“Fransadakı ermənilər əllərindən gələni etdi”
Avropa Birliyi məsələləri üzrə ekspert Vazeh Əsgərovun Axar.az-a müsahibəsi:
- Vazeh bəy, Fransa dövlətinin son Qarabağ hadisələrində mövqeyini necə qiymətləndirirsiniz?
- Münaqişənin sülh yolu ilə tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk Qrupuna daxil olan üç dövlətdən biri kimi Fransa da münaqişənin ilk günlərindən atəşkəsin yenidən bərqərar olunmasına səsləndi. Müharibənin ikinci günü, aprel ayının 2-də Fransa Prezidenti Fransua Olland tərəfləri “maksimum təmkinli və dərhal, ümumi, davamlı atəşkəsə hörmət” etməyə çağırdı. Fransa prezidenti 2014-cü il oktyabr ayında iki ölkə, Azərbaycan və Ermənistan prezidentləri ilə Parisdə əldə etdikləri “münaqişnin ən qısa zamanda sülh yolu ilə həll etmək üçün götürdükləri öhdəliklərin” vacibliyini vurğuladı.
5 aprel 2016-cı il saat 12-dən etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatların dayandırılmasını Fransa höküməti də alqışladı və tərəflərin buna ciddi əməl edəcəyinə səsləndi. Münaqişənin dinc yolla beynəlxalq hüquq müstəvisində həmsədr ölkələrin Minsk Qrupunun vasitəçiliyi ilə həll edilməsinin vacibliyi bir daha vurğulandı. Fransanın Xarici İşlər naziri Jan-Mark Ayro çıxışında bu məsələyə toxunaraq həm hərbi gücün istifadə edilməsinin həmçinin, status-kvonun bu cür saxlanılmasının yolverilməz olduğunu dilə gətirdi.
- Fransa mediasının məsələyə yanaşması sizi qane etdimi?
- Qarabağda münaqişənin alovlanması Fransanın aparıcı kütləvi informasiya vasitələrində də geniş müzakirə olunmağa başladı. Qeyd etməliyik ki, Fransadakı erməni diasporu dezinformasiyaların yayılması ilə bağlı əllərindən gələni etdilər. Lakin Fransadakı Azərbaycan diasporu xüsusən də Azərbaycan Respublikasının Fransadakı səfirliyi, başda səfir Elçin Əmirbəyov olmaqla Fransa ictimaiyyətində Qarabağ həqiqətlərinin çatdırılması üçün böyük səylərini ortaya qoydular. Bununla bağlı səfir E. Əmirbəyovun “Frans 24” telekanalına iki dəfə dəvət olunması və yaranmış münaqişə haqqında fikir bildirməsi çox önəmli bir hadisəyə çevrildi. Azərbaycanın Fransadakı səfiri Xarici İşlər və Müdafiə Nazirliklərinin bəyanatlarını və Azərbaycanın rəsmi mövqeyini təfərrüatı ilə nümayiş etdirdi. Qeyd etməliyəm ki, Ermənistanın Fransadakı səfiri bu müsahibələrə dəvət olunsa da onların heç birində iştirak etmədi. Əvəzində ikinci dəvətdə Fransa erməni təşkilatları koordinasiya şurasının həmsədri Murad Papazyan debata gəlmişdi.
Hal-hazırda danışıqlar ərəfəsində Fransa Senatının bir neçə nümayəndəsi danışıqlar prosesinə qondarma Dağlıq Qarabağ Respublikasının da iştirak etməsinin vacibliyini ortaya qoyub. Belə ki, “Valeurs actuelles” və “Le Monde”qəzetlərinin ayın 7-də dərc etdikləri məqalədə deputatların beynəlxalq ictimaiyyətə bu regionun müstəqilliyini tanımaq üçün etdikləri müraciətin şahidi oluruq.
Fransa-Qarabağ dostluq cəmiyyətinin prezidenti deputat Fransua Roşebluan ATƏT-in Minsk Qrupuna topladığı 27 imza ilə müraciət edərək “...danışıqların daha effektiv olması üçün Dağlıq Qarabağ Respublikasının da rəhbərliyinin danışıqlar masasına dəvət olunmasının vacibliyini vurğulayır”. F.Roşebluan və deputat həmkarları eyni zamanda iddia edirlər ki, “...qarabağlılar üçün Respublikanın müstəqilliyi heç bir zaman məqsəd yox həmişə bir vasitə olub. Bu vasitə sülh və təhlükəsizlikdə yaşamağı təmin etmək, demokratik, öz xalqının mənafeyi üçün çalışan, bütün dünyaya açıq olan bir dövlətin qurulması üçün bir vasitəsi.
Bundan hiddətlənən bir qrup Fransa siyasətçiləri Dağlıq Qarabağ problemi ilə bağlı beynəlxalq hüquqa hörmətin vacibliyini nəzərə alaraq yenidən Fransa Prezidenti Fransua Ollanda kollektiv müraciət ünvanlayıblar. Nüfuzlu “Fiqaro” qəzetinin 18 aprel dərcində Fransa Senatının 10 üzvünün bu müraciəti dərc olunub və prezident Ollandı ATƏT-in Minsk Qrupunun üzvü kimi münaqişəyə beynəlxalq hüquq normalarından çıxış edərək münasibət göstərməsi dilə gətirilib.
- 4 günlük müharibə Azərbaycanın beynəlxalq arenada nüfuzuna nə kimi təsir göstərdi?
- Son illər Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu ötən illərə nisbətən çox artıb. Bu illər ərzində Azərbaycanın dünyəvi və sülhsevər ölkə kimi təqdim olunması, eləcə də qazanılmış diplomatik uğurlar ölkəmiz haqqında real təsəvvür yarada bilib. Aprel ayının 2-5-də Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində işğalçı Ermənistan ordusunun mövqelərinə sarsıdıcı zərbə endirməsi ölkəmizin beynəlxalq arenada yerini və tutduğu mövqeyi bir daha göstərmiş oldu. Son 20 ildə danışıqlar prosesinin uzanması və bəlli status çərçivəsindən çıxmaması nəticəsində pozulmuş son atəşkəs Azərbaycanın danışıqlar prosesində hansı səviyyəyə yüksəldiyinin və üstün tərəf kimi qiymətləndirilməsinin şahidi oluruq. Düşünürəm ki, beynəlxaq ictimaiyyət artıq Azərbaycan reallıqlarını daha yaxşı anlayır və ona daha düzgün mövqe bildirərək öz səmimi münasibətlərini göstərməkdədir.
Tarix
21 Aprel 2016 / 17:18
|
Müəllif
Elnur Eltürk
|
http://axar.az/news/91274
Aucun commentaire:
Enregistrer un commentaire