur. 


Vazeh Əsgərov 1978-ci il 15 oktyabr tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Dillər Universitetində Frаnsız-ingilis dilləri fаkültəsində təhsil аlıb. Universiteti bitirdikdən sonra Fransanın Azərbaycandakı səfirliyinin Mədəniyyət şöbəsində çalışıb. 2003-cü ildə Fransanın Rоbеrt Schumаn Univеrsitеtinə qəbul оlub və Strasburq şəhərində yaşayıb. 2004-2006-cı illərdə Strаsburqun Mаrc Blоch Univеrsitеtinin Dilçilik еlmi üzrə Mаgistr 1 və Mаgistr 2 dərəcəsi üzrə təhsilini dаvаm еtdirib. 2007-2012-ci illərdə Strasburq Universitetində “Аzərbаycаnlıların Frаnsаyа mühаcirəti: tаriх və pеrspеktivlər” mövzusundа doktorluq dərəcəsinə layiq görülüb. 2013-cü ilin əvvəlində Аzərbаycаnа qаyıtdıqdan sonra ADU-nun rеktоrunun müşаviri vəzifəsinə təyin olunub. 2014-2015-ci illərdə Azərbaycan Dillər Univеrsitеtinin Tədris işləri üzrə prоrеktоru vəzifəsini icrа edib. 2016-cı ilin dekabr ayından Fransız-Azərbaycan Universitetinə (UFAZ) direktor təyin olunub. 



- Öncə Fransız-Azərbaycan Universitetinin (UFAZ) yaranması tarixindən söz açardız.
- Fransız-Azərbaycan Universiteti (UFAZ) 2014-cü ildə Fransa Respublikasının Prezidenti Fransua Olland və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birgə təşəbbüsü ilə irəli sürülmüş bir layihədir. 2015-ci ildən etibarən layihəyə rəhbərlik etmək üçün Fransa tərəfindən Strasburq Universiteti, Azərbaycan tərəfindən isə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti öhdəçilik götürüb. Universitet Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə təşkil olunub. 15 sentyabr 2016-cı il Strasburq Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə əməkdaşlığı ilə Fransız-Azərbaycan Universiteti (UFAZ) təntənəli surətdə fəaliyyətə başlayıb.
- Artıq Fransız-Azərbaycan Universiteti (UFAZ) tələbə qəbulu elan edib. Tələbə qəbulu qaydalarında hansı yeniliklər var?
- Qeyd etmək istərdim ki, 2017-2018-ci tədris ili üçün qəbul açıq elan olunub. Keçən il olduğu kimi, bu il də 4 ixtisas üzrə (kimya mühəndisliyi, neft-qaz mühəndisliyi, kompüter elmləri, geofizika mühəndisliyi) 120 ödənişsiz və 40 ödənişli yer təklif edilib. 
Dövlət İmtahan Mərkəzi bu il iki mərhələli qəbul imtahanı keçirdiyi üçün, UFAZ-a qeydiyyat da iki mərhələdə aparılır. İyunun 12-dən iyulun 17-ə qədər birinci qeydiyyat, iyulun 24-dən iyulun 25-i saat 23:00-dək ikinci qeydiyyat aparılacaq. UFAZ imtahanları 27 iyul tarixində keçiriləcək. Bu il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 1-ci kurs tələbələri də UFAZ-a daxil olmaq üçün imtahan verə biləcəklər.
- Bu gün tələbələrə hansı yeniliklər təklif edirsiz? Universitetinizi digər ali təhsil müəssisələrindən fərqləndirən nədir?
- UFAZ-ı fərqli edən bir çox cəhət var. Onlardan bir neçəsini sadalamaq istərdim. İlk olaraq UFAZ tələbələri universiteti qurtardıqda həm Azərbaycan Respublikasının, həm də Fransa Respublikasının rəsmi dövlət diplomlarını əldə edəcəklər. Yəni tələbələr ayrılıqda iki diplom almaqla həm Strasburq, həm də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu olacaqlar. Digər bir üstün cəhəti isə Azərbaycandan kənarda 100% Fransa təhsil sistemi ilə tədris almaq mümkün olacaq. Bununla yanaşı, tədris Fransadan dəvət olunmuş müəllimlərlə həyata keçirilir. Belə ki, imzalanmış memorandum, əsasən, UFAZ müəllimlərinin 50%-i Fransadan, 50%-i isə ingilis dilində tədris aparmağı bacaran və əsasən, xaricdə magistr və doktorluq təhsili almış müəllimlər tərəfindən həyata keçirilir. Eləcə də UFAZ tələbələri, eyni zamanda Strasburq Universitetinin tələbələri olduqları üçün Strasburqun zəngin elektron kitabxanalarından və nəzərdə tutulmuş müxtəlif tədris proqramlarından istifadə edə bilərlər. Digər bir üstünlük isə UFAZ-ın yeni tədris ilində təzə 4 mərtəbəli binaya köçməsi və yeni kimya və fizika laboratoriyalarının istifadəyə verilməsidir.
- Tədris olunan fənlər hansı dildə tədris ediləcək? Bu baxımdan professor-müəllim heyətiniz tam formalaşıb?
- UFAZ-da təhsil yüksəkixtisaslı Fransa və Azərbaycan müəllimlərindən ibarət beynəlxalq tədris heyəti tərəfindən ingilis dilində aparılır. Həmçinin tələbələrə intensiv fransız dili tədris olunur. Yəni tələbələr məzun olduqda artıq iki xarici dildə səlis danışacaqlar.
- Universitetinizin xarici təhsil müəssisələri ilə tələbə mübadiləsi olacaqmı? Bu haqda oxuculara məlumat verərdiz.
- Hal-hazırda Fransanın iki böyük universiteti - Strasburq və Ren 1 bu layihənin əsas tərəfdaşlarıdır. Gələcəkdə bu tərəfdaşlıq daha da genişlənəcək. Yeni tədris ilindən UFAZ tələbə sıralarına digər xarici universitetlərin tələbələrini də qəbul etməyi planlaşdırır. Mübadilə proqramına gəldikdə isə bu il UFAZ tələbələrinin 40-ı ilk olaraq Strasburq Universitetinin birbaşa təşkilatçılığı ilə Strasburqa yay məktəbinə gedəcəklər. Gələcəkdə bu proqramların sayının artırılması nəzərdə tutulub.
- Tələbələrə keyfiyyətli təhsilin göstərilməsi üçün dərs vəsaitləri hazırlanıbmı?
- UFAZ-da həm yerli, həm xarici müəllimlərdən ibarət komandamız var. Bizim üçün vacib kriteriyalar müəllimlərin ingilis dilində tədris təcrübəsinə malik olması və müasir təhsil metodlarından xəbərdar olmalarıdır. Hal-hazırda bütün dərs vəsaitləri və tədris proqramları Strasburq Universitetinin tələblərinə cavab verən metodlardır və təhsil bu metodlarla aparılır.
- Sonda gələcək planlarınızdan danışardız.
- UFAZ növbəti tədris ili üçün əsas istiqamətlərini müəyyən edib və bəzi mühüm məsələləri formalaşdırıb həyata keçirməyi qarşısına məqsəd qoyub. İlk olaraq müxtəlif əməkdaşlıq proqramlarının hazırlanması və Fransanın digər aparıcı universitetləri ilə əlaqələrin yaradılması, UFAZ-ın mərhələli şəkildə elektron idarə olunmasının təmin edilməsi, elektron universitetin və elektron kitabxananın formalaşdırılması qarşıda duran vəzifələrdəndir. Bununla yanaşı, UFAZ-ın müəllim və tələbə mübadiləsi imkanlarının daha da genişləndirilməsi, UFAZ tələbə gənclərin fəaliyyətinin beynəlxalq standartlara cavab verə biləcək səviyyəyə qaldırılması, tələbələrin respublikanın ictimai-siyasi həyatında fəallığının artırılması, onların asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə müxtəlif cəmiyyətlərin yaradılması görüləcək mühüm məsələlərdir. Eyni zamanda UFAZ-ın beynəlxaq layihələrdə iştirakının təmin edilməsi, UFAZ Fondunun yaradılması, müxtəlif təşkilatlarla əlaqələrin qurulması, tələbələrin istər beynəlxalq səviyyədə, istərsə də ölkədaxili müxtəlif təşkilatlarda təcrübə keçmələrinin təmin edilməsi əsas istiqamətlər kimi göstərilə bilər.


Söhbəti qələmə aldı: 
Mahmud Əyyub