Nombre total de pages vues

jeudi 9 avril 2020

2019-cu il UFAZ tələbələri üçün nailiyyətlərlə zəngin il olub.

                 
UFAZ tələbələrindən ibarət ICARUS komandası “NASA Space Apps Azerbaijan 2019” hakatonunda 25 komanda arasında qalib olaraq 10.000 AZN məbləğində mükafatın sahibi olub

2019-cu il UFAZ tələbələri üçün olduqca məhsuldar və nailiyyətlərlə zəngin il olub. Belə ki, tələbələr payız və yaz semestr imtahanlarında əldə etdikləri yüksək akademik nəticələrlə yanaşı ölkədaxili və ölkədən kənarda keçirilən müxtəlif bilik müsabiqələrində də müvəffəqiyyət qazanıblar.
Fevralın 28-də Kompüter elmləri ixtisasının III kurs tələbələrindən ibarət komanda “Google Hash Code 2019” müsabiqəsində Azərbaycan üzrə 47 komanda arasında 1-ci yeri tutub. 
Martın 9-da UFAZ-ın Kimya mühəndisliyi ixtisasının III kurs tələbəsi Aleksandr Kovalyov Azərbaycanda ilk dəfə keçirilən "Integration bee" riyaziyyat müsabiqəsinin qalibi olub.
Qazanılan ən böyük nailiyyətlərdən biri 2019-cu il aprelin 3-də riyaziyyat həftələri çərçivəsində 10 UFAZ tələbəsinin ilk dəfə iştirak etdiyi "Kangourou" beynəlxalq riyaziyyat müsabiqəsində Fransa üzrə 500-dən çox iştirakçı arasında ilk 100-lükdə yer alması olub. Kimya mühəndisliyi ixtisasının II kurs tələbəsi Ləman Cəlilova isə müsabiqədə dördüncü yeri tutaraq qızlar arasında ən yaxşı nəticəni göstərib.
Ləman Cəlilova həmçinin British Petroleum (BP) tərəfindən həyata keçirilən “Skills Refinery” layihəsinin fərdi qalibi olaraq 2019-cu ilin oktyabr ayında Londonda baş tutan “Bir Gənc Dünya” Sammitində iştirak edib.
Oktyabrın 20-də UFAZ tələbələrindən ibarət ICARUS komandası “NASA Space Apps Azerbaijan 2019” hakatonunda 25 komanda arasında qalib olaraq 10.000 AZN məbləğində mükafatın sahibi olub.
Dekabrın 7-də eyni ixtisas üzrə təhsil alan IV kurs tələbələrindən ibarət  n0_pwn1c komandası isə 60 komandadan ibarət CTF.az müsabiqəsinin qalibi olaraq 3000AZN məbləğində mükafatın sahibi olub.
Yuxarıda qeyd olunan nailiyyətlər UFAZ tələbələrinin sadəcə universitet təhsili ilə kifayətlənməyib özlərini digər platformalarda da sınayaraq inkişaf etdirdiklərinin bariz nümunəsidir. Tələbələrimizi təbrik edir və onlara 2020-ci ildə daha böyük müvəffəqiyyətlər arzu edirik!

Qeyd edək ki, 2020-ci ilin iyul ayında UFAZ tələbələrinin ilk “Məzun Günü” həyata keçiriləcək.

Aucun commentaire: