Nombre total de pages vues

mardi 19 avril 2011

"Hər hansı bir məqsədə çatmaq üçün milli birlik mütləqdir"



"Hər hansı bir məqsədə çatmaq üçün milli birlik mütləqdir"

Vazeh Əsgərov: "Fransızların digər avropalılardan fərqli olaraq Azərbaycan haqqında məlumatı azdır"

Fransada Azərbaycanlı Tələbələr Cəmiyyətinin prezidenti Vazeh Əsgərovun "Təzadlar" qəzetinə müsahibəsi

- Vazeh bəy, Fransada Azərbaycan diasporunun fəaliyyəti hiss olunurmu?
- ümumiyyətlə, diaspor fəaliyyət tarixində aktivlik və passivlik müsahidə edilməsi normal haldır. Rusiyanın 1920-ci ildə Azərbaycanı yenidən işğal etməsi tam yeni bir nəslin Avropaya, o cümlədən Fransaya axını ilə nəticələndi. Ayrı-ayrı dövrlərdə yenidən Azərbaycanın müstəqilliyə qovuşacağına inanan mühacirlər son nəfəslərinə qədər mübarizələrini davam etdirdilər. Keçən əsrin 60-cı illərindən etibarən mühacirətdə olan ikinci nəslin fəaliyyəti başqa formatda bir az passiv cərəyan etdi. 20 Yanvar faciəsi diasporun yenidən canlanması ilə nəticələndi. Bir çox təşkilatlar Azərbaycanda yaranan yeni ruhdan faydalanaraq fəaliyyətlərini əlaqəli şəkildə genişləndirdilər. Hal-hazırda diaspor işləri ilə əsasən Fransada təhsil alan, əmək fəaliyyəti ilə məşğul olan və digər azərbaycanlılar məşğul olur. Bu işə əslən azərbaycanlı olan fransızlar cəlb olunsalar, fəaliyyətimiz daha uzunmüddətli və effektli olar.
- Erməni diasporunun güclü olduğu Fransada diaspor fəaliyyəti göstərmək çətin deyil ki?
- Fransızların acıq şəkildə erməni diasporasını dəstəkləməsi bilavasitə burada yaşayan ermənilərin XX əsr boyu Fransaya olan inteqrasiyasından irəli gəlir. Ermənilər Fransada və eləcə də digər məskunlaşmış ölkələrdə illər boyu mübarizə aparmış və özlərinin siyasətlərini yeritməyə müvəffəq olmuşlar. Qeyri-rəsmi məlumatlara görə, fransada 70 minə yaxın azərbaycanlı yaşayır ki, onların da böyük hissəsini İrandan, Türkiyədən emiqrasiya etmiş həmvətənlər tutur. Son 15 ildə Fransada məskunlaşan, ticarət əlaqələri quran, eləcə də təhsil almağa gələn soydaşlarımızın sayı artmaqdadır. Zənnimcə, fransız ictimaiyyətində vətənimizə qarşı müsbət rəyi yalnız təşkilatlanmaqla, eləcə də bu dildə olan nəsrlərin azlığını nəzərə alaraq bülletenlər, jurnallar, qəzetlər, kitablar dərc etməklə və ən effektlisi, müxtəlif səpkidə internet resurslarının yaradılması ilə yiyələnmək olar.
- ümumiyyətlə, bu gün Fransa cəmiyyəti, ictimai qurumları, strateji mərkəzləri Azərbaycan haqqında təsəvvürlərə malikdirmi? Azərbaycan adı gələndə ilk olaraq hansı təsəvvürlər yaranır?
- ümumilikdə götürsək, fransızların digər avropalılardan fərqli olaraq Azərbaycan haqqında məlumatı azdır. Bu da Azərbaycanın uzun illər boyu sovetlər birliyində olması və öz müstəqil siyasətini yürütməməsi ilə bağlıdır. Lakin son illər ərzində təşkilati fəaliyyət nəticəsində ölkəmizə qarşı olan marağın sürətlə artmasının şahidi oluruq. Əlbəttə, bu, bizi sevindirir və stimul verir. Fransa və Azərbaycan arasındakı ticarət əlaqələrinin 1708-ci ildə Səfəvi dövləti ilə imzalanmasını nəzərə alsaq görərik ki, dövlətimizə qarşı olan münasibəti qədimdir. İlk diplomatik əlaqələrimiz isə 1919-cü ildə ADR tərəfindən Fransaya Versal sülh konfransında iştirak üçün göndərilmiş nümayəndə heyəti arasında olmuşdur. Lakin bu əlaqələr ölkəmiz yenidən müstəqilliyini əldə etdikdən sonra da qurulmağa başlamışdır. Onu da qeyd edim ki, müstəqilliyimizi tanıyan ilk ölkələrdən biri məhz Fransa olmuşdur.
- Hazırda Fransada nə qədər Azərbaycan cəmiyyətləri fəaliyyət göstərir və onlar arasında koordinasiya vəziyyəti hansı səviyyədədir?
- Fransada fəaliyyət göstərən digər Azərbaycan cəmiyyətləri ilə birgə tədbirlərdə fəaliyyətimiz mövcuddur. Bu məqsədlə 2004-cü ildə bütün Fransada təhsil alan tələbələri bir qurumda birləşdirmək məqsədilə virtual səhifə də yaradılmışdır. Lakin fəaliyyətdə olan cəmiyyətlərlə koordinasiya yaradılması və inkişaf etdirilməsi vacibdir.
- Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının bir mərkəzdən idarə olunması mümkündürmü? Ən azından koordinasiya şəklində fəaliyyət göstərsinlər. çünki diaspor qurumlarımızın fəaliyyətində sistemsizlik özünü açıq şəkildə göstərir...
- Hər hansı bir məqsədə çatmaq üçün birlik mütləqdir. Zənnimcə, hər bir təşkilatın, yerləşdiyi ölkədən asılı olaraq, öz dəst-xəttini saxlamaq şərtilə sistem şəklində mübarizə aparması vacibdir. İxtiyarımızdakı internet xidmətlərinin faydasına varsaq, bu məqsədə daha tez çatmış olarıq.
- Bu günlərdə Almaniyada Dünya Azərbaycanlı Gənclərin I Konqresi keçirildi. Belə bir tədbirin keçirilməsi diaspor qurumları arasında vahid koordinasiya əlaqələrin güclənməsinə səbəb olacaqmı?
- Azərbaycan uğrunda atılan hər bir addım alqışa layiqdir. Məqsədə çatmaq üçün isə güclü iradə, sağlam rəqabət və ən əsası, düzgün siyasət aparmaq tələb olunur.

Elnur Eltürk,
"Təzadlar" qəzetinin xüsusi müxbiri

Aucun commentaire: