Nombre total de pages vues

vendredi 22 avril 2016


VAZEH ƏSKƏROV

Azərbaycan Dillər Universiteti
Tarix üzrə fəlsəfə doktoru


Açar sözlər: təhsil, distant təhsil, məsafədən təhsil, elektron təhsil, əlavə təhsil, davamlı təhsil
Key words: education, distance learning, e-learning, additional education, lifelong learning
Ключевые слова: образование, дистанционное обучение, электронное обучение, дополнительное образование, непрерывное обучение
Image result for distance learning

İstədiyiniz yerdə və zamanda öyrənin!
Müasir dövrdə tədrisin keyfiyyətini və effektivliyini artırmaq məqsədi ilə məsafədən təhsil proqramı özündə pedoqoji və texnoloji dinamikanı ehtiva edir. Bu təhsil proqramı vasitəsi ilə universitetlərdə müxtəlif təhsil sahələrinin daha da inkişaf etdirib çoxaldılması və təhsilin arealını təkcə ölkədaxili deyil, eləcə də beynəlxalq səviyyəyə qədər yüksəldilməsi mümkündür. Belə ki, distant təhsil sahəsi üzrə təhsil alan tələbələr eyni zamanda əmək fəaliyyəti ilə məşğuldurlarsa,  proqram üzrə istədikləri ixtisasları seçib təhsillərini davam etdirə bilər və təhsillərini başa vuraraq müxtəlif sahələrdə ixtisaslaşmış ola bilərlər. Məsafədən təhsil onlara karyeralarını davam etdirməyə və öz sahələrində daha da püxtələşməyə yol aça bilər. Lakin bu yenə də son deyil. Belə ki, distant və ya məsafədən təhsil eyni zamanda ömürboyu təhsil prosesinə də təkan verə bilər.
Distant və ya məsafədən təhsili vacib edən bir sıra səbəblər vardır: müxtəlif səbəbdən hərəkətləri məhdud olanlar (xəstə və əlil insanlar), peşə fəaliyyəti və ya ailə vəziyyəti ilə bağlı gün ərzində dərslərdə iştirak edə bilməyənlər, başqa dövlətdə yaşayan, lakin müvafiq universitet diplomunu əldə etmək istəyənlər, ucqar kənd, qəsəbə və ya rayonlarda yaşayan və dərslərdə mütəmadi iştirak edə bilməyənlər, eyni zamanda iki yerdə oxumaq istəyənlər.
Distant və məsafədən təhsil proqramı ilə tələbələr yüksək pedoqoji təhsili öz seçdikləri ritm ilə məsafədən almaq şansına malik olurlar. Bu təhsil forması ilə mütəxəssis hazırlığı üç pillədə  - bakalavr, magistratura və doktorantura üzrə təqdim oluna bilər. Distant təhsil proqramına uyğun olaraq təhsil üç formada aparılmaq üçün tələbələrə təqdim olunur;
Ənənəvi təhsil. Hər hansı universitet və ya dərs otağında təşkil olunur. Bu təhsil forması şagirdlərin məktəbi bitirənədək təklif olunan təhsil formasıdır. Təhsilalanlar həm birbaşa, həm də fasilələrlə dərslərdə iştirak etməklə istədikləri proqram üzrə təhsil alırlar. Ənənəvi təhsil alanlar üçün dərslərdə fiziki iştirak vacibdir.
Distant və ya məsafədən təhsil. Adından da göründüyü təklif olunan bu təhsilə texnologiyanın köməkliyi ilə yiyələnmək mümkündür. Təhsilalanlar yerdəyişmə etmədən istədikləri sahə üzrə müxtəlif dilləri, mühasibatlığı və hətta aşpazlığı belə öyrənə bilər. Distant təhsil proqramı sinxronasinxron olmaqla iki yerə ayrılır. Birinci halda dərslərin vaxtı təyin olunmuş zamanda həyata keçirilir. Bəlli bir zamanda bütün tələbələr internet vasitəsi ilə dərsi izləyir və sorğularda iştirak edilər. İkinci halda isə təhsilalanlar dərslərəi onlara uyğun olan vaxt və zamana görə internetdən istifadə edərək qoşulur və müvafiq dərsləri öz kompüterlərinə yükləyirlər.
Ənənəvi və distant təhsilin qarışığı. Sonuncu təklif olunan təhsil proqramı tələbələrin öz istəkləri ilə həyata keçirilir. Belə ki, təhsilalanlar öz təhsillərini istər məsafədən, istərsə də tədrisin təşkil edildiyi universitet və ya dərs otaqlarına gələrək davam edə bilirlər.
Distant və məsafədən təhsil proqramı 100% interaktiv təşkil olunur. Belə ki, tələbə universitetin bu təhsil forması üçün yaradılmış xüsusi internet portalında qeydiyyatdan keçir və öz səhifəsində seçdiyi ixtisas üzrə seçimini edir. Qeydiyyatın aparılması və əlavə olunacaq sənədlər tam şəkildə internet vasitəsi ilə həyata keçirilir. Qeydiyyatdan keçdikdən sonra tələbəyə xüsusi kod göndərilir ki, o universitetin distant təhsil proqramı üzrə yaradılmış səhifəsində öz platformasını, eləcə də təhsil alacağı ixtisas üzrə dərsləri haqqında şəxsi məlumatları əldə edə bilsin. Distant təhsilin təşkili ilə bağlı tələbəyə xüsusi hazırlanmış video yazı da göndərilir ki, bu da məsafədən təhsilin necə təşkil olunması ilə bağlı tələbədə yaranmış müxtəlif suallara cavab vermiş olsun.  Bundan əlavə sözügüdən portalda təhsil seçimi zamanı yaranmış sualları ünvanlamaq üçün mesaj göndərmək telefon bağlantısı yaratmaq üçün xüsusi proqramlar təklif olunur.
Distant və ya məsafədən təhsil eyni zamanda tələbəyə də azadlıq vermiş olur. Belə ki, tələbə öz ritminə və vaxtına uyğun olaraq təhsilini davam etdirir. Təhsil ev şəraitində, işdə, istirahət edən zaman, eləcə də təhsilalanın seçdiyi hər hansi digər məkanda təkcə internetə qoşulmaqla həyata keçirilə bilər. Bu təhsilin ən cəlbedici tərəflərindən biri də ənənəvi təhsil zamanı tələb olunan xərclərdən, misal üçün: kirayə ev, yol xərci, gündəlik xərclər və s. azad olmaqdır.
Metod və istiqamətlər.
İlk öncə insanlarda çoxlu suallar yaranır ki, internet vasitəsi ilə necə diplom almaq mümkündür. Müxtəlif suaallara cavab vermək üçün istifadə olunacaq metoddan danışmaq daha səmərəli olardı. Belə ki, internet vasitəsi ilə distant təhsili daha səmərəli təşkil etmək üçün mütəxəssislər dörd mərhələdən ibarət forma təklif edirlər : analiz, inkişaf, tətbiqetmə və qiymətləndirmə.
Birinci mərhələ məqsəd və ehtiyacların analizidir ki, bu, dərsin mahiyyətini və seçilmiş ixtisasın düz olduğunu bir daha araşdırır. Eyni zamanda, təqdim olunan təhsilin keyfiyyət göstəriciləri (pedaqoji yanaşma, təhsilin məqsədi və s.) də araşdırılır. İkinci mərhələdə tələbənin dərslərinin aparılmasıdır ki, burada tədrisin strategiyası təyin olunur və qiymətləndirmənin medotları, nəticənin kriteriyaları, qazanılmış bilik və bacarığın tətbiq edilməsi və inkişafı aiddir. Üçüncü mərhələ internet vasitəsi ilə təqdim olunan təhsilin tətbiq edilməsidir. Belə ki, təklif olunan təhsilə uyğun feedback-in olması nəzərdə tutulur. Dördüncü mərhələdə qiymətləndirmə və yenilənmə nəzərdə tutulur. Bu mərhələdə tələbələr pedagoji inkişafın, metodların tətbiq edilməsi və s. nəzərdə tutulur.
Dərslərin inkişaf prosesi aşağıdakı elementlərdə özünü göstərir :
a)    Tələbələrə təqdim olunacaq kifayət qədər sadələşdirilmiş təhsil planı ;
b)       İnternet bazasından əldə edilmiş təlim materialları;
c)        Tələbələrin bilik və bacarıqlarını artırması üçün əlavə dərs vəsaitləri;
d)       Təlimin istiqamətlərinə uyğun təşkil edilmiş qiymətləndirmə metodları.
Ənənəvi təhsildən fərqli olaraq distant təhsil zamanı tədrisin düzgün təşkil olunması və idarə edilməsi çox önəmlidir. Dərslər pedaqoji cəhətdən o qədər profesional hazırlanmalıdırlar ki, onların internet vasitəsi ilə birbaşa yayımlamaq və yenidən səhifədə yerləşdirmək mümkün olsun. Əlbəttə ki, distant təhsilin düzgün tədrisini təşkil etmək təkcə profesional müəllimlər deyil, eləcə də kompüter mühəndislərinin də üzərinə düşür. Distant təhsil proqramına uyğun olaraq internet səhifəsi hər zaman nəzarətdə saxlanmalı, eləcə də dərslərin düzgün və vaxtında yayımlanmasını təmin etməlidirlər. Müəllimlər də eyni zamanda dərsi daha interaktiv təşkil etməli və bunun üçün müxtəlif kompüter proqramlarından istifadə etmək üçün təlimatlandırılmalıdırlar. Ümumilikdə, distant təhsilin düzgün idarə olunması üçün analiz, qavrama, inkişaf, həyata keçirilmə və qiymətləndirmə əsas şərtlərdən sayılır.

ƏDƏBİYYAT
  1. BARBARANT Jean-Claude (réd.), Enseignement à distance : réalités, enjeux et perspectives, Conseil économique et social/Paris, 1997, 205 p.
  2. HARASIM Linda, HILTZ Starr Roxanne, TELES Lucio, TUROFF Murray, Learning networks: a field guide to teaching and learning online, MIT press/Cambridge/États-Unis, 1997, 329 p.
  3. LEMOINE Marie-Hélène, La formation à distance : dossier documentaire, CIEP, Service de documentation, 1999/02, dossier 154 p.
  4. PORTER Lynnette R., Creating the virtual classroom: distance learning with the Internet, John Wiley & Sons/New-York/États-Unis, 1997, 260 p.,

Summary
Distance learning and education program
This article deals with the importance and possibilities of distant learning. In the developing world the use of communicative and informative technology is one of the important ways of carrying the education out. By this mean the learners will get the educational materials whenever they want, not depending on their geographical place. This article is introduces to have a look on the process of distance education.

Резюме
Дистанционное обучение и программы дистанционного обучения

В данной статье речь идет о важности и возможностях дистанционного образования в современном мире использования информационных и коммуникационных технологий. С помощью этой формы обучения обучающиеся могут располагать нужными материалами в любое время независимо от географического месторасположения. Статья представляет собой обзор на дистанционное обучение.

VAZEH ASGAROV

Aucun commentaire: