Düşmən ölkəyə qarşı nüvə sanksiyalarının təbiqi gündəmə gəlir
Fəzail İbrahimli: “Ermənistana göz yummaqla böyük dövlətlər dünyaya təsir gücünü azaldır, nüfuzlarını aşağı salmış olurlar”
Vazeh Əsgərov: “Ermənistan nüvə silahının olması ilə və bununla da Azərbaycanı təhdid etməklə heç nəyə nail olmayacaq”
2016-05-28 09:15:17
Həqiqəti nə qədər əks etdirdiyi bilinməsə də, Ermənistan təmsilçiləri onlarda çoxdan nüvə silahı olduğunu açıq etiraf edir. Son döyüşlərdən sonra bu səpkidə fikirlər daha çox yer almaqdadır. Elə beynəlxalq ictimaiyyət üçün də narahatlıq yaradan digər bir məsələ Ermənistanın sabiq baş naziri, hazırda deputat olan Qrant Baqratyanın hələ 29 aprel tarixində mətbuata açıqlamasında Ermənistanın nüvə silahına malik olduğunu bildirməsidir. Mraqlıdır ki, Qrant Baqratyan yenidən bu mövqeyini təsdiq edib və növbəti dəfə ölkənin nüvə silahına malik olmasına dair yeni açıqlama verib. Baqratyan "Aykakan jamanak” qəzetinə açıqlamasında Ermənistanın nüvə silahına malik olduğu haqda bundan əvvəl verdiyi bəyanatın Türkiyə və Azərbaycan üçün "çəkindirici amil” olduğunu deyib. "Bu silah isə Ermənistanda hələ ötən əsrin 70-ci illərindən var”.
Millət vəkili Fəzail İbrahimli bildirir ki, Ermənistan sanki hazırda dünyaya meydan oxuyan dövlətə çevrilib: "Amma nə gücü, nə silahı, nə iqtisadiyyatı var. Arxasıda duran dövlətin himayəsi ilə bu hərəkətləri edir. Beynəlxalq hüququn normalarını pozur. 20 ildən çoxdur ki, Azərbaycan torpaqlarını işğal edib. Dünya ictimaiyyəti də bunu yaxşı bilir. Bu cür cəzasızlıq mühitində yaşayır, heç bir cəza tətbiq olunmur.
Həyata keçirdiyi əməllərə görə cəza görməyən bir dövlət əlbəttə ki, növbəti alçaq əməllərini atacaq. Ermənistanın bütün şıltaqlıqları bundan qaynaqlanır. Ancaq ona "dayan” deyilməlidir. Ermənistan bu şıltaqlığı ilə dünyanın böyük dövlətlərini, beynəlxalq hüququ ayaq altına alıb. Ona görə deyə bilərik ki, tək bizim üçün, heç dünya üçün hüquq norması yoxdur. BMT-nin qərarları da bir əfsanədir. Ermənistana göz yummaqla böyük dövlətlər dünyaya təsir gücünü azaldır, nüfuzlarını aşağı salmış olurlar. Özümüzə münasibətdə ədaləti görmürük. Lakin bu işdə Azərbaycanın da üzərinə böyük məsuliyyət düşür ki, addımlarımızı atırıq. Artıq zaman yetişib. Azərbaycan öz sözünü deyəcək. Torpaqlarını geri qaytarmağa az qaldı. Bayram əhval-ruhiyyəsi qabaqdadır”.
Digər siyasi şərhçi Vazeh Əsgərov bildirir ki, bu cür bəyanatlarla ermənilər bir daha Rusiyanın müstəmləkəsi oldüğunu sübut edirlər: "Ermənistan nüvə silahının olması ilə və bununla da Azərbaycanı təhdid etməklə heç nəyə nail olmayacaq. Bu, onların aprel məğlubiyyətindən sonra özlərinə bəraət qazandıraraq, ictimaiyyət arasında fərqli fikir yaratmaq istəyindən başqa bir şey deyil”.
Politoloq əlavə etdi ki, hazırda rəsmi olaraq dünyanın 5 ölkəsinin silahlı qüvvələri - ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çin nüvə silahı saxlamaq ixtıyarına malikdirlər: "1970-ci ildən Nüvə Silahının Yayılmaması Müqaviləsi" qüvvəyə mindikdən sonra müqaviləyə daxil olmayan daha 4 ölkə Hindistan, Pakistan, Şimali Koreya və İsrail nüvə silahının olmasını elan etmiş və İsraildən başqa bütün 8 ölkə rəsmi olaraq silahlarını test etmişdirlər. Bundan əlavə bir neçə ölkə (İran, Braziliya, Səudiyyə Ərəbistanı, Suriya) hərbi nüvə proqramının inkişaf etdirilməsində şübhəli bilinirlər. Bəzi ölkələr isə (Turkiyə, Almaniya, Belçika, İtaliya, Hollandiya) öz ərazilərində ABŞ nüvə silahının yerləşdirilməsinə icazə veriblər.
Bütün sadalanan fikirləri nəzərdən keçirdikdən sonra bir daha əmin oluruq ki, Ermənistan nüvə silahı saxlamaq ixtiyarına malik deyil. Burada məqsəd xalqa belə lazımsız, sərsəm məlumatlar verərək hakimiyyət ətrafında baş verən problemlərdən diqqəti yayındırmaqdadır. Eyni zamanda bununla Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini nüvə terroru təhdidlərindən, xüsusən də Ermənistandakı «Metsamor» Atom Elektrik Stansiyasından yayındırır”.
Vazeh Əsgərov qeyd etdi ki, bu sahədə Azərbaycan tərəfi Nüvə Silahının Yayılmaması Konvensiyasına uyğun olaraq Ermənistanın nüvə təhlükəsindən irəli gələrək «Metsamor» Atom Elektrik Stansiyasının fəaliyyətinin region üçün təhlükəsini nəzərə almalı və lazımı bəyanatla çıxış etməlidir: "Bunun da mütəmadi edilməsinin şahidi olururuqABŞ-ın Xerosima və Naqasakini atom silahı ilə bombalamasından 70 il keçir ki, bu faciə 160 min insanın məhv olması ilə nəticələnmişdi. Bu gün bütün dünya ölkələri atom silahının məhvedici gücünü anlayır və bu sahədə kifayət qədər qabaqlayıcı tədbirlər görürlər. Düşünmürəm ki, Ermənilərin bu sahənin inkişaf etdirilməsinə maliyyəsi və gücü çatsın”.
Mübariz BAYRAMOV
http://www.movqe.az/81764.html
Aucun commentaire:
Enregistrer un commentaire