Nombre total de pages vues

vendredi 24 janvier 2014


Təhsildə seçim problemi


imtahan

«Testlə universitetlərə qəbul ola bilməyən gənclərə şəraitin yaradılması daha düzgün olar»
Vüqar Zifəroğlu: «O zaman xaricə sırf ali məktəbə qəbul olmaması səbəbi ilə oxumağa üz tutan tələbələr burada təhsil alardılar»
Həsir Əhmədli: «Təhsil sistemi kökündən dəyişməlidir»
Vazeh Əsgərov: «İşləyib öz xərclərinin ödəməsi məsələsi əlbətdəki gənclərimizin daha çox xarici ölkələrə üz tutmaqları ilə müşahidə olunur»

Bu gün yüzlərlə gənc istər dövlət xətti, istərsə də öz təşəbbüsləri ilə xaricdə təhsil almağa çalışırlar.
Azərbaycan gənclərinin xarici ölkələrə, xüsusən də MDB respublikalarına ödənişli təhsil almaq üçün açın etməsinin səbəbi nədir? Testlə universitetlərə qəbul oluna bilməyən gənclərə öz vətənlərində ödənişli əsaslarla təhsil almalarına şərait yaratmaq daha doğru olmazdımı?
Bakı Dövlət Universitetinin müəllimi Vüqar Zifəroğlu «əlbəttə, şəraitin yaradılması daha düzgün olardı»,- deyə bildirib: «O zaman xaricə sırf ali məktəbə qəbul olmaması səbəbi ilə oxumağa üz tutan tələbələr burada təhsil alardılar. Amma o da var ki, bəzən abituriyentlər öz təhsillərini könüllü şəkildə xaricdə davam etmək istəyirlər. Bu da normal haldır. Xarici ölkələrdə təhsil alan gənclərimiz nə qədər çox olsa, nəticədə bundan cəmiyyətimiz xeyir götürər».
Bakı Dövlət Universitetinin müəllimi Nəsir Əhmədli vurğuladı ki, Azərbaycanın orta məktəblərində tədris istənilən səviyyədə deyil: «Maaş çox aşağı olduğundan müəllimlər dərsə can yandırmırlar. Valideynlərin çoxunun repetitor tutmaq imkanı yoxdur. Buna görə də savadsızlıq baş alıb gedir. Buna baxmayaraq, hamı ali təhsil diplomu almaq istəyir. Diplom oğlanlara əsgərlikdə 6 ay az xidmət etmək üçün, qızlara isə cehiz kimi lazımdır. Buna görə də test üsulu ilə Azərbaycann ali məktəblərinə qəbul oluna bilməyən gənclər MDB ölkələrinə üz tuturlar. Orada bəzi ali məktəblərə qəbul imtahansızdır. Testlə universitetlərə qəbul ola bilməyən gənclərə öz vətənlərində ödənişli əsaslarla təhsil almalarına şərait yaradılarsa, vəziyyət kütləvi olaraq pisləşər, rüşvət və savadsızlıq daha geniş miqyas alar. Təhsil sistemi kökündən dəyişməlidir».
Strasburq Universitetinin doktoru Vazeh Əsgərov isə diqqətə çatdırdı ki, XIX əsr insanının ali təhsil almaq arzusu çox əhəmiyyətli bir məsələyə çevrilməkdədir: «Azərbaycanda da bu tendensiya getdikcə artmaqdadır. Lakin qeyd etməliyəm ki, ali məktəblərə üz tutan tələbələrin bir qismi sadəcə diplom əldə etmək, digərləri isə tək diplom deyil, eləcə də savad əldə etməyi qarşılarına məqsəd qoyurlar. Məqsədyönlü surətdə təhsil almağı düşünən tələbə öz universitet, ixtisas seçimini və eləcə də gələcəkdə hansı peşə seçim etmək perspektivlərini əvvəlcədən nəzərdən keçirir. Bu qrupa daxil olan insanlar eyni zamanda öz təhsillərini xarici ölkələrdə də davam etdirmək arzusunda olurlar. Qeyd etmək yerinə düşər ki, 5-7 il bundan öncəyə qədər Azərbaycandakı bazar qiymətləri eləcə də həyat səviyyəsi Avropa və digər qərb ölkələrindən kifayət qədər fərqlənirdi. Bu günün Azərbaycan tələbəsi aylıq xərclərini və ödənişli oxuduğu ali məktəbin qiymətlərini nəzərdən keçirəndə bir o qədər də fərq olmadığının şahidi olur və təhsil üçün bir başa xarici universitetlərə üz tuturlar. Məsələn Fransa və Almaniyada dövlət universitetlərində təhsil bəzi adminstrativ xərcləri (təx. illik 350-500 avro) çıxmaq şərti ilə pulsuzdur. Tələbənin yalnız aylıq yataqxana və yemək xərclərini (təx. bir ay üçün minimum 650 avro) hesablayanda təhsilinı Avropa ölkələrində almaq arzusunun nə dərəcədə real olması üzə çıxır. Və ən nəhayət əksər Avropa ölkələrində universitetə daxil olmaq üçün əlavə imtahan vermək də tələb olunmur. Tələbələrin bir çox üstünlüklərinin, məsələn, dərs qrafiklərinin seçimində nisbi azadlıqlarının olması və eləcə də işləyib öz xərclərini ödəmək imkanlarının olması gənclərimizin daha çox xarici ölkələrə üz tutmaqları ilə müşahidə olunur».
Keçmiş təhsil naziri Firudin Cəlilov isə  hesab edir ki, təhsil ümumiyyətlə pulsuz olmalıdır: «Hazırda Azərbaycan dövlətinin maliyyə imkanları heç də başqa ölkələrdən geri qalmır. Rəsmi statistik məlumatlar da göstərir ki, ölkəmizin iqtisadi qüdrəti gündən-günə genişlənir. Sözsüz ki, belə bir şəraitdə Azərbaycanın ali təhsil müəssisələrində də təhsilin pulsuz olması mümkündür».
Firudin Cəlilov onu da vurğulayır ki, bu addım ölkədə daha çox gəncin ali təhsil almasına imkan yarada bilər: «Düzdür, bizdə icbari təhsil pulsuzdur və bu təhsil pilləsində dövlət bütün xərcləri öz üzərinə götürüb. Çünki bütövlükdə təhsil pulsuz ola bilməz. Burada əsas məsələ göstərilən xidmətin müqabilində yaranan xərcləri hansı tərəfin ödəyəcəyidir. Məlumdur ki, son illər ali məktəblərə qəbul planında ödənişli ixtisasların sayı ödənişsiz ixtisasların sayını üstələyir. Eyni zamanda, ödənişli ixtisaslarda təhsil haqqının məbləğində sürətli artım müşahidə edilir. Bu tendensiya isə həm valideynləri, həm də abituriyentləri çətin duruma salıb. Çünki övladı ödənişli əsaslarla ali məktəbə daxil olan bəzi valideynlər təhsil haqqı yüksək olduğundan öz uşaqlarını ali məktəbə göndərə bilmirlər. Bu da nəticə etibarilə aztəminatlı ailələrdən olan gənclərin təhsil hüququnun pozulması ilə nəticələnir». Keçmiş təhsil naziri həmçinin bildirir ki, son illər təhsil sahəsində əhəmiyyətli qanunların qüvvəyə minməsinə baxmayaraq bəzən bu qanunlar sənəd üzərində qalır: «Məsələn, Azərbaycanda müvafiq dövlət proqramına əsasən, gənclərimizin nüfuzlu xarici universitetlərdə təhsil alması üçün şərait yaradılıb. Bu özlüyündə gözəl bir təşəbbüsdür və dövlət istedadlı gənclərin təhsil xərclərini üzərinə götürməklə insan kapitalına yatırım etməyə çalışır. Amma bu ölkəyə daxil olan vəsaitlərin müqabilində çox kiçik addımdır. Biz dünya ölkələri ilə ayaqlaşmaq istəyiriksə insan kapitalına investisiyanı artırmalıyıq».
Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev də hesab edir ki, Azərbaycanda belə bir təcrübənin tətbiqi xüsusilə aztəminatlı ailələrdən olan gənclərin təhsil almaq imkanlarını genişləndirə bilər: «Azərbaycanda ödənişsiz təhsilin ilbəil azaldılması xüsusilə 300-dən aşağı bal toplayan gənclərin pulsuz təhsil almaq imkanını məhdudlaşdırır. Çünki ödənişsiz ixtisaslarda təhsil almaq istəyənlər minimum 300 bal toplamalıdırlar. Əks təqdirdə, onlar yalnız ödənişli ixtisaslarda oxuya bilərlər. Pullu ixtisaslarda təhsil almağa isə hər bir gəncin imkanı çatmır. Bəzən maddi imkansızlıq onları qəbul olduqları ixtisaslardan imtina etməyə gətirib çıxarır. Nəticədə 200 balla hansısa imkanlı şəxsin uşağı ali təhsil ala bilir, amma 300 bal toplayan imkansız gənc təhsildən kənarda qalır. Bu baxımdan Türkiyə təcrübəsinin Azərbaycanda tətbiqi belə gənclər üçün geniş imkanlar aça bilər». Türkiyə təcrübəsinin Azərbaycanda tətbiq ediləcəyi təqdirdə, ali məktəblərin maliyyələşməsi məsələsinə toxunan mütəxəssis bildirir ki, bu məsələdə dövlətlə bərabər universitetlər eyni yükü daşımalıdır: «Sözsüz ki, hökumət həm dövlət, həm də özəl ali məktəblərə müəyyən maddi dəstək verməlidir. Amma universitetlər özləri də maliyyə resurslarının tapılmasında maraqlı olmalıdırlar. Məsələn, Avropada fəaliyyət göstərən universitetlərin elm adamları müxtəlif beynəlxalq təhsil layihələrinə qatılmaqla böyük məbləğdə qrantlar udurlar. Müvafiq şərtlərə əsasən, həmin məbləğin 20 faizi müəllifə, 80 faizi isə çalışdığı ali məktəbə çatır. Yəni, təhsil pulsuz olsa da, ali məktəblər dövlətdən asılı olmur. Onlar qazandıqları maliyyə resursları hesabına büdcələrini formalaşdıra bilirlər. Düşünürəm ki, əgər bu təcrübədən Azərbaycanda da istifadə olunarsa, ali məktəblər heç bir maliyyə çətinliyi yaşaya bilməz. Bir sözlə, hökumət ümumxalq mənafeyi naminə bu addımı atmalıdır».

Əli 
http://www.xalqcebhesi.az/?p=135430

Aucun commentaire: