Nombre total de pages vues

lundi 14 mars 2016


 Dr. Vazeh Əskərov

  
Fransa-Azərbaycan əlaqələrinin tarixinə baxış


Açar sözlər: ədəbiyyat, diaspora, sosiologiya, miqrasiya mühacirət, Fransa, inteqrasiya, tarix,
Keywords: literature, diaspora, sociology, migration, immigration,  France, integration, history, 
Ключевые слова: литература, диаспора, социология, миграция, иммиграция, Франция, интеграция, история


      XX yüzilliyin əvvələrində baş vermiş siyasi dəyişikliklər azərbaycanlıların Qərb ölkələrinə yerləşməsi və vahid diaspor təşkilatları ətrafında birləşmələrinə səbəb olmuşdur. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və Sovet hakimiyyətinin qurulmasından sonra, siyasi elita və əksər ziyalılar ölkəni tərk edərək Qərbdə xüsusən də Almaniya, Fransa və Polşa kimi ölkələrdə məskunlaşır və diaspor təşkilatlarını yaradırdılar. Bu gün azərbaycan mühacirətdən və diasporasından danışarkən əsasən XX əsrin əvvəllərində müxtəlif siyası məsələlərə görə ölkəni tərk etmiş insanlardan danışmaq yerinə düşər. Belə ki, məhz bu insanlar Azərbaycan ilə yerləşdikləri ölkələr ilə əlaqələrin qurulmasında əvəzsiz xidmətlər göstərmişlər. 
Qeyd etmək lazımdır ki, diaspora ilə əlaqələrin qurulması üçün Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi tərəfindən aparılan rəsmi hesablamalarda Qərb ölkələrində yaşayan azərbaycanlıların sayının digər ölkələrə nisbətən az olması faktı nəzərə çarpır. Bu hesablamalara görə, hal-hazırda Fransada məskunlaşmış azərbaycanlıların sayı 70 000 nəfər təşkil edir [2, s. 5]. Bu saya Ermənistan, Gürcüstan və Türkiyə mənşəli azərbaycanlılar da daxildir (Iğdır, Ardahan, Qars). Tədqiqatçı alim Bayram Balçı hesab edir ki, bu rəqəm təkcə Azərbaycan Respublikasının vətəndaşlarını deyil eləcə də Azərbaycanın qonşu ölkələrindən Fransaya köç etmiş əslən azərbaycanlı olan insanları da əhatə edir [15, s. 195]. Fransa Azərbaycanlıları arasında say çoxluğuna görə İrandan köç etmiş soydaşlarımız təşkil edir ki, onların da böyük əksəriyyəti 1979-cu ildə baş vermiş İran inqilabı ilə əlaqədardır.
Azərbaycanlıların Fransaya mühacirəti XIX əsrin sonu XX əsrin əvvəllərindən başlayır. Lakin, Fransa-Azərbaycan əlaqələrinin kökü bir neçə əsr əvvəl başlamış və bir sıra sahələr üzrə sürətlə inkişaf etmişdir. İlk belə əlaqələr IX-X əsrlərdə Abbasilər dövlətinin hakimiyyəti dövründə olmuş və indiki Asiya ölkələri ilə Avropa ölkələri arasında formalaşmışdır [13, s. 228]. Bu dövr üçün çox önəmli olan bu əlaqələr əsasən ticarət sahəsində aparılırdı. Azərbaycanın İpək yolunun üzərində yerləşməsi fransızların da bu ölkəyə gəlməsinə səbəb olurdu. Nizaminin əsərlərində, fransızları firəng Fransanı isə Firəngistan kimi təqdim etməsi bir daha bu əlaqələrin olmasının sübut edir [11, s. 15]. Artıq 1697-ci ildə biz Şərq kitabxanasında Bartelemi d’Herbelotun Azərbaycan ədəbiyyatı, mədəniyyəti və şairləri haqqında məlumata rast gəlirik [3, s. 112]. İlk diplomatik və ticari əlaqələr isə 1708-ci ildə Səfəvilər sülaləsi ilə Fransa arasında bağlanmışdır. Fransanın sərqşünas alimləri kimi tanınan bir çoxları, Barbier de Meynard, Alfons Silver, Lucien Buvat və ədəbiyyatçılar George Sand, Alexandre Dumas iki millət arasında ilk mədəni əlaqələrin yaradılmasında öz töhvələrini vermişdirlər. Az sonra dünya dilləri arasında fransız dilinin nüfuzunun yüksəlməsinin və bir çox fransızdilli Azərbaycan mütəfəkkirlərinin bu dildə əsərlər yaratmasının şahidi oluruq. Bunlardan İsmayıl bəy Qutqaşınlı, Mirzə Fətəli Azundzadə, Rəşid bəy Axundzadə, Məhəmməd Ağa Şahtaxtinski, Əlimərdan bəy Topçubaşov, Mirzə Kazım bəy, Möhsün bəy Xanlarov, Ceyhun Hacıbəyli, Əhməd Ağaoğlu və digərlərini göstərmək olar [13, s. 228][1]. Bütün bu əlaqələr Azərbaycan Demokratik Respublikası dövründə daha da inkişaf etdirilmişdir.
XX əsrin əvvəllərində azərbaycanlıların Fransada məskunlaşması daha çox geniş vüsət alır. Zəngin neft sahibkarları Fransaya çoxlu səyahətlər edir və daşınmaz əmlak alırdılar. 1919-cu ildə, Azərbaycan parlamenti təqribən 100 tələbənin xaricdə (Fransada 45) ali təhsil almaları barəsində qanun qəbul etdi. Məhz ilk mühacirət tarixi də bu dövrdən, Azərbaycan Demokratik Respublikasının (ADR) süqutundan dərhal sonra, 1920-ci ilin aprel ayında başladı  [13, s.256].
Qeyd edildiyi kimi XX əsrdə ilk Fransa-Azərbaycan əlaqələri məhz azərbaycanlı diplomatların Parisə akreditasiyası zamanı (may 1919-aprel 1920) yaranmışdır. 9 avqust 1919-cu ildə Paris prefekturası Fransa-Qafqaz komitəsini qeydiyyata almışdır. İlk paraqrafda yazılırdı: Komitə Fransa və Zaqafqaziya ölkələrini, Gürcüstan və Azərbaycan olmaqla, iqtisadi əlaqələrinin inkişaf etdirmək məqsədi ilə yaradılmışdır. Bu dövr ərzində ADR tərəfindən Paris sülh konfransında iştirak etmək üçün göndərilmiş nümayəndə heyəti Parisin bir çox jurnallarında 3 kitab, 12 bülleten, 1 Azərbaycanın xəritəsi və bir çox məqalələr nəşr olunmasını reallaşdırdı. Azərbaycan məlumat bulluteni 1920-ci ilin may ayına qədər dərc etdirilmişdir [21, s. 31].
Qeyd edək ki, hətta 1918-1920-ci illərdə Fransa-Azərbaycan əlaqələri müəyyən dərəcədə inkişaf etsə də, sovet rejimi qurulduqdan sonra bu əlaqələr başqa forma kəsb etməyə başladı və Fransa-Sovet münasibətlərinə çevrildi. 1920-ci il bolşevik işğalından sonra mühacirətdə olan soydaşlarımız diaspora ətrafında birləşməyə və mübarizə aparmağa başladılar. Polşa hökümətinin keçmiş Rusiya imperiyasından olan mühacirlərə dəstək verməsi eləcə də Prometey hərəkatı ətrafında fəaliyyətə dəvət etməsi böyük bir dönüş yaratmış oldu. Məhz bu hərəkatın formalaşmasında eləcə də hərəkatın mətbu orqanı olan Prometey jurnalının fəaliyyətində Azərbaycan mühacirlərinin əvəzsiz xidmətləri olmuşdur [13, s. 49]. Musavat partiyasının rəsmi orqanı olan Azərbaycan dərgisi 1926-cı ildə Parisdə dərc olunmağa başladı. İllər keçdikcə köhnə nəsil mühacirlər assosiativ fəaliyyətlərini dayandırmağa başlamış lakin ilk mühacir nəsillərin övladları bu işləri davam etdirmişlər. Onların ən parlaq nümayəndələri kimi Ümbülbanu Əsadullayevanı – Banin (1905-1992), İren Məlikoffun (1917-2008) adlarını çəkmək yerinə düşər [13, s. 246; s.251].
XX əsr boyu istər mühacir həyatı yaşamış həmvətənlilərimiz istərsə də mühacirətdə doğulmuş əslən Azərbaycanlılar uzun müddət mübarizə aparmış Azərbaycan həqiqətlərinin Avropa ictimaiətinə çatdırılmasında əvəzsiz xidmətlər göstərmişlər. Qeyd etmək istərdik ki, sovet dövründə soydaşlarımızla əlaqə saxlamaq hətta qohumluq əlaqələrinin olması haqqında belə danışmağa cürət edilməmişdir. Mühacir həyatı yaşamağa məhkum olunmuş Ceyhun bəy Hacıbəylinin qardaşı Uzeyir bəy ilə sovet dönəminin ilk illərində etdikləri məktublaşmada aydın olur ki, bu əlaqələrin davam etdirilməsi nə qədər çətinliklərlə müşayiət olunurdu [23. s.26-31]. Uzeyir Hacıbəyovun xatirə ev müzeyinin rəhbəri işləmiş Ramazan Xəlilov (1975-1999) qeyd edirdi ki, 1938-ci ildə Ceyhun bəyin Azərbaycana qayıtması üçün Stalin Uzeyir bəyə tapşırıq da verir. Stalin onların məktublaşmalarından xəbərdar olduğunu bildirərək Ceyhun bəyin qayıdandan sonra iş və ev ilə təmin olunacağını da diqqətə çatdırır. Ceyhun Hacıbəyli bu xahişi rədd edir və əlaqələr də azalmağa başlayır (Üzeyir Hacıbəyov Ensiklopediyası). Sovetlər dövrünün ilk illərindən mühacirlərə qarşı davam edən təziqlər 1970-ci illərə qədər davam etmişdir. II Dünya müharibəsindən sonra mühacir həyatı yaşamış Qədir Süleyman öz xatirələrini bölüşən zaman ilk dəfə qara kostyumlu sovet vətəndaşının qapısını döyərək onunla söhbət etmək istədiyini bildirərkən nə hisslər yaşadığını və həyatının sonunun çatmasını hələ də xatırlayırdı. Hətta, sonradan həmin insanın maestro Niyazi olduğunu və öz əmisi Ceyhun bəyi və qohumlarını axtardığını deməsi belə Qədir Süleymanda bir müddət etibar yaratmamışdır [13, s. 243].
Bu gün Fransa-Azərbaycan əlaqələri bir çox sahələri əhatə edir. İkinci dəfə müstəqillik əldə etdikdən sonra Azərbaycanın müstəqilliyini tanıyan (31 dekabr 1991) ilk dövlətlərdən biri də məhz Fransa olub. 16 mart 1992-ci ildən Fransanın Azərbaycanda səfirliyi açılıb. 20 dekabr 1993-cü ildə isə iki dövlət arasında "Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq" sazişi imzalanıb. Bir il sonra isə 20 oktyabr 1994-cü ildə Azərbaycanın Fransada səfirliyi fəaliyyətə başlayıb. Azərbaycanın UNESCO-ya üzv olması, Əsrin Müqaviləsində fransız sirkətlərinin pay alması eləcə də Azərbaycan və Fransa prezidentlərinin bir neçə dəfə rəsmi səfərə getmələri də buna misal göstərilə bilər. Bu əlaqələrin daha da inkişaf etdirilməsi çox önəmlidir və bunun üçün kifayət qədər Azərbaycan dövləti tərəfindən addımlar atılır [13, s. 228-234].
1999-cu ildən etibarən Parisdə Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda (İNALCO) fransız tələbələri azərbaycan dilini öyrənirlər. 7 oktyabr 2011-ci ildə Fransa prezidenti Nikola Sarkozinin, 2014-cü ildə isə Fransua Hollandın Azərbaycana rəsmi səfəri olmuşdur. İki ölkə prezidentləri tərəfindən turizm, iqdisadiyyat, ətraf mühit və s. kimi bir sıra vacib layihənin protokolları imzalanmışdır. 2011-ci ildə prezidentlərin ilk görüşündə Bakı fransız liceyinin təməli qoyulmuşdur.
Fransa eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədr ölkələrdən biridir. Azərbaycanın iki Prezidenti Heydər Əliyev və İlham Əliyev prezident kimi ilk rəsmi səfərlərini məhz Fransaya etmişdirlər. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Fransa-Azərbaycan əlaqələri ilkin olaraq əsasən üç; siyasi, iqtisadi və mədəni istiqamətlərdə inkişaf etdirilmişdir. 3 iyun 1992-ci il tarixində Azərbaycan UNESCO-ya üzv qəbul edilmişdir. 1993-cü ilin dekabr ayında Prezident Heydər Əliyevin Fransa Respublikasına rəsmi səfəri çərçivəsindən sonra 1994-cü ildə UNESCO-nun işi ilə əlaqələndirmək üçün ilk növbədə Milli Komissiya yaradılmışdır [21, s. 3]. 1994-cü ildə Fransanın Total şirkəti Əsrin müqaviləsi layihəsinə qatılır. 1996-cı ildə Fransa dünyada ən iri qaz-kondensat yataqlarından biri olan Şahdəniz layihəsinə qatılır. Bu günə qədər iki dövlət arasında 42 hüquqi sənəd imzalanmışdır [22].
Bu gün Fransa Senatı və Milli Məclis arasında parlamentlərarası dostluq qrupu movcuddur. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri xanım Mehriban Əliyevadır. Fransa-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ambruaz Düpondur dəfələrlə Azərbaycana rəsmi səfər etmiş sonuncu dəfə 11 aprel 2005-ci ildə Bakıdakı Fransız Mərkəzinin açılışını etmişdir. Fransa Senatının prezidenti C. Poncelet ilk dəfə 1999-cu ilin iyulunda Azərbaycana səfər etmişdir. Fransa ilə Azərbaycan arasında iqtisadi-ticarət əlaqələri son illərdə daha da inkişaf etmişdir.
İki ölkə arasında fransız dilinin tədris olunmasını daha da yaxşı təşkil etmək üçün Universitetlərarası əlaqələr də movcuddur. 15 ilə yaxındır ki, Azərbaycan Dillər Universiteti ilə Strasbourg, Metz, Bordeau, Sorbonne universitetləri arasında tələbə və müəllim mübadiləsi həyata keçirilir, tələbələrimiz Fransada öz ali təhsillərini davam etdirirlər. Azərbaycan ilk dəfə olaraq 2015-ci ildə Frankofoniya Universitetetlər Agentliyinə (AUF) üzv qəbul edilmişdir. 2016-cı ilin fevral ayında Prezident yanında Ali Attestasi Kommisiyası ilk dəfə olaraq Strasbourg Universitetinin doktorluq diplomunu təkrar attestasiya edərək fəlsəfə doktoru diplomu vermişdir [13, s. 230].



[1] Fransa arxivlərində Əhməd bəy Ağayevin 1891-1893-cü illərdə müxtəlif fransız jurnallarında çoxlu məqalələr dərc etdirdiyinin şahidi oluruq. 


Bibliographie

1.     Arzumanliı Vaqif (2001) Azerbaycan Diasporu, Bakı, Qartal.
2. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, (2001) Dünya azərbaycanlilarinin həmrəylik xartiyasi.
3.     Əliyev Zaur (2005),  Dünya diasporaları, Bakı, Qismət.
4.  Həsənov Cəmil (1993) Azərbaycan Beynəlxalq münasibətlər sistemində, 1918-1920, Bakı, Azərnəşr.
5.    Hacıbəyov Üzeyir Ensiklopediyası. Bakı, 2007, səh.108.
6.    İbrahimli Xaləddin (1996), Azərbaycanın siyasi mühaciratı (1918 - 1991), Bakı, Elm.
7.    Rizvan Nazim (2002), Azərbaycan diaspor tarixi, Bakı, Borçalı HPM.
8.    Tahirli Abid (2001), Azərbaycan mühaciratı, Bakı, Tural-Ə.
9.    Tahirli Abid (2007), Azərbaycan mühacir ədəbiyyatı (1921-1991), Bakı, Çinar Çap.
10. Vəlixanlı Nailə (2007), Azərbaycan tarixi II cild, Bakı, Elm.
11. Abdoulla Kamal, Malherbe Michel (2008), Parlons Azerbaïdjanais: langue et culture, Paris, L’Harmattan.
12. Altstadt Audrey L. (1992) The Azerbaijani Turks: Power and Identity under Russian, Rule, Hoover Institution. Stanford University, Studies of Nationalities in the USSR Series.
13. Asgarov Vazeh (2014) L’immigration des Azerbaïdjanais, L'immigration générale des Azerbaïdjanais, histoire et perspectives: le cas de la France,   Allemagne, PAF, p.425.
14.  Ayaz Godjaev, Les relations contemporaines franco-azerbaïdjanaises,‎ 1999, p. 52
15. Balçi Bayram (2008), La place de la «diaspora» azerbaïdjanaise dans la politique de l'Azerbaïdjan postsoviétique : esquisse d'analyse, EurOrient, 28, pp. 185-204.
16.  Constant Antoine (2002) L'Azerbaïdjan, Karthala (Méridiens), Paris.
17. De Tapia Stéphane (2005) Migrations et diasporas turques. Circulation migratoire et continuité territoriale, 1954-2004,  Paris, IFEA et Maisonneuve & Larose.
18. Hadjibeyli Timoutchine (1988) Le question du Haut Karabagh. Un point de vue azerbaïdjanais,  Revue de l’Occident musulman et de la Méditerranée, N°48-49, 1988. Le monde musulman à l’épreuve de la frontière, p.281-290.
19.   Sadykova Bakhyt (2007) Mustafa Tchokay dans le mouvement prométhéen, Paris, IFEAC – Harmattan.
20. Rapport Législatif 420 - 1997 / 1998 - Commission des affaires étrangères, Le traité d’amitié, d’entente et de coopération du 20 décembre 1993 : un cadre juridique adapté au développement à venir des relations bilatérales, [archive], sur Sénat.
22.  Абуталыбов Рамиз (2006), Годы и встречи в Париже, Moscou, SJS Media.
23.Юунусов Ариф (2009), Миграционные процессы в Азербайджане, Баку, Адильоглу.












VAZEH ƏSKƏROV
XÜLASƏ
FRANSA-AZƏRBAYCAN ƏLAQƏLƏRININ TARIXINƏ BAXIŞ
            XX əsr Dünyada gedən proseslər – sovetlər birliyinin dağılması, qərb ölkələrinin mədəniyyətlərinə inteqrasiya, demokratik ruhlu siyasi sistemin və pluralizmin yaradılması eləcə də bazar iqtisadiyyatına keçid yeni bir idarəetmənin formalaşmasına gətirib çıxartdı. Uzun müddət əlçatmaz qalan mövzular məhz bu dövrdən etibarən tədqiq olunmağa başlandı. Azərbaycanda diaspora mövzusu yeni olsa da mühacirət və əhalinin köçü əsrlər boyu davam edir. Buna baxmayaraq sovet dövründə bu mövzu uzun müddət əlçatmaz qalmış və yalnız 1980-ci illərin sonları tədqiqatçıları maraqlandırmağa və öyrənilməyə başlanılmışdır.
           

VAZEX АСКЕРОВ
РЕЗЮМЕ
ОБЗОР ИСТОРИЯ ФРАНКО-АЗЕРБАЙДЖАНСКИХ ОТНОШЕНИЙ
            Процессы, происходящие в мире в двадцатом веке - распад Советского Союза, интеграция в западную культуру, установление демократического плюрализма и политические реформы, а также перехода к рыночной экономике привели к формированию новой системы правления. Многие проблемы, которые в течение длительного периода оставались недосягаемыми, стали предметом исследования. Несмотря на то, что тема диаспоры является относительно новой, процесс иммиграции и переселение народов длился на протяжении веков. Хотя, эта тема оставалась труднодоступной в советскую эпоху, но с  конца 1980-х годов стала объектом внимания и изучения исследователей.

VAZEH ASGAROV
ABSTRACT
REVIEW THE HISTORY OF FRANCO-AZERBAIJANI RELATIONS
The processes taking place in the XX century, namely, dissociation of USSR, integration into the West culture, establishment of democratic pluralism and political reforms, and transition to the market economy had given a way to the formation of new system of governing. A lot of problems that were unattainable till this period began to be investigated. In spite of the fact that the theme of diaspora was sufficiently new, the process of immigration and resettlement of people has been enduring for centuries. Although this issue was arduous in Soviet period, from the end of 1980-es it turned into the object of investigations and studies.



Azərbaycan Dillər Universiteti
PhD Vazeh Əskərov

Aucun commentaire: