Nombre total de pages vues

jeudi 28 septembre 2023

 

ADNSU-da 4-cü Sənaye İnqilabının tələblərinə uyğun olaraq yeni ixtisaslar tədris edilir.



Bakı, 15 sentyabr, AZƏRTAC


Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və onun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) 2023-2024-cü tədris ilinə böyük uğurlarla başlayır. Həmin ali məktəblərdə həyata keçirilən müxtəlif tədbirlər, layihə və proqramlar təhsilimizə böyük töhfələr verir. Bu barədə AZƏRTAC-a müsahibəsində ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov ətraflı məlumat verib. V.Əskərov deyib: “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin strateji inkişaf planının ana xəttini müasir tələblərə uyğun yüksəkixtisaslı mühəndislərin və elmi kadrların yetişdirilməsi təşkil edir və ali məktəbə tələbə qəbulu zamanı bu amillər nəzərə alınır. Eyni zamanda, ixtisaslar üzrə plan yerləri düzgün paylanılıb. Belə ki, bu il universitetə bakalavriat pilləsi üzrə 3605 plan yeri təklif olunmuşdu. Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsində ADNSU-ya qəbul olan tələbələrin sayı 3405 nəfər (94,45 faiz) təşkil etdi. Boş qalmış yerlərin əksəriyyəti ikinci mərhələdə doldu.

Bakalavriat pilləsində olduğu kimi, son illər ADNSU-nun magistr səviyyəsində də təhsil alan tələbələrin sayı artır. 2023-2024-cü tədris ilində ADNSU-nun magistratura səviyyəsinə 1472 nəfər qəbul olub ki, bu da ümumi plan yerinin 90,03 faizini təşkil edir. Ümumilikdə plan yeri 1635 təklif olunmuşdu, amma plan yeri tam dolmasa da, nəticəni müsbət qiymətləndirmək olar. Qeyd edək ki, bu il ADNSU-ya ikinci ali təhsil üzrə 550 nəfər qəbul olub və onlar 13 ixtisas üzrə təhsil alacaqlar. Universitetdə hazırda 245 doktorant təhsil alır.


Bütün səviyyələr üzrə ADNSU və onun nəzdində fəaliyyət göstərən UFAZ-da, eləcə də ixtisasartırma üzrə qəbul olanların ümumi sayı 5600-dən artıqdır. Bu, kifayət qədər böyük rəqəmdir və ADNSU-nun tarixində rekord göstəricidir.


ADNSU-da 7 fakültə, 30 ixtisas üzrə təhsil aparılır. 18 ixtisas beynəlxalq akkreditasiyadan keçib. Yeni tədris ilinə hazırlıq yüksək səviyyədədir. Universitetdə 4-cü Sənaye İnqilabının tələblərinə uyğun olaraq mütəmadi olaraq yeni ixtisas və ixtisaslaşmaların tədrisi həyata keçirilir. ADNSU-da süni intellekt, mobil tətbiqlər kimi ən yeni ixtisaslaşmalar üzrə magistratura səviyyəsində təhsil verməyə başlanılıb. Yeni tədris ilindən isə ADNSU-da layihə menecmenti və SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) fənləri də tədris olunacaq.


ADNSU beynəlxalq əlaqələrə önəm verən təhsil ocağıdır. Bu gün universitetin 25-dən çox ölkənin 75 universiteti ilə birbaşa tərəfdaşlıq əlaqələri mövcuddur. ABŞ-ın Corciya Dövlət Universiteti ilə əməkdaşlıq nəticəsində ADNSU-da Biznesin idarəedilməsi üzrə magistr (MBA) proqramı yaradılıb. MBA kurikulumu Corciya Universiteti ilə birgə hazırlanır və hər il yenilənir. Almaniyanın Siegen Universiteti ilə sıx əməkdaşlıq nəticəsində ADNSU-da biznesin idarə edilməsi ixtisasları təşkil olunub. Universitet Erasmus+ Beynəlxalq Krediti çərçivəsində Leicester Universiteti və Keele Universiteti (Birləşmiş Krallıq), Orta Doğu Texniki Universiteti və İstanbul Kültür Universiteti (Türkiyə), Strasburq Universiteti və Renn 1 Universiteti (Fransa) də daxil olmaqla bir sıra ali təhsil müəssisələri ilə tələbə mübadiləsi aparır.

Bu il ADNSU və Vorvik Universitetinin, “Warwick Manufacturing Group”un (WMG) Bərpa Olunan Enerji mənbələri sahəsində “Master of Science” (təbiət elmləri üzrə) ikili diplom proqramına start verilib. Proqrama uyğun olaraq WMG tərəfindən həyata keçirilən səkkiz modul və layihə nəticəsində Vorvik Universitetinin magistr dərəcəsini və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təqdim etdiyi altı modul ilə ADNSU-nun magistr dərəcəsini qazanmaq üçün əhatəli tədris planı nəzərdə tutulub. Sözügedən proqram çərçivəsində tədrisə cəlb edilən dünya səviyyəli professor-müəllim heyəti tələbələrin sürətlə inkişaf edən sektorda rəqabət üstünlüyü qazanmaları, həmçinin ölkəmizin təmiz enerjiyə keçidində açar rol oynamaları üçün lazım olan bilik və bacarıqlara yiyələnmələrini təmin edəcək. Qeyd etmək lazımdır ki, Vorvik Universiteti 2023-cü ilin QS reytinqinə əsasən hazırda dünyada 64-cü yerdədir.


Bu il ADNSU ilə ikili diplom proqramı layihəsi çərçivəsində Vorvik Universitetinə 31 nəfər qəbul olunub. Həmin gənclər 2023-2024-cü tədris ilində universitetdə magistratura pilləsində təhsil alacaqlar.


Universitetin beynəlmilləşməsində və əcnəbi tələbələrin cəlb edilməsində ali təhsil müəssisəsi reytinq siyasətinə diqqət yetirir. QS reytinqinə gəldikdə ilk dəfə olaraq ADNSU QS-in qlobal reytinqində 1200+ yerdə qərarlaşıb. ADNSU QS reytinqində cari il məşğulluq göstəricisinə görə də fərqlənib - dünyada 271-ci, Azərbaycanda I yeri tutub. Universitetin dünya reytinqində irəliləməsində alimlərimizin elmi nailiyyətləri, məqalələri mühüm əhəmiyyət kəsb edir. Təkcə son bir ildə ADNSU əməkdaşlarının “Scopus” və “Web of Science”də 350 elmi məqaləsi dərc olunub. Tədris imkanlarının genişlənməsi, yeni laboratoriyaların açılması, beynəlxalq akkreditasiyadan keçən ixtisasların sayının artması ilə universitetin beynəlxalq reytinq cədvəllərində daha yüksək pillələr tutacağına inanırıq.


UFAZ məzunları ADNSU ilə yanaşı Fransanın Strasburq universitetinin, neft və qaz mühəndisliyi ixtisası üzrə isə Renn 1 universitetinin diplomlarını alırlar. Bu günə kimi 600-dən çox məzunumuz olub.

Bu il UFAZ-da bakalavr üzrə təhsil tamamilə dövlət sifarişli olub və plan üzrə təklif olunan 160 yer tam dolub. UFAZ-ın son illər gənc qızların mühəndislik ixtisaslarına sahib olması istiqamətində apardığı fəaliyyəti nəticəsində bu il bakalavr pilləsinə UFAZ-a 70 qız qəbul olub. Bu, birinci kursların 44 faizi deməkdir. Kimya mühəndisliyi ixtisasında qızların sayı 60 faizdən yuxarıdır.

UFAZ tələbələri Fransada keçirilən Beynəlxalq “Act in Space” hakatonunda 35 ölkə arasında qalib olub. Tələbələrin təyyarə emissiyalarının azaldılması sahəsində təklif etdikləri innovativ layihə Avropa İttifaqı Kosmik Proqramlar Agentliyinin (EUSPA) xüsusi mükafatına layiq görülüb. Onlar avqust ayında Fransanın Bordo şəhərində qravitasiyasız uçuşda iştirak ediblər və hazırda özlərinin “Nexus” adlı startapını yaradıblar.

UFAZ-da bu ildən təşkil olunan İnnovasiya mərkəzi tələbə startaplarının yaradılmasına dəstək olacaq. Artıq bu istiqamətdə konkret addımlar atılıb.

Aucun commentaire: