Prometey hərəkatı
Xaricdə
dərc olunmuş əsərlərdən danışanda Azərbaycanlı mühacirlərin də fəal olduğu “Prometey
hərəkatı”ndan danışmamaq olmaz. 1926-1938-ci illər arasında Parisdə fransız
dilində dərc olunan jurnal öz dövrünün siyasi həyatında kifayət qədər aktivlik
nümayiş etdirmiş və hadisələrin cərəyan etməsində müəyyən rola sahib olmuşdur.
Bəs bu prometeyçilər kimlər idi? Əsasən keçən əsrin 20-30-cu illərində sovet
rejiminə qarşı mübarizə aparan məzlum xalqlardan ibarət olan və öz vətəndaşlarının
milli azadlıqlarını təmin etmək və müstəqil respublikalar qurmaq arzusunda olan
keçmiş Çar Rusiyadan olan, lakin qeyri-ruslardan təşkil olunmuş insanlar “Prometey
hərəkatı” ətrafında cəmləşirdi. Elə bu səbəbdən idi ki, bu hərəkatda keçmiş ölkə
rəhbərləri, nazirlər və diplomatlar iştirak edirdi. Prometeyçilər əsasən türk
dövlətlərindən olan nümayəndələrdən təşkil olunsa da, onu bir türk təşkilatı
adlandırmaq düzgün olmazdı. Lakin hərəkatın Polşada fəaliyyət göstərməsi və
türklərin aktiv rolu bu iki dövlət siyasətinin də sovet rejiminə olan münasibətlərindən
qaynaqlanırdı.
Ümumi
baxanda Prometeyi üç ideya birləşdirir: millətlərin azadlığı, bütün hallarda
sovet rejimi ilə heç bir mümkün əlaqənin qurulmaması və digər qeyri-rusları bu
hərəkat ətrafında mübarizəyə cəlb etmək. Azərbaycalıların “Prometey hərəkatı”ndakı
rolu da az olmamışdı. Onlardan M.Rəsulzadəni, Mir Yaqub Mehdiyevi, M. B.Məmmədzadə,
Arif Kərim, M.Vəkilovu göstərmək olar[1]. “Prometey
hərəkatı”nın mətbu orqanı “Prometey” jurnalı olsa da, fəallar ayrı-ayrı
xalqların da jurnallarını dərc edir və fəaliyyət göstərməyə yardımçı olurdular.
Azərbaycanlıların Berlində dərc etdirdikləri “Qurtuluş” jurnalı da bu səpgidən
idi.
On
iki illik fəaliyyətdən sonra 1938-ci ildə 137-ci sayını dərc etdirən “Prometey”
fəaliyyətini dondurur. Sonrakı illərdə Polşanın (1939) və Parisin (1940)
almanlar tərəfindən işğalı reallaşır. II Dünya müharibəsindən və Soyuq müharibənin
başlaması, eləcə də bu tarixi çevrilişlərdə yaranmış yeni mühacir ordusu “Prometey
hərəkatı”nın tam bir başqa formatda davam etdirilməsi ilə nəticələnir. Soyuq
müharibənin digər əsas iştirakçısı olan ABŞ prometeyçilərə maraq göstərir və
1950-ci ildə Münhendə “Institute for
the Study of the URSS” (SSR-nin tədqiqatı institutu) yaradılır. İnstitut
22 illik fəaliyyəti dövründə bir çox jurnallar dərc etmişdi[2].
Aucun commentaire:
Enregistrer un commentaire