Vazeh Əsgərovun fikrincə, müəyyən yaş dövrlərində insanların hobbisi və maraq dairəsi dəyişir
Elə bir insan yoxdur ki, onun əlavə məşğuliyyəti olmasın. İnsan boş vaxt tapan kimi hobbiləri ilə məşğul olur və bundan zövq alır. Rubrikamızın qonağı Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru, müasir tarix üzrə fəlsəfə doktoru Vazeh Əsgərovdur. Vazeh müəllimlə ona mənəvi qida verən hobbisi haqqında danışdıq.
Hobbi - boş vaxtın dəyərləndirilməsi
Vazeh Əsgərovun hobbisi idmanla məşğul olmaq və klarnetdə musiqi ifa etməkdir. Müsahibimiz hesab edir ki, bəzi insanlar hobbinin əhəmiyyətinin fərqinə varmır, bu keyfiyyətlərini kəşf etmirlər: “Hər bir insanın maraq dairəsi olur. Hobbi boş vaxtın dəyərləndirilməsidir. İbtidai icma quruluşundan bu vaxta qədər passiv və aktiv insanlar olub. Soyuq bölgələrdə yaşayan insanlar qida əldə etmək üçün daha çox aktivlik nümayiş etdiriblər. İsti yerlərdə məskunlaşan insanlar çox enerji itirmədikləri üçün daha çox vaxtlarını günün altında dincələrək keçiriblər. Boş vaxtları daha çox olduğu üçün cənub hissələrdə yaşayan insanların hobbiləri daha çox olur. Hobbi asudə vaxtın qiymətləndirilməsidir. Hər bir şəxsin hobbisi olur. Amma əsas olan bizim onu necə kəşf etməyimizdir. Elə insan var ki, hobbiyə adi bir şey kimi baxır. Elə insan da var, bundan yararlanaraq həyatını qurur. Və məhz onun üzərində yaşayır, yaradır. Həyat təcrübəmə əsaslanaraq düşünürəm ki, insanların əksəriyyəti öz sevdikləri işlə məşğul deyillər. Mənim tanıdığım insanlar var idi ki, bir fakültədə oxuyurduq. Amma onların çox gözəl rəsm çəkmək qabiliyyəti var idi. Dilə, ümumiyyətlə, həvəsləri yox idi. Düşünürəm ki, həmin insan vaxtında musiqiyə, heykəltaraşlığa yönəldilsəydi, daha çox xoşbəxt olardı. Belə insanlar hobbilərini inkişaf etdirməli, həyatlarını onun üzərində qurmalıdırlar”.
“İnsanların maraq dairələri dəyişir”
Müsahibimizin musiqi duyumu ona atasından keçib. Həmsöhbətimiz deyir ki, klarnetə o qədər bağlı olub ki, 9-cu sinifdə peşəkar musiqiçi olmaq istəyib: “İdmanla məşğul olmaq və klarnetdə musiqi ifa etmək mənim ən böyük hobbimdir. Futbol, voleybol, tennis, şahmatla da məşğul oluram. Sağlamlığımı qorumaq və formada qalmaq üçün həftədə heç olmasa 2 dəfə idman edirəm. Lakin işlərimin çoxluğuna görə musiqi arxa planda qalıb. Amma bəzən tədbirlərdə klarnetdə ifa etməyi o qədər istəyirəm ki...”.
Həmsöhbətimiz hesab edir ki, müəyyən yaş dövrlərində insanların hobbisi, maraq dairələri dəyişir: “Hobbi hər hansı bir bağlılıqdır. İnsanların müəyyən yaş dövrlərində hobbisi, maraq dairələri dəyişir. Hobbi bəzən hansısa kolleksiya ilə başlayır. Kimsə nəyisə toplayır, seçir, yığır. Mən Fransada oxuyanda bir tanışım var idi və məktub markalarını toplayırdı. Uşaqlıqda bütün uşaqların maraq dairələri fərqli olur. Məsələn, mən uşaqlıqda saqqızdan çıxan, qəzetdən kəsdiyim şəkilləri toplayırdım. Amma yaş keçdikcə bu istəyim dəyişdi. İndi isə boş vaxtımı idman və musiqiyə həsr edirəm. İdmanı çox xoşlayıram. Qeyri-peşəkar şəkildə məşğul oluram. Mən futbol oynamağı daha çox sevirəm, nəinki futbol izləməyi”.
“Hər dəfə beynimdə ifa edirəm”
Müsahibimiz klarnetdə ifa etməyi sevsə də, gecə-gündüz klarnet həsrəti ilə yaşayıb. Sovet dövründə Azərbaycanda bu aləti tapmaq çətin olduğu üçün bir il klarneti olmayıb: “İlk klarnet müəllimim atam olub. Sovet dövründə hər kəs övladını musiqiyə yönəldirdi. Atamın gözəl musiqi ifa etmək qabiliyyəti var idi. Həm də gözəl rəsm çəkirdi. Rəsm çəkmək qabiliyyəti qardaşıma, musiqi qabiliyyəti isə mənə keçdi”.
V.Əsgərov deyir ki, onun ictimai fəaliyyəti hobbilərini həyata keçirməyə mane olub: “Fransadan Bakıya qayıdandan sonra hobbilərimə çox vaxt ayıra bilmirəm. Həftədə bir-iki dəfə mütləq şəkildə idmanla məşğul olmağa çalışıram. Amma klarnetlə məşğul ola bilmirəm. Baxmayaraq ki, klarnet gözümün qabağında olur, hər dəfə beynimdə ifa edirəm, barmaqlarım oynayır, amma vaxtım olmur. Birincisi, evə gec qayıdıram, o vaxt klarnetdə ifa edə bilmərəm. Həftəsonu isə övladlarımla vaxt keçirirəm”.
Hansı musiqilərə qulaq asdığına gəldikdə isə, müsahibimiz deyir ki, köhnə filmlərdə ifa olunan bütün musiqiləri sevir: “Xalq musiqiləri və muğamlarımıza qulaq asmağı sevirəm. İnsan kamilləşməyə qədəm qoyduqda bu musiqini anlamağa başlayır. Mən bütün musiqiləri bəyənir, qulaq asıram. Müəyyən səslər var ki, o səslərin ecazkarlığı məni onları dinləməyə vadar edir. Köhnə filmlərdə səslənən bütün musiqiləri dinləməyi xoşlayıram. Xalq musiqimizə sevə-sevə qulaq asıram”.
Aygün ƏZİZ Tarix: 28.11.2015 | Saat: 12:35:00
http://kaspi.az/news.php?id=25460
|
Aucun commentaire:
Enregistrer un commentaire