Nombre total de pages vues

mardi 22 novembre 2016

Alman mühacirləri Azərbaycana XIX əsrdən gəlməyə başlayıblar


Azərbaycan Dillər Universitetinin rektorunun müşaviri, tarix elmləri üzrə fəlsəfə doktoru və Strasburq Universitetinin doktoru Dos. Vazeh Əsgərovla müsahibəni təqdim edir. Vazeh bəy Azərbaycan ərazisində ilk alman koloniyalarının yerləşdirilməsindən danışır.





-    Vazeh bəy, almanların Azərbaycana ilk gəlişi nə zamandan başlayır və bunun səbəbi nə idi?

 -    Qafqaza ilk alman mühacirlərinin yerləşdirilməsi XIX əsrin ilk illərindən başlayır. Birinci Rusiya-İran (1804-1813) müharibəsindən sonra işğal edilmiş əraziyə ilk mühacir axınının yerləşdirilməsinə start verilir. Rəsmi olaraq ilk alman əsilli əhalinin yerləşdirilməsi Yermolovun 1817-ci ildəki əmri ilə reallaşır. Çar Rusiyası Azərbaycan ərazilərində ilk alman koloniyalarını 1818-ci ildə Yelizavetpol (Gəncə) zonasında yaradır. Lakin almanlar ilk zamanlar qeyri xristianların arasında məskunlaşmaqdan imtina edirlər. Buna baxmayaraq, iki il ərzində Qafqazda 8 koloniya yaradılır ki, onlardan da ikisi Azərbaycanın indiki Göygöl (Xanlar) və Şəmkir şəhərlərində salınır. Bu muhacirəti vacib edən şərtlərdən biri təriqət məsələsi idi. Belə ki, Almaniyanın Vurtemberg krallığının sakinləri fanatik ideyalar səsləndirir və hesab edirdilər ki, artiq Qərbi Avropada antixrist düşüncələri yayılmaqda davam edir və insanlar getdikcə Allahdan uzaqlaşırlar. Bu əhalinin inancına görə qiyamət günü artıq yaxınlaşır və bu səbəbdən onlar əminliklə Allah tərəfindən seçilmiş məkan olan Qüdsə (Yerusəlim) üz tutmalıdırlar. Digər bir əsas faktor isə bu dövrdə Napoleonun Avropada apardığı müharibələr, Almaniyada siyasi-iqtisadi vəziyyətin günü-gündən cətinləşməsi və ölkənin 30 krallığa bölünməsi ilə bağlı idi. 


-    Onlar təkcə Azərbaycana, yoxsa Rusiyanın başqa ərazilərinə də köçürülürdülər?

 -    Rusiyanın əlavə torpaqlar işğal etmək arzu və planları ilk olaraq İvan Qroznının (1530-1584) dövründə yaranmış, Böyük Pyotrun dövründə isə (1672-1725) reallaşmağa başlamışdı. İlk olaraq çar Rusiyası işğal etdiyi ərazilərdə ənənəvi idarəetmə üsulundan istifadə edərək müxtəlif xalqların köçünü həyata keçirirdi. Ərazilərdə xristiyanlaşdırma siyasəti aparmaq məqsədi ilə bu dövrdə yeni xalqların köçü reallaşmağa başlamış və ilk olaraq ruslar, ermənilər, almanlar, sonra isə ukraynalılar, belaruslar və tatarların, yəhudi və kürdlərin işgal edilmiş torpaqlarda məşkunlaşmasının şahidi oluruq. Tarixə ekskursiya etdikdə görürük ki, ilk almanların – Aussiedlər -  Rusiyaya köçü II Yekaterinanın dövründə, 1762-1763-cü illərdə baş verib. XVI əsrdən başlayaraq Volqa boyu sahillər türklər tərəfindən nəzarətə götürülüb, lakin məskunlaşmayıb. Bu vəziyyətdən istifadə edən çariça almanları, məhz, Volqa sahillərinə, indiki Saratov regionuna yerləşdirməyi qərar vermişdi. Daha sonralar almanların köçü Sank-Peterburq, Qafqaz, Ukrayna, Volın və Bessarabiya ərazilərində reallaşıb.  

 -    Birinci və ikinci dünya müharibələrinin başlamasının onların vəziyyətinə təsiri oldumu? 
 -    Birinci Dünya müharibəsi ərafəsində alman xalqının sayı bir neçə yüz nəfərdən 2 milyona qədər artmışdı. Lakin Çar Rusiyasının apardığı siyasətə uyğun bir çox kəndlərin adları ruslaşdırılmışdı. Misal üçün 9 fevral 1916-cı ildə Azərbaycandakı koloniyaların adı dəyişdirilir, Ellenendorf Elenino, Allenfeld isə Annino adlandırılır. Azərbaycan Demokratik Respublikası dövründə alman xalqına xüsusi diqqət göstərilir. ADR Parlamentdə alman xalqını ilk dəfə olaraq alman əsilli Lorenz Kuhn təmsil edir. 9 iyun 1919-cu ildə Azərbaycan Demokratik Respublikasının təşəbbüsü ilə Azərbaycan ərazilərində ilk alman koloniyalarının yaradılmasının 100 ili təntənə ilə qeyd edilir. Sovet sisteminin qurulması ilə almanlara olan diqqət də azalır və hətta Sovet siyasətinin yeni köç planına uyğun olaraq almanlar da Orta Asiyaya köçməyə məcbur edilir. 1938-ci ildə alman icmasının yaşadığı Annino qəsəbəsi Şamxor qəsəbəsi adlandırılır. İkinci Dünya müharibəsi ərəfəsində, 1941-ci ilin oktyabr ayından başlayaraq, alman xalqına olan etibar azalır və 122 illik alman koloniya tarixi fəlakətə uğrayır. Belə ki, Sovet hökuməti almanların Hitler Almaniyası ilə əməkdaşlıq edəcəyindən qorxur. Nəticədə Volqa boyu məskunlaşmış 1 milyona yaxın alman əsilli əhali Stalinin əmri ilə repressiyaya uğrayır və Mərkəzi Asiya, xüsusən də, Qazaxıstana, eləcə də Urala, və Sibirə sürgün edilirlər. Yalnız 1953-cü ildən, Stalinin ölmündən sonra digər repressiyaya məruz qalmış xalqlar kimi alman xalqının nümayəndələrinə də bəraət verilir və onların böyük əksəriyyəti öz doğma yerlərinə, digərləri isə Almaniyaya üz tuturlar. 

-    Almanlar, əsasən, Azərbaycanda hansı sahələrə maraq göstərirdilər? 

 -    Azərbaycana köç etmiş alman əsilli əhali bir əsr ərzində istər öz aralarında, istərsə də Azərbaycanın digər bölgələri ilə sıx mədəni və iqtisadi əlaqələr qurmuşdular. Bu qəsəbələrdə məskunlaşan insanların böyük əksəriyyəti əkinçilər idi ki, onların əsas iş sahələri ənənəvi alman kənd təsərrüfatı ilə məşğul olmaqdan ibarət idi. Onlar müxtəlif kənd təsərrüfatı növlərinin çoxsaylı çeşidlərinin əkini ilə məşqul olmaqla keçmiş Rusiya imperiyasının kapitalist iqtisadi sistemində öz yerlərini tutmağa nail olmuşdular. Qafqaza yerləşdirilmiş almanlar ölkə iqtisadiyyatının müxtəlifşaxəli inkişafına əvəzsiz xidmətlər göstərmiş və yeni yaratdıqları qabaqcıl idarəetmə üsulları və yeni texnologiyalar ilə təsərrüfatın inkişafına öz töhfələrini vermişdirlər.  


-    Bu mövzu ilə bağlı ciddi araşdırmalar aparılıbmı?

 -    XIX əsrdən başlayaraq almanların Rusiyaya yerləşdirilməsi ilə bağlı bir neçə tədqiqat işi mövcuddur. Onlardan Həcər Verdiyevanın, Südabə Zeynalovanın, Məmməd Cəfərlinın araşdırmalarını göstərmək olar. Lakin bu sahənin daha dərindən araşdırılmasına böyük ehtiyac var. Düşünürəm ki, bu haqda Rusiya arxivlərində geniş tarixi sənədlər mövcüddur və gələcəkdə tarixçilərimiz eləcə də magistr və Phd araşdırmaçılarımız bu sahəni daha dəqiqliklə öyrənəcək və daha yeni və maraqlı məlumatlar əldə edəcəklər. 

Azərbaycanda XIX və XX əsrlərdə alman əhalisinin sayı və ümumi əhaliyə olan nisbət fərqi
İllər
Əhali
Faiz göstəricisi
1819
1 600
0,28 %
1916
15 990
0,41 %
1939
23 133
0,7 %
1989
748
0,01 %
        Mənbə:  Гусейн-заде Рауф (2007), Немцы  Азербайджана ,IRS Наследие, № 25

Alman xalqının 1939-il üçün SSR-i ərazisində yerləşmə coğrafiyası
          Şəhər, rayon
Sayı
Altay
29.000
Omsk vilayəti
59.000
Novossibirsk
8.100
Krasnoyarsk vilayəti
4.000
Kemerovo vilayəti
3.300
Orenburq vilayəti
19.000
Ümumi RSFSR
862.000
Karaganda vilayəti
14.000
Kokchetav vilayəti
15.000
Pavlodar vilayəti
6.500
Akmola vilayəti
7.600
Ümumi Qazaxıstan SSR
92.000
Azərbaycan SSR
23.000
Gürcüstan SSR
20.000
Qırğızıstan SSR
12.000
Krım
95.000
Ukrayna SSR
362.000
Mənbə: Kolosov, 1 Section, p. 25. 25.



Qazaxıstanın illər üzrə etnik tərkibi (1979-1994)
İllər
1979
1989
1994
Qazax
5.829.000
6.535.000
7.474.000
Rus
5.991.000
6.228.000
6.042.000
Ukraynalı
898.000
896.000
857.000
Belorus
181.000
183.000
178.000
Alman
900.000
957.000
614.000
Özbək
263.000
332.000
372.000
Tatar
313.000
328.000
331.000
Azərbaycanlı
73.000
90.000
101.000
Ümumi
14.684.000
16.464.000
16.870.000
Mənbə: Kaufman, W., Lipkovich, I. (1995) Housing in Kazakhstan: Recent Statistics and
Trends, Almaty: International City/County Management Association.



Elnur Eltürk

Aucun commentaire: