Nombre total de pages vues

dimanche 12 avril 2020

logo

Azərbaycan Respublikası Təhsil Nazirliyinin orqanı


"UFAZ-da bütün dərslərin 100% online aparılmasına 

qərar verilib"


11 Aprel 2020

Vazeh Əsgərov: " Əvvəlcədən yaradılmış platforma distant dərslərin rahat həyata keçirilməsinə şərait yaradıb

Son illər Azərbaycanın ali təhsil məkanında ciddi uğurları ilə diqqəti çəkən universitetlərimizdən biri də 2014-cü ildə Azərbaycan və Fransa Prezidentlərinin birgə təşəbbüsü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) nəzdində fəaliyyətə başlayan Azərbaycan-Fransız Universitetidir (UFAZ).

UFAZ  hazırda dünyanı bürümüş koronavirus pandemiyası dövründə tələbələri ilə  məsafədən tədrisin ən mükəmməl formatlarında təhsili davam etdirir.

UFAZ-ın direktoru, dosent Vazeh Əsgərov "Azərbaycan müəllimi" qəzetinə müsahibəsində ali təhsil müəssisəsində tətbiq olunan distant tədrisin gedişi ilə bağlı fikirlərini bölüşüb.

- Pandemiya şəraitində ali məktəblərimizdə distant tədris davam edir. Fransız-Azərbaycan Universitetində (UFAZ) bu proses necə təşkil olunub və nə kimi effektlər verib?  
-  İlk öncə qeyd edim ki, Azərbaycanda koronavirus təhlükəsinin bəlli olduğu ilk gündən bütün dövlət və özəl tədris müəssisələrində tətil elan edilməsini virusun yayılmasının qarşısının alınmasında atılan ən vacib addımlardan biri kimi qiymətləndirirəm. Eyni zamanda Təhsil Nazirliyinin universitetlərə online dərslərin təşkil edilməsi çağırışları karantin şəraitində universitetlərin fəaliyyətinin davamına və tələbələrin tədris prosesinə yenidən cəlb edilməsinə şərait yaratdı. Azərbaycan-Fransız Universiteti (UFAZ) üçün bu prosesin çevik təşkil edilməsi çətin olmadı. Çünki yarandığı ilk gündən etibarən əcnəbi müəllimlərin tədrisdə birbaşa iştirakı distant təhsilin tətbiqini qaçılmaz etmişdi. Distant təhsilin tətbiqinə hələ 2018/2019-cu tədris ilindən start verilmişdi. Bu məqsədlə universitetin 22 noyabr 2018-ci il tarixində keçirilmiş Elmi Komitəsinin iclasında əsasən Fransadan dəvət edilmiş müəllimlərin dərs proqramlarının bir hissəsinin onlayn formada davam etdirilməsi ilə bağlı qərar olmuşdu. Hazırda bütün tələbə və müəllimlər Microsoft Teams proqramının verdiyi üstünlüklərdən faydalanaraq tədris prosesini davam etdirirlər. Onu da qeyd etmək lazımdır ki, UFAZ-da təhsil alan hər bir birinci kursa qəbul edilmiş tələbə  fərdi noutbuklarla təmin olunur ki, bu da tələbələrimizə hazırda evdən tədrislərini davam etdirmək üçün texniki şərait yaradır.
 
Qeyd etmək istərdim ki, 16 mart tarixindən etibarən UFAZ-da bütün dərslərin 100% online aparılmasına qərar verildi və əvvəlcədən yaradılan platforma distant dərslərin rahat həyata keçirilməsinə şərait yaratdı.

- Prosesin əhatəliliyi barədə nə deyə bilərsiniz? UFAZ-ın bütün tələbələri distant təhsilə cəlb oluna bilibmi?
- Qeyd etməliyəm ki, hazırda IV kurs tələbələri təcrübədə olduqlarına görə onların dərsləri yoxdur. Təcrübə keçdikləri şirkətin qaydalarına uyğun olaraq karantin şəraitindədirlər və imkan verildiyi halda işlərinə online davam edirlər. Universitetdə isə online dərslər, əsasən I, II və III kurslar üzrə, ümumilikdə 410 tələbə üçün aparılır. Keçən həftə müəllimlər arasında apardığımız sorğuya əsasən, tələbələrin online dərslərə böyük maraqları vardır. Yükləmələrin sayının çox olmasına baxmayaraq, dərslərə olan maraq böyükdür.
 
Belə ki, Strasburq Universitetinin UFAZ üzrə ekspertlərinin də fikirlərinə görə , bu dönəmdə distant təhsil tələbələrin qeydə alınmış video-dərsləri yenidən izləmək imkanına malik olur, interaktiv seminarlar tələbələrdə fənnə marağı daha da artırır, tələbələrdə məsuliyyət hissini gücləndirir, eləcə də müstəqil tədqiqat və öyrənmə bacarıqları  inkişaf edir. Bölgələrdə, eləcə də internetin gücü zəif olan yerlərdə olan problemləri də distant təhsil növü həll etmiş olur. Belə ki, dərslər online aparılan zaman qeyd edilir və tələbələrə həm dərs materialları, həmçinin keçirilmiş dərslər göndərilir.
 
Tələbə istədiyi yerdə və zamanda öyrənir!

- UFAZ-ın tələbələri bu formatda təkcə dinləyicidir, yoxsa həm də dərslərə hazırlaşırlar?
UFAZ-da tədris təqvimi digər dövlət ali təhsil müəssisələrindən fərqlidir. Bu il   ikinci semestr fevral ayının 3-dən başlayıb və mayın ilk həftəsi yekunlaşmalı idi. Azərbaycanda koronavirus təhlükəsinin yayılması ilə dərslərin martın 3-də dayandırılması ilə verilmiş qərardan sonra təcili iclaslar çağırılıb,  ADNSU rəhbərliyi və Strasburq Universiteti ilə müzakirələrdən sonra 7 iş günü ara verməklə, 16 martdan online dərslərə start verilib və hazırda UFAZ-ın Elm Komitəsinin verəcəyi qərara uyğun olaraq iki həftəlik semestrin uzadılması nəzərdə tutulur.

UFAZ-da mövcud ixtisasların hamısının texniki fənlər olduğunu nəzərə alsaq, bütün dərslərin distant aparılması mümkün deyil. Belə ki tələbələr, eyni zamanda praktiki işləri də laboratoriyalarda həyata keçirməlidirlər. Bununla belə, qeyd edim ki, fənn müəllimlərinin dərslərindən asılı olaraq tədris həm interaktiv, həmçinin nəzəri formada Teams proqramının bütün üstünlüklərindən istifadə edilməklə aparılır. Tələbələr həm dərsboyu, həmçinin dərsdən sonra müəllimlərə birbaşa suallar ünvanlaya bilir, verilmiş tapşırıq və sualları hazırlayırlar.

Oruc MUSTAFAYEV



Aucun commentaire: