Nombre total de pages vues

vendredi 24 janvier 2014

«Xocalıya Ədalət»-in Kolumbiya presedenti


Azər Həsrət: «Kolumbiya BMT üzvüdür, eyni zamanda Güney Amerika Xalqları Birliyi, Sakit Okean Alyansı kimi təşkilatlarda söz sahibidir»
Vazeh Əsgərov: «Kolumbiya 24 aprel 2012 ildə Xocalı soyqırımını rəsmən tanımış digər 6 respublika sırasındadır»
Elçin Xalidbəyli: «Bu, Xocalı soyqırımının daha çox xarici dövlət tərəfindən tanınmasına stimul verəcək»
Kolumbiya Respublikası Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər və Milli Müdafiə Məsələləri Üzrə 2-ci Komitəsi Ermənistan-Azərbaycan münaqişəsi və Xocalı soyqırımına dair qərar qəbul edib. Kolumbiya Konqresinin Nümayəndələr Palatasının sədri Hernan Penaqos Xiraldo tərəfindən irəli sürülən «Ermənistan-Azərbaycan münaqişəsi» adlı qərar layihəsi Palatanın 2-ci Komitəsində səsverməyə qoyulub və yekdilliklə qəbul edilib.
Sözügedən sənəd Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayonun Ermənistan tərəfindən işğal olunması, bu hərbi işğal nəticəsində Azərbaycan əhalisinə qarşı törədilmiş cinayətlər, o cümlədən dinc əhalinin öldürülməsi və əlil edilməsi, Azərbaycan vətəndaşlarının hüquqlarının pozulması, xüsusilə Xocalıda baş vermiş soyqırım aktı və tərəflər arasında bərqərar edilmiş atəşkəs rejimin pozulması qətiyyətlə pislənilib.
Qərarda həmçinin, Azərbaycan və Ermənistanın beynəlxalq miqyasda tanınmış sərhədlərinə hörmət prinsiplərini rəhbər tutaraq, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsi barədə Ermənistan hökumətinə çağırış ifadə edilib. Hernan Penaqos Xiraldo tərəfindən komitə üzvləri üçün hazırlanan altı səhifəlik icmalda Dağlıq Qarabağ münaqişəsi, eləcə də Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi və bu işğalın regionda sülhə və əmin-amanlığa təhdid olması, rəsmi Yerevanın təcavüzkar siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının öz yurdlarından qaçqın və məcburi köçkün düşməsi barədə ətraflı məlumat verilib və pislənilib.
İcmalda münaqişənin tarixinə nəzər salınır və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımın ağır nəticələri barədə məlumat verilir. İcmalın sonunda Hernan Penaqos Xiraldo Azərbaycanın Dağlıq Qarabağ regionunun və ətraf rayonlarının Ermənistan tərəfindən işğalının xronologiyasını verir və adıçəkilən işğalın qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə barədə faktları diqqətə çatdırır.
Bu qərar Xocalı soyqırımının tanıdılması prosesinə necə təsir edə bilər?
Politoloq Elnur Eltürk bildirdi ki, ümumiyyətlə, son illər Xocalı soyqırımının Meksika, Pakistan senatında tanınmasını bu istiqamətdə gedən uğurlu işlərin nəticəsi hesab etmək olar. Onun sözlərinə görə, bu nəticəni Azərbaycan tərəfinin yürütdüyü düzgün təbliğatın nəticəsi kimi dəyərləndirməliyik: «Həmçinin, Heydər Əliyev Fondu tərəfindən aparılan Xocalıya Ədalət kampaniyası bu prosesə öz müsbət töhfəsini verir. Azərbaycan dövlətinin son illər Latın Amerikası ölkələri ilə əlaqələrinə xüsusi önəm verməsi və orada səfirliklərimizin fəaliyyət göstərməsi, qarşılıqlı səfərlərin təşkili rəsmi Bakının bu regionla bağlı daha fəal siyasət yürüdəcəyini göstərir. Hesab edirəm ki, Kolumbiya parlamentində Xocalı soyqırımının tanınması, başqa dövlətlər üçün presedent ola bilər. Bu eyni zamanda erməni diasporunun yüz ildir ki, qondarma soyqırımla bağlı apardığı təbliğata qarşı böyük zərbədir. Artıq, dünya birliyi gerçəklikləri görməyə başlayıb. Bu işləri davam etdirilməli və Ermənistanın iç üzü açılıb ortaya qoyulmalıdır».
Siyasi şərhçi Azər Həsrət bildirdi ki, istənilən ölkənin, hətta adi bir əyalətin belə Azərbaycan həqiqətlərini rəsmən tanıması, Xocalı kimi bir soyqırımına hüquqi qiymət verməsi ölkəmizin xeyrinədir: «Bu baxımdan Kolumbiyanın bu aktını çox önəmli addım hesab edirəm. Düzdür, kimsə düşünə bilər ki, Kolumbiya dünya siyasi səhnəsində elə də ciddi rolu olmayan bir ölkədir və qəbul etdiyi qərar çox da işə yaramaya bilər. Ancaq nəzərə almaq lazımdır ki, Kolumbiya da BMT üzvüdür, eyni zamanda Güney Amerika ölkələri arasında özünəməxsus yeri var, üstəlik də Güney Amerika Xalqları Birliyi, Xalqların And Birliyi, Sakit Okean Alyansı kimi təşkilatlarda söz sahibidir. Yəni Kolumbiya bizim düşündüyümüz qədər də önəmsiz bir ölkə deyil, əksinə, Güney Amerikada söz sahibi sayıla biləcək ölkələr sırasındadır. Bu baxımdan həmin ölkənin Xocalı soyqırımını tanıması ona qonşu və yaxın olan ölkələrə də təsir göstərə bilər».
Strasburq Universitetinin doktoru Vazeh Əsgərov vurğuladı ki, bu qərar Azərbaycan dövlətinin və diasporunun uzun illər boyu ədalətin bərqərar olması yolunda apardıqları işin nəticəsidir. Onun sözlərinə görə, 1992-ci il fervalın 26-da Azərbaycan xalqına qarşı törədilən Xocalı soyqırımı ölkəmizin tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub: «Bu 20 ildə Xocalı qaçqınlarının simasında özünü azərbaycanlı sayan bütün soydaşlarımız bu haqsızlığın tanınması istiqamətində fəaliyyət göstərmiş və BMT, Avropa İttifaqı və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatlarına müraciətlər ünvanlamış, erməni hərbi təcavüzü nəticəsində başımıza gələn bəlaya laqeyd qalmamaqlarını dilə gətirmişlər. Onu da qeyd edim ki, beynəlxalq konvensiyalar və ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir və Azərbaycan BMT-nin 1948-ci il 9 dekabr tarixli «Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında» konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir».
O, həmçinin əlavə etdi ki, iyulunun 30-da Kolumbiya Respublikası Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər və Milli Müdafiə Məsələləri Üzrə 2-ci Komitəsinin qərarı təqdirəlayiqdir: «Qeyd edək ki, Kolumbiya parlamenti 24 aprel 2012 ildə Xocalı soyqırımını rəsmən tanımış digər 6 respublika sırasındadır. Sözügedən sənəd Ermənistan tərəfindən Dağlıq Qarabağ regionunu və onun ətrafındakı yeddi rayonun işğal olunmasını, Azərbaycan əhalisinə qarşı törədilmiş cinayətlər, o cümlədən dinc əhalinin öldürülməsi və əlil edilməsi, soyqırım aktı və tərəflər arasında bərqərar edilmiş atəşkəs rejimin pozulması qətiyyətlə pisləyir və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə barədə faktları diqqətə çatdırır. Əminəm ki, yaxın gələcəkdə Azərbaycan həqiqətlərinin, haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında görülən işlər daha da geniş vüsət alacaq, bu səpkidə veriləcək qərarlar öz torpaqlarını itirmiş on minlərlə soydaşımızın yenidən öz yurdlarına dönməyinə yol açacaq».
Siyasi şərhçi Elçin Xalidbəyli isə diqqətə çatdırdı ki, bu, ölkəmiz üçün olduqca əhəmiyyətli bir hadisədir: «Çünki həmin qərar eynilə Azərbaycanın maraqlarına, mövqeyinə uyğun gəlir. Ən əsasısa bu qərar beynəlxaıq hüquq normalarını da özündə tamamilə əks etdirir. Təbii ki, hər hansı xarici ölkədə belə bir qərarın qəbul edilməsi Azərbaycanın xarici siyasət idarəsinin aktivinə yazılmalıdır. Çünki belə sənədlər təsadüfən qəbul edilmir. Şübhəsiz ki, bu tipli qərarların qəbulu üçün Dağlıq Qarabağ münaqişəni xarici dövlətlərin rəsmi dairələrinə fundamental şəkildə izah etmək, problemin mahiyyətini incəliklərinə qədər açmaq lazımdır. Deməli, Azərbaycanın lobbiçilik fəaliyyəti bu önəmli işin öhdəsindən gəlinməsi üçün yetərli olub. Və Kolumbiya parlamentində qəbul edilmiş bu qərarı Azərbaycan diplomatiyasının uğuru hesab etmək mümkündür. Heç şübhəsiz ki, bu cür qərarlar Xocalı soyqırımının bütün dünyada tanıdılması prosesinə böyük töhfələr verə bilər. Çünki Kolumbiya Dağlıq Qarabağ münaqişəsində maraqlı tərəflərdən deyil, üstəlik, Cənubi Qafqaz regionuyla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Ancaq bu dövlətin qəbul etdiyi Xacalı qərarı bütün dünyaya kimi haqlı, kimin haqsız olduğunu birmənalı şəkildə göstərir. Digər dövlətlər üçün də örnək rolunu oynayır. Üstəlik, qondarma «erməni soyqırımı»nı tanımış bəzi dövlətləri də çətin vəziyyətə salır. Yəni əslində əsl təcavüzkarın və soyqırım törədənin, işğalçının məhz ermənilər olduğunu göstərir. Bu baxımdan, belə qərarların erməni diasporinin qondarma «erməni soyqırımı» ilə bağlı sərsəmləmələrin təbliği prosesini də əhəmiyyətdən salır. Xatırladaq ki, Xacalı soyqırımını indiyə qədər Kolumbiyadan başqa, Pakistan, Meksika və ABŞ-ın bir sıra ştatlarının parlamentlərində tanıyıblar. Və bu, güclü erməni diasporu qarşısında qazanılmış kifayət qədər ciddi uğurlardandır. Bu baxımdan, hesab etmək olar ki, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesi bundan sonra da uğurla davam etdiriləcək. Və Kolumbiya parlamentində qəbul edilmiş qərar da Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə, eləcə də Xocalı soyqırımının daha çox xarici dövlət tərəfindən tanınmasına stimul verəcək».
«Olaylar» İnformasiya Agentliyinin siyasi şərhçisi Elman Cəfərli dedi ki, Kolumbiya senatının çıxardığı Azərbaycan ərazilərinin işğalı ilə bağlı qərar təqdirəlayiqdir. Onun sözlərinə görə, qərarda əlavədə Azərbaycana qarşı təcavüzkar siyasətin tarixi haqqında məlumat verilib, Azərbaycanın mövqeyi əks olunub, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı digər 7 rayonun Ermənistan tərəfindən təcavüzə məruz qaldığı və indi qədər Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanması əks olunub: «Bundan öncə Meksika parlamenti də analoji qərar çıxarmışdı. Xocalı soyqırımına dair Azərbaycanın xeyrinə qərarlar Serbiya və ABŞ-ın Arkanzas ştatının qanunverici orqanlarında da çıxarılıb. Bütün bunlar Azərbaycan dövlətinin Qarabağ diplomatiyasının uğuru kimi qiymətləndirilməlidir. Dünya azərbaycanlılarının qurultayında Azərbaycan prezidenti İlham Əliyev «müdafiədən hücum diplomatiyasına keçməliyik» bəyanatını vermişdi. Bu bəyanatdan sonra ölkənin xarici siyasət idarəsi və diaspora təşkilatlarımız fəallığı artırırdı. Artıq nəticə və uğurlarımız var. Hesab edirəm ki, Kolumbiya parlamentinin bu qərarı «güclü və məğlubedilməz erməni diasporası» mifini bir daha dağıtdı. Azərbaycan iqtisadi və hərbi cəhətdən Xocalı soyqırımını törətmiş işğalçı Ermənistndan güclüdür. Xocalı soyqırımını tanıtma kampaniyasında qazandığımız nəticələr onu göstərir ki, yaxın zamanlarda diaspora və lobbiçilik sahəsində də üstünlük bizim tərəfimizdə olacaq. Dünya ictimai rəyini tam olaraq öz xeyrimizə dəyişə biləcəyik.


Əli
http://www.xalqcebhesi.az/?p=126937

Aucun commentaire: