Ermənistanı yeni daxili çaxnaşmalar bürüyür
İlqar Vəlizadə: “İtkilərlə üzləşən, illərlə yalan informasiya alan cəmiyyət artıq başa düşür ki, əslində, vəziyyət hakimiyyətin dediyi qədər yaxşı deyil”
Vazeh Əskərov: “Yürüdülən siyasət kökündən səhvdir və Ermənistanı uçuruma aparır”
2016-05-20 09:00:35
Ermənistan daxilində xalqla hakimiyyət arasında qarşıdurma dərinləşir. Nəticədə İrəvan küçələri demək olar ki, hər gün mitinqlərə meydan olub. Ziddiyyət özünü Qarabağ məsələsinə münasibətdə də göstərməkdədir. Bundan başqa, hərbiçilərlə erməni hakimiyyəti arasındakı durum da yaxşı deyil. Aprel döyüşlərindən sonra bir neçə ali rütbəli hərbiçilər ordudan qovulub.
Analitiklərin fikrincə, döyüşlərdən sonra çatlamış erməni iqtidarının Qarabağ siyasətində də dönüş ola bilər. Siyasi şərhçi İlqar Vəlizadə hesab edir ki, əslində, Ermənistanda bu problemlər gözlənilən idi: "Son zamanların ziddiyyətlərinin kökü ötən illərə qədər gedib çatır. Sadəcə, o vaxtlar vəziyyət indiki kimi gərgin həddə çatmamışdı. Ona görə də daxildəki gərginlik qapalı şəkildə gedirdi. Xaricdən onu müşahidə etmək çətin idi.
İndi isə vəziyyət tamamilə dəyişib. Ordumuzun təzyiqi nəticəsində Ermənistanın ordu, dövlət quruculuğundakı nöqsanlar üzə çıxdı. Artıq həmin nöqsanları gizlətmək mümkün də deyil. Bunu erməni hakimiyyəti də gözəl başa düşür. Ona görə də insanların hissləri ilə oynamağa başlayıblar. Yaranmış çətinliklərin səbəbini Azərbaycan tərəfinin üstünə atmaq istəyirlər. İtkilərlə üzləşən, illərlə yalan informasiya alan cəmiyyət artıq başa düşür ki, əslində, vəziyyət hakimiyyətin dediyi qədər yaxşı deyil. Cəmiyyət anladı ki, problem Ermənistanın öz hakimiyyətindədir. İndiki vəziyyətdə müharibə ehtimalı artsa, bu, onların xeyrinə olmayacaq. Çünki, Azərbaycan Ordusu tərəfindən növbəti kəskin zərbə Ermənistan siyasi piramidasına birbaşa təsir göstərəcək. Onsuz da sarsıdılmış siyasi piramidanın əsaslarını bir qədər də laxladacaq. Beləliklə hakimiyyət dəyişikləri ssenariləri qaçılmaz olur. Bunu onlar da bilirlər. Ona görə də Vyana danışıqlarını həyata keçirməklə müharibə ehtimalını azaltmağa çalışdılar ki, hakimiyyət problemlərinin həlli ilə məşğul olsunlar. Yəni, cəbhədə gərginləşmə onların xeyrinə deyil. Amma Azərbaycan tərəf şans verib ki, bu müddət ərzində siyastlərində dəyişiklik etsinlər. Xüsusi ilə də Qarabağla bağlı siyasətlərinin dəyişməsini gözləyirik. Əgər dəyişiklik olmasa, vəziyyət bir daha pisləşəcək. Beləliklə Ermənistan daxilində hakimiyyəti dəyişmək ssenariləri gündəmə gələcək”.
Tarix üzrə fəlsəfə doktoru Vazeh Əskərov bildirir ki, Ermənistan hakimiyyətində yaranmış böhranı təkcə aprel hadisələri ilə əlaqələndirmək düzgün olmazdı: "Lakin Qarabağ ətrafında baş vermiş məlum 4 günlük müharibə və Azərbaycan Ordusunun düşməndən kəskin şəkildə fərqli üstünlüyə malik olması, eləcə də ermənilərin verdiyi itkilərin real sayı və cəmiyyətə söylənilmiş əsassız açıqlamalar vəziyyəti daha da gərginləşdirdi. Diqqət yetirsək görərik ki, Ermənistan hakimiyyəti öz mövqelərini saxlamaq üçün növbəti dəfə Qarabağ problemini ortaya atır.
Avropa ölkələrinə olan miqrasiya statistikasına nəzər salsaq, görərik ki, Ermənistan ildən-ilə boşalır. Onlar daha rahat həyat axtarışında xarici ölkələrə kütləvi miqrasiya etmək məcburiyyətindədirlər. Digər tərəfdən regionda baş verən hadisələri diqqətə alsaq görərik ki, Ermənistan heç bir qonşu dövlətlə normal münasibət saxlamır. Vaxtaşırı öz ərazisini genişləndirmək üçün müxtəlif problemlər ortaya atır. Yürüdülən siyasət kökündən səhvdir və Ermənistanı uçuruma aparır. Tarixi araşdırma etdikdə ermənilərin bölgədə xristian əhalinin artırılması məqsədilə bu torpaqlara köçürülməsi faktlarını görürük. Etiraf etməliyik ki, bu xalq digər müxtəlif xalqlar arasında, xüsusən də müsəlman əhali arasında rahat yaşayır, dillərində danışır və uyğunlaşırlar. Bunu biz İran, Türkiyə, Livan, Azərbaycan və s. ölkələrdə görə bilərik. Ancaq bir nüansı dəqiqləşdirmək lazımdır ki, mahnılarımızı, muğamlarımızı belə oxuyur. yeməklərimizi, mədəni incilərimizi özününküləşdirirlər. Eləcə də işğal etdikləri Qarabağ və ona bitişik rayonlarımız və orada olan acınacaqlı vəziyyət. İndi gəlin, Qarabağ bölgəsində yerləşən bizim rayon, kəndlərə və orada yaradılmış infrastruktura baxaq. Məgər bu işğal olunmuş torpaqlarla eynidirmi? Əgər ermənilərə Qarabağ lazım olsaydı, işğal etkilkəri torpaqlarda heç olmasa, bir daşı daş üzərinə qoyardılar”.
Mübariz BAYRAMOV
http://www.movqe.az/81235.html
Aucun commentaire:
Enregistrer un commentaire