Nombre total de pages vues

jeudi 25 juin 2015

Miqrasiya məsələləri, Azərbaycanda sosioloji fikirlər və
Azərbaycan diasporunun formalaşması

Miqrasiya: sosial hadisələr və nəzəri prinsiplər kimi
Mühacirətin siyasi səbəblərini, sosial həyatın prinsiplərini, müxtəlif ölkələrdə miqrantların qəbul edilmə mexanizmlərini araşdırmaqdan öncə Sosiologiyanın tarixini, sosial mühacirətı və bir neçə tanınmış sosioloqların konsepsiyalarını analiz etmək yerinə düşərdi.
Sosiologiya bir elm kimi XIX əsrdə meydana gəlmiş və 1830-1930-cu illər arasında formalaşmışdır. Bu proses üç əsas spesifik hadisə ilə səciyyələnir: sənayeləşmə, urbanizasiya və institutların demokratikləşməsi. Əlbəttə ki, bu dövrə qədər də Platonun, Hobbesin, Loskenin, Humenin, Monteskiyö və Russo kimi mütəfəkkirlərin cəmiyyət ilə bağlı fikirləri mövcud idi. Onların səsləndirdikləri fikirlərdə həmişə fəlsəfi və mənəvi meyllilik hiss olunur ki, bu da Sosiologiyanın bu dövr ərzində formalaşması üçün prosesləri kölgədə qoyur.
Sosiologiyanın tarixini araşdırmaq bizə iki əsas dövrü öyrənməyi əsas verir:
1.   Fəlsəfi, sosial, siyasi və tarixi fikirlərə əsaslanan və XVIII əsrə qədər davam edən ümumi sosiologiya;
2.      İkinci dövr özü üç böyük hissələrə ayrılır;
a)      İlk pionerlər olan Karl Marks, August Comte
b)   Təsisçilər, Amerika sosioloqları və Maks Veber, eləcə də Durkheimin əsərləri
c)      Varislər, müasir sosiologiya.
Tarixçilərin fikirlərinə görə təsisçi qəhramanlar adətən şərqdən gəlir və yerləşmək üçün qərbə yönəlirlər. İlk köçəri ovçular da məhz eramızdan 400 000 il əvvəl Orta Paleolit dövründə Şərqi Afrikadan o vaxtlar hələ insan izi olmayan Avropaya Orta Şərqdən keçərək gəlmişlər. İlk insan Günəşin firlanma istiqamətini tutaraq Asiyanın qərbindəki torpaqlara qədər yerləşmişdi. Eramızdan qabaq III əsrdən etibarən Asiyanın səhralarından Avropaya hind-avropalıların köçü başlayır. Yeni tarixi araşdırmalar sübut etməyə çalışır ki, bütün millətlər mühacir axınları zamanı müxtəlif əhalinin sürətli qarışığından əmələ gəlmiş, formalaşmış və dövrlərdən asılı olaraq bu proses sürətli və ya asta templə davam etmişdir. Məsələn, bizim eranın IV və VII əsrlərindəki işğallar insanların yerdəyişməsini daha da sürətləndirdi və eləcə də Roma imperiyasının süqutu zamanı mədəni və sosial mənzərəni tamamilə dağıtdı.
Müasir mühacirət avropalıların Amerika qitəsinə köçü ilə səciyyələnir. Minlərlə insan axını “yeni həyat” axtarışı ilə yad məkana axışır. Bu köçün cəmiyyət üçün müxtəlif səbəbləri var. Belə ki, burada söhbət təşkilli surətdə və ya kölə, eləcə də iş və pul qazanmaq üçün mühacirət edənlərdən söhbət gedir.
Bu gün mühacirətin baş vermə səbəblərini araşdırarkən ortaya iqtisadi, demoqrafik, siyasi və s. məsələlər çıxır. Rəqəmlərə nəzər saldıqda aydın görünür ki, hər il bir milyondan artıq insan öz ölkəsini müxtəlif səbəblərə görə, əsasən də iqtisadi çətinliyə görə tərk edir. Bir o qədər də insan sığınacaq almaq üçün çalışır. Dünya ölkəsinin 125 milyon nəfəri doğulduğu ölkə hüdudlarından kənarda yaşayır. Bu rəqəmlər dünya əhalisinin 2,5%-i təşkil edir[1].
İmmiqrasiya siyasətini araşdıran fransalı tədqiqtçı Maxime Tandonnet üç model təklif edir[2]:
         1) Əhalinin köç edərək yerləşməsi əsasən üç qərb ölkəni (ABŞ, Kanada, Avstraliya) əhatə edir və bu, əsasən immiqrasiyanın gələcəyini və dinamizmini tərənnüm edir.
       2)   İmmiqrasiya hüququ (Cenevrə Konvensiyası 1951)[3]. Bu model birincidən çox fərqlənir və daha çox insanlar üçün kvota tələb etməyən Avropa mühacirətinə aiddir. Belə ki, əsrlər boyu avropalılar özləri işğal və köçlərin səbəbkarı idilər. İndi isə həmin avropalılar öz torpaqlarında yerləşmək üçün miqrantlara qanunlar tətbiq edirlər. Müəllif həmçinin qeyd edir ki, bu gün Qərbi Avropa bu forma mühafizəkar mühacirətdən imtina edir.
       3)    Üçüncü növ isə qeyri-stabil mühacirətdir ki, bu əsasən əmək fəaliyyəti ilə əlaqədardır. Bu mühacirət növü bütün dünya sakinlərinin mühacirəti ilə bağlıdır ki, bu halda mühacirlər uzun müddətli oturum sənədlərinə ümid bəsləyə bilməz və yerləşdiyi ölkədən iş müqavilələrinin müddətinədək çox oturum haqqında icazə ala bilməz.

Sosiologiya və Azərbaycanda sosioloji düşüncələr
Azərbaycanda sosioloji fikirlərə qədim zamanlardan rast gəlmək olur. Belə ki, Avestada yaxşı ilə pisin, xeyir və şərin müqavimətini əks etdirən səhnələrə rast gəlinir. Nizami Gəncəvi, Siracəddin Urməvi, Nəsrəddin Tusi öz əsərlərində hüquqi münasibətə, dövlət idarəçiliyi, ailə məsələlərinə geniş yer aryırırdılar. Məsələn, Urməviyə görə cəmiyyət insan orqaniziminə bənzəyir və onun idarəçiliyi başçıdan asılıdır. XIX əsrin əvvəllərində M.F.Axundov və A.Bakıxanov öz əsərlərində ictimaiyyətə sosioloji məsələlərdən bəhs edir. Daha sonralar biz Məhəmməd Hadinin, Hüseyn Cavidin, Abdulla Şaiqin yazılarında sosioloji problemlərə müraciətləri görürük. XX əsrin əvvəlləri öz ictimai fəaliyyətləri ilə dahi M.Ə. Rəsulzadə, Ə. Hüseynzadə, Ə. Ağaoğlu, Ü. Hacıbəyov və s. yeni cəmiyyətin qurulmasında (ADR) böyük rol oynamışlar.
Bolşeviklərin hakimiyyətə gəlişi ilə elmin sosial fikirlərə olan münasibəti də dəyişdi və Sosiologiya elmi burjua təbəqəsinə aid edildiyinə görə cəmiyyətdə qadağan olundu. 20-ci illərin əvvələrində universitetlərdə və akademiyalarda Sosiologiya sosial elmlərlə birləşdirilərək ictimaiyyət elmi adı altında tədris olunmağa başladı. 1924-cü ildən etibarən SSR-i ərazisində Sosiologiya bir elm kimi ləğv olundu və Sosiologiya sözünün də işlənməsi qadağan olundu[4]. Yalnız 60-cı illərdə yenidən Sosiologiyanın “hüququ” bərpa olundu. Əsas səbəblərdən biri Sovet məkanında yaşayan müxtəlif xalqların və eləcə də millətlərarası münasibətlər idi. Belə ki, SSR-i çoxmillətli bir dövlət idi və əhalisinin 45% ni qeyri-ruslar təşkil edirdi[5]. Məhz Xruşovun kommunist partiyasının 1956-cı il XX iclasındakı çıxışından sonra Sovet Sosiologiya Assosiasiyasının (1958) yaradılmasına təkan oldu. 1964-cü ildə SSR-i məkanında ilk dəfə bütün respublikaların sosial elmlər üzrə tədqiqatçılarının konfransı təşkil olundu. 1966-cı il isə Sovet sosioloqları ilk dəfə Evianda (Fransa) baş tutmuş VI beynəlxalq sosioji konqresdə iştirak edirlər.
Bu hadisədən sonra Azərbaycanda da Sosiologiya elminə yeni maraq müşahidə olunur və ilk dəfə olaraq 1968-ci ildə C.T.Əhmədlinin və V.Ə. Paşayevin “Burjua sosiologiyanın tənqidi” və 1972 C.T.Əhmədli və J.Sogomonovun “Sosiologiyaya dair söhbətlər” adlı kitabları işıq üzü görür. Bu iki əsər ilə Azərbaycan oxucusu Sosiologiyanın bir sıra vacib problemləri ilə, eləcə də sosioloji biliklərin müxtəlif səviyyələri ilə yığcam şəkildə tanış olur və bundan sonra daha sanballı sosioloji tədqiqatlar aparmağa maraq göstərir. Bu dövrün sosioloji baxışları bəzi ideoloji ehkamlardan azad olmasa da, gələcəkdə bu sahədə tədqiqatların aparılmasına geniş istiqamət vermişdi.
Müstəqilliyin bərpasından sonra Azərbaycanlı sosioloqlar Sosiologiyanın yeni struktur və mexanizmlərini işləyib hazırladılar. Hal-hazırda keçən dövr ərzində Sosiologiya bir elm kimi Azərbaycan Milli Elmlər Akademiyasında və Bakı Dövlət Universitetində tədris olunur. 




Azərbaycan diasporu
Son 200 il ərzində Azərbaycan diasporu əsasən üç ölkənin vətəndaşları ilə formalaşmışdır: İran, Türkiyyə və Azərbaycan. Ümümilikdə azərbaycanlılar və ya azərbaycan türkləri eyni zamanda Rusiya (Dağıstan), Gürcüstan (Borçalı) ərazisində yaşamaqdadırlar. Azərbaycan türklərinin tarixən məskunlaşdıqları, lakin bu gün müharibə şəraitinə görə öz torpaqlarından didərgin düşmüş məkan da vardır ki, bu da indiki Ermənistandır.
Antropoloji cəhətdən Avropoid irqinin Kaspi tipinə aid olan azərbaycanlıların sayını dəqiq təyin etmək çətindir. Eləcə də Azərbaycan diasporunun da coğrafi hüdudunu və sayını öyrənmək çətinliklər yaratmaqdadır və dəqiq say söyləmək çətindir. Lakin Azərbaycan Respublikasının prezidenti İlham Əliyev öz çıxışlarının birində demişdir ki, o, 50 milyon azərbaycanlının prezidentidir[6]. Bu gün istər UNESCO-nun, istər Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, istərsə də xaricdə akkreditə olunmuş Azərbaycan səfirlikləri və nümayəndəliklərinin verdiyi rəqəmlər də bu sayı təsdiqləməkdədir.
Azərbaycan disaporası haqqındakı bilgilərimiz yeni olsa da, diaspora tarixi daha qədimdir və onu bir neçə dövrlərə bölmək olar:
1.   Birinci dövr VII əsrin sonları VIII əsrin əvvəli ərəblərin işğalı ilə başlamış və bu dövrdən əvvəlki Azərbaycan diasporası haqqında məlumatımız yoxdur. Daha çox tekallahlığı qəbul etməyən və müxtəlif inanclara sahib olan (atəşpərəstlər, bütpərəstlərin) insanların köçü ilə yadda qalır.
2.      İkinci dövr Şərqdə intibah ilə başlamış, XVIII əsrə kimi davam etmiş və Teymurləngin Azərbaycan torpaqlarını işğal etməsi ilə daha çox şairlərin və yazıçıların köç etməsi ilə səciyyələnir.
3.      Üçüncü dövr rusların Qafqazı işğal etməkləri, Gülüstan və Türkmənçay müqavilələrinin bağlanması, Rusiya-İran, Rusiya-Osmanlı müharibələri ilə yaranmış siyasi şəraitə görə öz torpaqlarını tərk etmək məcburiyyətində olan soydaşlarımız ilə formalaşmışdır.
4.      XIX əsrin əvvəllərində Azərbaycan mühacirəti daha intensiv xarakter alır, daha çox ziyalıların köçü ilə reallaşır. Bu dövrün özünü bir neçə hissəyə ayırmaq olar:
a) 1905-ci ildə ilk etnik münaqişə, erməni-azərbaycan münaqişəsinin yaranması və regionda baş verən inqilablar (Rusiyada 1905-1907-ci illər, İranda 1908-ci il Məşrutə və Türkiyədə 1908-ci il Gənc Türklər İnqilabı).
b)  Birinci Dünya müharibəsi və Azərbaycan Demokratik Respublikasının qurulması ilə başlanan mühacirət.
c)  İkinci Dünya müharibəsi və 1945-ci il İran inqilabı, eləcə də soyuq müharibənin başlanması.
d)      Sovetlər birliyinin dağılması və diasporaya yeni baxışın yaranması.
Ümumilikdə, azərbaycanlıların xaricdə ilk təşkilatlanmaları və müasir diasporanın formalaşması II Dünya müharibəsindən sonraya, daha dəqiq desək, 1949-cu il Məmmədəmin Rəsulzadənin başçılığı ilə yaranmış Azərbaycan Mədəniyyət dərnəyi ilə başlanmışdır. Digər bir dərnək isə 1958-ci il ABŞ-ın New Cersi ştatında “Amerika-Azərbaycan Təşkilatı” adı altında fəaliyyətə başlamışdır. Lakin həmin dövrün siyasi vəziyyəti və ideologiyası diasporanın milli ruhda formalaşmasına dəstək ola bilməzdi. 1949-cu ildən AzərbaycanınXarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyəti” yaranır, 1960-cı ildən “Vətən Səsi” jurnalı və 1982-ci ildən “Odlar Yurdu” qəzeti nəşrə başlayır. 1947-1975-ci illər ərzində təşkilat Danimarkada, İtaliyada və Fransada “Azərbaycan mədəniyyəti günləri” keçirir. Lakin yenə də qeyd etmək istərdik ki, Sovet sisteminin qapalı olmasına görə Azərbaycan diasporasının bu təşkilatlarla əlaqə qurmağı yasaq olaraq qalırdı.
80-cı illərdə Elçin Əfəndiyevin yaratdığı “Vətən Təşkilatı” diasporu ilə vətən arasında əlaqələrin qurulmasında, eləcə də Tadeusz Swietochowski, Ehmed Chmide, Audrey L. Altstadt kimi alimlərin Azərbaycanla əlaqələrinin qurulmasında müstəsna rol oynadı. 1986-1992-ci illər arasında təşkilat xaricdə 50-yə yaxın dostluq cəmiyyəti, təşkilat və qurumlar yaratmağa müəssər oldu. 18 oktyabr 1918-ci il Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdi və bu tarixdən başlayaraq tarixdə yaşayan azərbaycanlılara da münasibət dəyişdi. 26 dekabr 1991-ci il Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə 31 dekabr azərbaycanlıların həmrəylik günü kimi qəbul olundu.
Bu gündən 25 il keçməsinə baxmayaraq, Azərbaycan diasporası hələ də öyrənilməkdədir. Bu sahəyə dövlətin də həmişə böyük dəstəyi olmuşdur. Lakin deyə bilərik ki, Azərbaycan diasporasının öyrənilməsinə və eləcə də güclü lobbinin qurulmasına mütləq surətdə diaspora tarixi araşdırılmalı, diasporanın səbəbləri, sayının formalaşma mərhələləri, çoğrafiyası və yaşayış səviyyəsi, eləcə də diaspora quruculuğunda nəşrlər tədqiq edilməlidir.




[1] TANDONNET Maxime (2007), Géopolitique des migrations. La crise des frontières, Paris, Ellipses Marketing.
[2] TANDONNET Maxime (2007), Géopolitique des migrations. La crise des frontières, Paris, Ellipses Marketing.
[3] 28 iyul 1951-ci il qaçqınların statusu ilə bağlı Cenevrə Konvensiyası və ya sadəcə Cenevrə Konvensiyası, qaçqınların huquq və dövtətin hüquqi öhdəliklərini müəyyən edən sənəddir. 1967-cı ildə qəbul olunmuş protokol Konvensiyanın coğrafi və zaman məhdudiyyətini ləğv etmişdir.
[4] MESPOULET Martine (2007), La « renaissance » de la sociologie en URSS (1958-1972), Revue d'Histoire des Sciences Humaines 1/2007 (n° 16), p. 57-86.
[5]ЯДOВ Владимир (1998), Социология в России, Москва, Издательство Института социологии РАН.
[6] Azərbaycan jurnalı, 17 mart 2006.

VAZEH

Aucun commentaire: