Nombre total de pages vues

mardi 3 juin 2025

 

Azərbaycanın zəngin tarixi və etnik müxtəlifliyi: mədəniyyət və çoxmədəniyyətli cəmiyyət

Dr. Vazeh Əskərov
Strasburq Universitetinin doktoru

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) prorektoru

Email: vazeh.askarov@asoiu.edu.az


Acar sözlər: azərbaycan tarixi, azərbaycan almanları, rusları, erməniləri, deportasiya, mühacitət, multikulturalizm, milli azlıqlar, Azərbaycana köç etmə, diaspora, miqrasiya  

Giriş

Azərbaycanın zəngin və çoxşaxəli tarixi, onun müasir coğrafiyasını və mədəniyyətini formalaşdıran əsas amillərdən biridir. Tarix boyunca bu torpaqlar müxtəlif xalqlar və mədəniyyətlərin vətəni olmuş və yeni multikultural dəyərələr formalaşdırmışdır. Coğrafi cəhətdən qədim İpək Yolu üzərində yerləşməsi əsrlər boyu ticarət və mədəniyyət mübadiləsinin mərkəzində olmuş, çoxmillətli və çoxmədəniyyətli bir cəmiyyətə çevrilmişdir. Bu məqalədə, Azərbaycanın çoxmillətli keçmişinə və zamanla burada yerləşmiş müxtəlif xalqların tarixi roluna nəzər salacaq, onların həyat tərzi və Azərbaycanın milli sərvətinə verdikləri töhfələri araşdıracağıq.

Eyni zamanda ölkəmizin Rusiya, İran və Türkiyə kimi güclü qonşular ilə sərhədlərinin olması və zamanla öz aralarında yaranmış münaqişə və müharibələrin olması Azərbaycan ərazilərində də döyüş meydanlarının yaranmasına yol açırdı. XIX əsrin birinci yarısı Rusiya imperiyası Rusiya-İran və Rusiya-Osmanlı müharibələri nəticəsində Şimali Azərbaycanı və Gürcüstanı işğal edir. Azərbaycan xanlıqları və Gürcüstan krallığı ləğv edilir və Qafqazdakı Rusiya ərazilərinə daxil edilir. 1828-ci ildə Naxcivan xanlığının və qədim İrəvan şəhəri ərazisində erməni vilayəti yaradılır. Türkmənçay müqaviləsindən sonra Şimali Azərbaycanın işğalı başa çatır və öz müstəmləkələrini inkişaf etdirməkdə böyük təcrübəyə malik çar Rusiyası bunu Azərbaycanda həyata keçirmək üçün rus əhalisinin yeni sərhədlərə köçürülməsi proqramlarını hazırlamağa başlayır.

 

Azərbaycanın çoxmədəniyyətli tarixi və etnik müxtəlifliyi

Əsrlər boyu Azərbaycan torpaqlarında müxtəlif millətlərin nümayəndələri sülh və əminamanlıq şəraitində yaşamış və ölkəmiz dünyavi dövlət olaraq bütün Dünyaya multikultural dəyərləri ilə nümunə olmuşdur. Hal-hazırda da Azərbaycanda müxtəlif xalqların nümayəndələri yaşamaqdadır və hökumət bütün vətəndaşlar arasında bərabərlik zəmanətinin təmin olunması üçün zəruri tədbirləri həmişə görməkdədir. Eyni zamanda, dövlət milli azlıqların ölkənin bütün fəaliyyətlərində tam iştirak edə bilməsini təmin edir. Azərbaycan hökuməti milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələrinin və icmaların hüquqlarını tanıyır və hər bir şəxsin sərbəst şəkildə özünün hansı milli azlıqlara aid olduğunu müəyyən etmək haqqı olduğunu aşılayır.

Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğal edilməsi ardınca 1813 və 1828-ci illərdə Gülüstan və Türkmənçay müqavilələri nəticəsində Azərbaycana rusların, ermənilərin, almanların, kürdlərin, daha sonra isə ukraynalıların, belarusların və tatarların köçü baş verir. İlk əvvəl xidmətlərini başa vurmuş əsgərlər bu ərazilərdə yerləşdirilir lakin sonrakı illərdə onların bəzilərinin qalmaqdan imtina edir və tezliklə dinc əhali - pravoslav xristian kilsəsinə tabe olmaq istəməyən dindarlar sürgün olunaraq Azərbaycan ərazilərinə yerləşdirilirdilər.

 

Rusların Azərbaycana yerləşdirilməsi

Tədqiqatçılar rusların Azərbaycan ərazilərinə yerləşdirilməsini və köç etməsini iki yerə bölürlər. Birinci hissə pravoslav xristian kilsəsinin nüfuzunu qəbul etməyən xristianlığın müxtəlif təriqətlərinə mənsub olanlara (molokanlar, duxoborlar, subbotniklər, raskolniklər və s.) aiddir. İkinci hissə isə torpaq və mallarını itirərək yoxsullaşan kəndlilərdir. 20 oktyabr 1830-cu il tarixli sərəncamla Rusiya dövləti rus əhalisinin miqrasiya aktını qanuniləşdirir. Bu sərəncama əsasən Tambov, Saratov, Voronej, Həştərxan, Tver, Orenburq quberniyalarından olan ruslar Azərbaycanın Qarabağ, Lənkəran, Muğan, Şirvan və Bakı bölgələrinə yerləşdirilməli idi. Türkmənçay müqaviləsindən bir neçə il sonra Azərbaycanda artıq 11 rus kəndi mövcud idi. On ildən sonra bu rəqəm on beşə yüksəlir. 1912-ci ilin statistik məlumatlarına görə, Bakı quberniyasında altmış, Yelisavetpol (Gəncə) quberniyasında 29 rus kəndi var idi (Vazeh Asgarov, 2022, 61).

 

 Molokanlar

Mənbə : Kennan, George, 1845-1924

XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan ərazilərində məskunlaşan Molokanlar və Duxoborlar XVIII əsrin ortalarında Rusiyanın mərkəzi hissəsində xüsusilə Saratov, Voronej və Tambov vilayətlərində yaranan və pravoslav kilsəsindən ayrılan iki xristian təriqətidir. Duxoborlar 1840-cı ildən başlayaraq Gürcüstanın cənub-qərbinə (Cavaxetiyanın Axalkalak rayonu) köçürülmüşdürlər. Molokanların əksəriyyəti Azərbaycanın şimal bölgələrində məskunlaşmış, burada coğrafi və iqlim şəraiti onların əvvəlki yaşayış yerlərinin şəraitinə bənzəyirdi və kənd təsərrüfatı fəaliyyəti üçün əlverişli idi. İndiki Azərbaycan ərazisində ilk rus kəndləri 1830-1940-cı illərdə yaranmışdır. 1841-ci ildən bəzi icmalar cənubi Qafqaza deportasiya edilmişdir. 1930-cu illərdə cənubi Qafqazda 34 kənd məskunlaşmışdı ki, onlardan 30-u Azərbaycanda idi. Əsasən dini təriqətə mənsub köçürülmüş əhalinin 8600 nəfərdən 7000-i Azərbaycanda məskunlaşmışdır (Vəliyev, 2000). Öz yaşadıqları yerlərdən dini təriqətə görə köçürülmüş rusların rolu heç də səbəbsiz deyil idi. Belə ki, rus köçkünlərinin rolu imperiyanın ümumi iqtisadi sisteminə daxil etmək üçün sərhədlərin müdafiəsi və bölgənin iqtisadi inkişafı kimi bir sıra problemləri həll etməkdən ibarət idi. Onların vəzifələri təkcə yeni yaşayış şəraitinə uyğunlaşmaq deyil, həm də ev sahibi regionun iqtisadi və mədəni inkişafına təsir göstərmək idi. Bu tip məskunlaşma sonrakı illərdə də bir neçə mərhələdə təşkil edilmişdir. Belə ki, 1905-1907-ci illərdə rusların köçürülməsi daha çox iqtisadi xarakter daşıyırdı. O zaman Rusiya hökuməti Zaqafqaziyanın məskunlaşmamış geniş ərazilərində  sırf rus məskunlaşma rayonları yaratmaq qərarına gəlmişdi. 1917-ci ilə qədər ruslar Muğan çölündə və bütün Xəzər sahili boyunca (Quba və Lənkəran rayonları) 21094 nəfər və ya yerli əhalinin 40%-dən çox əhalisi olan 55 kənd salmışdılar. Ümumilikdə, XX əsrin əvvəllərində Azərbaycan ərazisində yüzdən çox rus pravoslav kəndi yaradılmışdır (Vazeh Asgarov, 2022, 62).

 

 

Almanların Azərbaycana yerləşdirilməsi

Almanların Azərbaycan ərazilərinə yerləşdirilməsi və onlar üçün müstəmləkə koloniyalarının yaradılması XIX əsrin əvvəllərinə təsadüf edir. Birinci Rusiya-İran müharibəsindən (1804-1813) sonra işğal olunmuş ərazilərdə məskunlaşmanın birinci mərhələsinə başlanılır. Həmin dövrdə Almanların Çar Rusiyasına köç etməsi Napoleonun Avropada apardığı müharibələr ilə əlaqədar idi ki bu da Almaniyanın viran qalmasına və müharibələr nəticəsində onlarla krallıq və knyazlıqların yaradılmasına gətirib çıxarır.

Rəsmi olaraq ilk alman əsilli əhalinin yerləşdirilməsi Yermolovun 1817-ci ildəki əmri ilə reallaşır. Çar Rusiyası Azərbaycan ərazilərində ilk alman kolloniyalarını 1818-ci ildə Yelizavetpol (Gəncə) zonasında yaradır. Lakin almanlar ilk zamanlar qeyri xristyanların arasında məskunlaşmaqdan imtina edirlər. Buna baxmayaraq, iki il ərzində Qafqazda 8 kolloniya yaradılır ki, onlardan da 2-si Azərbaycannın indiki Göygöl (Xanlar) və Şəmkir şəhərlərində salınır.


Azərbaycanda alman ailəsinin portreti

Mənbə: Azərbaycan Respublikası Prezidentinin Siyasi Sənədlər Arxivi

 

Bü mühacirətı vacib edən şərtlərdən biri təriqət məsələsi idi. Belə ki, Almaniyanın Wurtemberg krallığının sakinləri fanatik ideyalar səsləndirir və hesab edirdilər ki, artiq qərbi Avropada antixrist düşüncələri yayılmaqda davam edir və insanlar getdikcə Allahdan uzaqlaşırlar. Əhalinin o zamankı inanclarına görə inancına görə qiyamət günü artıq yaxınlaşır və bu səbəbdən onlar əminliklə Allah tərəfindən seçilmiş məkan olan Qüdsə (Yerusəlim) üz tutmalıdırlar. Digər bir əsas faktor isə bu dövrdə Napaleonun Avropada apardığı müharibələr, Almaniyada siyasi-iqtisadi vəziyyətin günü-gündən cətinləşməsi və ölkənin 30 krallığa bölünməsi ilə bağlı idi.

Almanların Rusiyada məskunlaşmasının digər bir səbəbi də bilmək maraqlıdır. Həqiqətən də, almanların Rusiyaya yerləşmə səbəbləri bü gün də bəzi araşdırmaçılar üçün maraqlı fakt olaraq qalır. Bu fenomen ondan ibarətdir ki, Rusiya hələ Böyük Pyotrun vaxtından əvvəl də xaricdə fəal şəkildə müttəfiq axtarırdı. Belə ki, yunanların Rusiya torpaqlarına yerləşməsi rus xalqına mədəniyyətə, memarlığa və yazıya töhfə vermişdi. Lakin çar rejimi altında yaşamağa başlayan yunanlar özlərini qüdrətli və çoxsaylı bir millət kimi təqdim edə bilmədilər. Eyni zamanda Yunanlar ölkənin siyasətinə və iqtisadiyyatına inteqrasiya olunmağı da bacarmadılar. Digər bir hal, Rusiyanın tarixinə dərin təsir göstərmiş fransız xalqıdır. Bu dövrdə rus zadəganları Fransanın incəsənət əsərləri və fransız ədəbiyyatı ilə yaxından tanış olmağa başlayırlar. Fransız dili onilliklər ərzində elit danışıq dilinə çevrilir. Lakin fransızlar Rusiyaya kütləvi şəkildə məskunlaşmadılar. Hətta cəmiyyətə inteqrasiya edə bilməyən və fransız dilinin tədrisi ilə məşğul olan müəllimlər eləcə də fransız zabitlər Fransaya geri dönürdülər. Lakin buna baxmayaraq yalnız adətləri və vərdişləri fərqli görünən və rus adətlərinə uyğun gəlməyən almanlar nəinki Rusiya imperiyasının tərkibində qalmağa üstünlük verirdilər, həm də özlərini çox rahat hiss edirdilər.

Həcər Verdiyeva (1999) qeyd edir ki, almanların yerləşdirilməsindən sonra köç etməyə tələbat və maraq çoxalır və əlavə insanların məskunlaşması üçün torpaq kifayət etmir. 1818-ci ildə Rusiya dövləti Yelisavetpol (Gəncə) ərazilərində almanlar üçün zonalar yaratmaq qərarına gəlir. Digər tərəfdən, alman mühacirləri xristian olmayanlar arasında yerləşməkdən imtina etdilər. Birinci Dünya Müharibəsi illərində Rusiya alman kəndlərinin adlarını ruslaşdırmaq məcburiyyətində qaldı. 1915-ci ildə Ellenendorf - Elenino, Allenfeld - Annino ilə dəyişdrilir.

XIX əsr boyu Azərbaycan ərazilərində daha 4 kolloniya Georgsfeld, Alekseevka, Grinfeld, Eygenfeld və bir kənd (Çinarlı) yaradılmışdır. XX əsrin ilk illərində, Traubenfeld (Tovuz, 1912) və Elizavetinka (Ağstafa, 1914) kəndlərinin əsası qoyulmuşdur. Bu kolloniyalar bir əsr ərzində istər öz aralarında istərsə də Azərbaycanın digər bölgələri ilə sıx mədəni və iqtisadi əlaqələr qurmuşdular. Bu qəsəbələrdə məskunlaşan insanların böyük əksəriyyəti ənənəvi alman təsərüfatı ilə məşğul olurdular. Bir əsr dövründə alman xalqının sayı bir neçə mindən 2 milyona qədər artir. 9 fevral 1916-cı ildə koloniyaların adı dəyişdirilir və Ellenendorf - Elenino,Allenfeld isə Annino adlandırılır. Azərbaycanda sovet imperiyası qurulduqdan sonra bolşeviklər müəyyən siyasi ehtiyatı nəzərə alaraq yeni köç planı həyata keçirir və almanlar bir əsr ərzində məskunlaşdıqları torpaqlardan orta Asiyaya köç etməyə məcbur edilir. İki ilə qədər fəaliyyət göstərmiş Azərbaycan Demokratik Respublikası (ADR) dövründə alman xalqını Parlamentdə alman əsilli Lorenz Kuhn təmsil edirdi. 9 iyun 1919-cu ildə Azərbaycan ərazilərində ilk kolloniyaların yaradılmasının 100 ili təntənə ilə qeyd edilir. 1938-ci ildə alman icmasının yaşadığı Annino qəsəbəsi Şamxor qəsəbəsi adlandırılıb.

 

Ermənilərin Azərbaycana yerləşdirilməsi

Ermənilərin Qafqaza köçünün tarixi bizi Böyük Pyotrun dövrünə aparır. Belə ki, Bakı və Dərbənd xanlıqlarının işğalı ilə ermənilərin bu şəhərlərdə məskunlaşmasına icazə verildi. Xanlıqlar dövründə Quba və Şəki şəhərlərinə ermənilərin çoxlu köçü olmuşdur. XIX əsrin sonlarında Rusiya-İran və Rus-Türk müharibələri nəticəsində Rusiya imperiyası Şimali Azərbaycanı və Gürcüstanı zəbt edir. Yerli Azərbaycan xanlıqları, o cümlədən İrəvan xanlığı və Gürcü çarlığı ləğv edilir. Onlar Rusiya Qafqaz İmperiyasının tərkibinə daxil idilər. Naxçıvan və İrəvan xanlıqlarının ərazilərində yaradılmış erməni vilayəti (bölgəsi) müsəlman xalqını dinsizləşdirmək, xristianların nisbətini artırmaq və təbii ki, imperiyaya etibarlı dəstək vermək üçün yaradılmışdır.

Bu məqsədlərə çatmaq üçün Rusiya imperiyası XIX əsrin birinci otuz ilində erməniləri İran və Türkiyədən Şimali Azərbaycana mütəşəkkil şəkildə köçürməyə başlayır. XIX əsrin sonlarında ermənilərin Cənubi Qafqaza köçü xeyli artır. Təkcə 1828-1830 illər arasında 40 min iran ermənisi və 84 min osmanlı ermənisi Qafqaza köçürülmüşdü. Proses XX əsrin əvvəllərinə qədər davam edir. Nəticədə, əgər XIX əsrin ilk otuz ilində əhalinin 9,4 % -ni təşkil edən 51,3 min nəfər erməni yaşayırdısa, 1916-cı ildə onların sayı 1 milyon 208 min 615 nəfərə və ya 33 %-ə qədər artmışdır (Vazeh Asgarov, 2022, 59).

Beləliklə, bir əsrdən az müddətdə ölkədə ermənilərin sayı 24 dəfədən çox artır. Bu proses Rusiya imperiyasının siyasəti ilə bağlı idi. İmperiya onları əsasən Bakı, Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarında məskunlaşdırdı. Artıq 1897-ci ilin statistik məlumatlarına görə, İrəvan vilayətində yerli əhalinin 59,8%-ni ermənilər təşkil edirdi və bu da bir qədər sonra Ermənistan Respublikasının yaranmasına səbəb oldu.

Rusiya imperiyasının əsas məqsədlərindən biri yeni işğal edilmiş ərazilərdə xristian əhalinin sayının artırılması və əraziyə yeni köç olduğunu da vurğulamaq yerinə düşərdi. Lakin qeyd edim ki, həmin dövrdə Azərbaycan ərazilərində alman koloniyaları da yaradılırdı. Eləcə də bir çox rus əsilli ailələr Azərbaycana yerləşdirilirdi. Əlbətdə ki, xristianların yerləşdirilməsində ermənilərə üstünlük verilməsinin də səbəbləri var idi belə ki, ermənilər bəlkədə yeganə xristianlar idilər ki, digər dindən olan millətlərə asan qaynayıb qarışır onların mədəniyyətlərinə yiyələnirdilər. Burada Osmanlı, İran və digər şərq dövlətlərində məskunlaşmış erməniləri göstərmək olar. Heç uzağa getmədən sovet dövründə Bakıda yaşayan ermənilərinin paytaxta yaşayan digər millətlərlə nisbətdə necə dinimizə və ənənələrimizə uyğunlasmalarının və dilimizdə səlis danışmalarını göstərmək olar.

Faktları təhlil etdikdə görürük ki, ermənilərin Azərbaycan ərazilərinə məskunlaşdırılmasının bir neçə mühüm səbəbi olub. Birincisi, onlar Rusiya imperiyasının yeni hakimiyyəti altında müsəlman ərazilərində yaşayan yaxşı uyğunlaşmış Şərq xristianları idilər. İkincisi, onlar Şərq dilləri, müsəlman adət-ənənələri və onların həyat tərzi ilə tanış idilər. Üçüncüsü, ermənilərin müxtəlif imperiyalar altında yaşamaq təcrübəsi var idi və başqa inanca, başqalarının siyasətinə uyğunlaşmaq heç bir çətinlik yaratmırdı.

Rus alimi Şavrov 1911-ci ildə yazırdı: Bu gün 1,3 milyon erməninin 1 milyonu yerli əhali deyil, onlar bizim tərəfimizdən məskunlaşdırılmışlar (Musayeva, Mədov, 2003). Türkmənçay müqaviləsinin 15-ci bəndində deyilirdi: Əlahəzrət şah... Azərbaycan adlanan vilayətin bütün sakinlərini və məmurlarını tam əfv edir. Sakinlərə, müqavilənin bağlandığı tarixdən hesablanmaqla, vergi ödəmədən əmlaklarını daşımaq üçün bir il və daşınmaz əmlaklarını satmaq üçün beş il vaxt verilir. Digər tərəfdən, Türkmənçay müqaviləsinin 14-cü bəndində deyilirdi ki, Rusiya iranlı qaçqınların Azərbaycanın müəyyən ərazilərində məskunlaşmasına qadağa qoyub: Əlahəzrət, bütün Rusiyanın imperatoru, öz növbəsində, heç bir qanun əsasında fars qaçqınlarının Qarabağ, Naxçıvan, İrəvan xanlıqlarında və Araz çayının sağ sahilində məskunlaşmasına və ya yaşamağa icazə verməyəcəyinə söz verir. Paskeviçə göndərdiyi məktubda Qriboyedov göstərir ki, ermənilərin Naxçıvana köçürülməsi zamanı əhali arasında xeyli fikir ayrılığı və gərginlik və insanlar arasında problemlər yaranıb. Və bu narazılığı sübut etmək üçün deportasiya olunmuş ermənilərin diaqramını təqdim etdi (Vazeh Asgarov, 2022, 59).

 

Nəticə

Bu məqalədə Azərbaycanın zəngin və çoxmillətli tarixinə diqqət yetirilir. Tarix boyunca Azərbaycanın strateji coğrafi mövqeyinin və İpək Yolu üzərində yerləşməsinin nəticəsində, bölgədə müxtəlif xalqlar və etnik qruplar yaşamış və yerli mədəniyyətə öz təsirlərini qoymuşlar. XIX əsrin əvvəllərindən etibarən, Rusiya, Osmanlı və İran imperiyalarının siyasi mərkəzləri və müharibələri Azərbaycan ərazilərinə müxtəlif xalqların köç etməsinə səbəb olmuşdur. Ruslar, ermənilər, almanlar, kürdlər və digər millətlərin burada yerləşməsi Azərbaycanın çoxmədəniyyətli və çoxmillətli keçmişinin əsasını təşkil edir. Bu proseslər, bölgədə multikultural dəyərlərin və tolerantlığın yaranmasına şərait yaratmışdır. Məqalədə həmçinin, milli və dini müxtəlifliyin tarix boyu qorunduğu və Azərbaycan cəmiyyətində müasir dövrdə də bunun ruhunun yaşadığı vurğulanır.

Rusiya imperiyası Azərbaycanda yerli əhaliyə qarşı müstəmləkə və xristianlaşdırma siyasəti aparmaq üçün əllərində olan bütün vasitələrdən istifadə edirdi. Məsələn, medal, qızıl və gümüş vəd edən Rusiya hakimiyyəti ingiloyları (gürcü ləhcəsində danışan sünni mənsəbə sahib müsəlmanları) vəftiz olunmağa (xaç suyuna çəkmək) dəvət edirdi. Demək olar ki, qısa bir zamanda 20.000 nəfər əhalinin yarıdan çoxunun dinlərinin dəyişdirilməsinə müvəffəq olmuşdular. 1863-cü il Zaqatalada baş vermiş üsyan da bu hadisə ilə bağlı idi. Ruslar tərəfindən aldadıldıqlarına başa düşdükdən sonra ingiloylar yenidən müsəlman dininə dönürdülər (Əliyev 1995).

Rusiya imperiyası dövründə xanlıqlar dövrü ilə müqayisədə Azərbaycanda cəmiyyətin sosial rifahi xeyli tənəzzülə uğramış, daha sərt və çətinləşmişdir. Ağır borclar toplayan və iki müharibə nəticəsində tükənən Rusiya dövləti vergiləri durmadan artırırdır. XIX əsrdə Rusiya imperiyasının yürütdüyü siyasət dözülməz olduğu üçün bir neçə dəfə xalq üsyanları baş vermiş (Türkmənçay-1828 və Adrianopol-1829 müqavilələrindən sonra Talış, Balakənd və Quba bölgələrində üsyanlar) müqavimət göstərənlər repressiya və Sibirə sürgün edilərək yatırılırdı. Eyni zamanda qeyd edək ki, bu dövrdə baş verənlərə Azərbaycan ziyalılarının fikri digər təbəqənin fikirlərindən fərqlənirdi. Məsələn, XIX əsr Azərbaycan mədəniyyətinin böyük nümayəndəsi Mirzə Fətəli Axundov (1812-1878) Azərbaycan ərazilərinin işğalının nəticəsini aydın şəkildə müəyyənləşdirərək deyirdi: “Rusiya dövlətinin himayəsi sayəsində biz keçmişin sonsuz basqınlarından, dinclik və talanlardan xilas olduq” (Volhonsky, 2007).

Rusiya dövləti özünün ənənəvi üsullarından istifadə edərək, qeyri-müsəlmanları deportasiya edərək bölgəyə yerləşdirərək vəziyyəti sakitləşdirdi. Bu proses Rusiya-Türkiyə və Krım (1853-1856) müharibələri zamanı da davam etdi. Bütövlükdə XIX əsrdə Qafqazda azərbaycanlıların xüsusi çəkisi 42,6%-dən 32%-ə qədər azaldı, lakin bu, demoqrafik problem və ya ölkənin müharibə vəziyyəti ilə bağlı deyil, deportasiya və mühacirətlə bağlı idi (Vəliyev, 2000). XIX əsrin ortalarından başlayaraq müqavimətlər müxtəlif formada, üsyanlar (Car-Balakən, qaçaq hərəkatları) davam edir və əsrin sonlarına qədər davam etdir. Sonuncu Rusiya-Türkiyə müharibəsindən (1877-1878) sonra çoxlu sayda azərbaycanlı Türkiyəyə mühacirət edib.

 

Ədəbiyyat

1.  Alicheva-Himy Bakyt (2008), Les Allemands du Kazakhstan retour dans la Urheimat ou « Patrie historique », Regarde sur l’Est.

2.   Алиев Игpap (1995), История Азербайджана с древнейших времен до начала XX, Баку, Элм.

3. Asgarov Vazeh (2014) L’immigration des Azerbaïdjanais, L'immigration générale des Azerbaïdjanais, histoire et perspectives : le cas de la France, Allemagne, PAF, p.425.

4. Asgarov Vazeh (2022) L'immigration des Azerbaïdjanais en France, Edition Kapaz, Strasbourg, France, ISBN: 978-2-492157-03-5, p.341.

5. Eminv Zakir (2005), Azərbaycanın əhalisi: İqtisadi, sosial və demografik   problemlər, Bakı.

6. Verdiyeva Khadjar, (1999), La politique de la migration de l'empire russe dans le nord de l'Azerbaïdjan, Bakı, Altay. 

7.  Зейналова Судаба (2008), Немцы на Кавказе, Баку, Мутарджим.




Aucun commentaire: