Türkiyə səfərindən ...
Prorektor
Vazeh Əsgərov: “Azərbaycan təhsil
sisteminin müasirləşdirilməsi təhsilin elektronlaşdırılmasından və müasir tələblərlə
idarə olunmasından keçir”
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11
noyabr 2014-cü il tarixli əmri ilə Türkiyə Cümhuriyyətinin tanınmış
universitetlərində stajkeçmə məqsədi ilə oraya ezam olunan Azərbaycan
Respublikası Dövlət ali təhsil müəsisələrinin bir qrup məsul əməkdaşının içərisində
ADU-nu universitetin Tədris işləri üzrə prorektoru, doktor Vazeh Əsgərov təmsil
etdi. Prorektor Vazeh Əsgərov “Poliqlot”a müsahibəsində Türkiyə səfərindən
danışdı.
-
Türkiyədə
səfərdə olmusunuz? Səfərin məqsədi nə idi?
-
Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli nömrəli Sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası” ölkəmizdə təhsilin strateji hədəflərini və bu istiqamətdə yerinə
yetiriləcək tədbirləri müəyyənləşdirmişdir. Azərbaycan Respublikasının Təhsil
Nazirliyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”nda müəyyən edilmiş əsas hədəflərin həyata keçirilməsi ilə bağlı
ali təhsil müəsisələrinin qarşısında yeni vəzifələr qoyur və kollektivlərin məsuliyyətini
artırır. Bu istiqamətdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən
sistemli tədbirlər həyata keçirilir ki, bunlardan biri də ali təhsil müəsisələrində
məsul vəzifələrdə çalışan əməkdaşlarının ixtisasartırması ilə bağlıdır. Bildiyiniz
kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 noyabr 2014 tarixli 11/288
saylı əmri ilə Azərbaycan Respublikası Dövlət ali təhsil müəsisələrinin bir
qrup məsul əməkdaşı Türkiyə Cümhuriyyətinin tanınmış universitetlərində
stajkeçmə məqsədi ilə 2 həftəlik qardaş ölkəyə ezam olunmuşdur. Azərbaycanın
Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində yerləşən universitetlər üzrə 15
universitetdən 6 prorektor, 9 dekan bu layihədə iştirak edirdi.
Səfərin
sizdə yaratdığı təəssüratlar?
-
Proqram
zəngin və maraqlı təşkil olunmuşdu. Türkiyədə fəaliyyət göstərən 8 universitet
rəhbərləri ilə görüşlərimiz oldu. Universitetlərin kampusları, idarəedilmə
prosesləri, tələbələrlə görüşlərin təşkil edilməsi istiqamətində aparılan işlərlə
yaxından tanış olmaq imkanı əldə etdik. Türkiyənin Eskişəhər (Anadolu
Universiteti) və Konya şəhərlərinin universitetləri də daxil olmaqla, 8-ə yaxın
qurumlarda görüşlər keçirdik. Bununla yanaşı, Ankarada yerləşən Heydər Əliyev
parkını ziyarət etmək, Türkiyənin Texniki Universitetinin nəzdində fəaliyyət
göstərən Heydər Əliyev mərkəzinə səfər etmək xüsusi qürurverici bir amil idi.
-
Türkiyədəki
təhsil sistemi ilə bizim təhsil sisteminin fərqləri nədədir?
-
Türkiyədə
olduğum dövrdə Bilkent Universiteti, həmçinin bu universitetin Texnoparkı,
Ankara Universiteti, Anadolu Universiteti, Orta Doğu Texniki Universiteti,
Hacıtəpə Universiteti, Qazi Universiteti, Avropa Birliyi Bakanlığı, Türk Həmkarlar
İttifaqının sədri, Azərbaycanın Ankaradakı səfirliyi, Ankara Bələdiyyəsi, Türkiyə Böyük Millət Məclisi, Strateji Araşdırmalar
(SETA), Türkiyə və Orta Doğu İdarəçilik İnstitutunda (TODAİE) rəhbər şəxslərlə
görüşlər keçirildi. Bu görüşlər ərəfəsində bir sıra müşahidələrimə əsasən məni
maraqlandıran əsas istiqamət kimi onu deyə bilərəm ki, təhsil və tədris sistemlərinin
təşkili baxımından oxşar cəhətlər çoxdur. Lakin sistemin idarə olunması daha fərqli
təşkil olunur. Türkiyə universitetlərində də təhsil sisteminin alman təhsil
sisteminə uyğunlaşdırılaraq inkişaf etməsi iki ölkənin təhsilində oxşarlıqlara
səbəb olur. Lakin son 20 ildə türk təhsil sisteminin daha çox Amerika təcrübəsinə
söykənməsi çox böyük fərqlər ortaya qoyur. Məsələn, universitetlər üzrə (hətta
dövlət universitetləri belə) dərslərin 70 faizinin ingilis dilində aparılması,
tədrisin elektron idarə olunması, o cümlədən distant təhsil sisteminin
qurulması və onun mükəmməl şəkildə idarəçiliyi Türkiyə təcrübəsindən öyrənməyə əsas
verir. Təsadüfi deyil ki, dünyanın ikinci ən böyük universiteti də məhz Türkiyənin
Anadolu Universitetidir ki, 2 milyona yaxın tələbə ordusu vardır. Ən maraqlı məqam
isə odur ki, bu rəqəmdən cəmi 30 min tələbə aktiv dərslərə qatılır. Təhsilin
idarə olunmasında Milli Eğitim Bakanlığı və Yüksək Öğrətim Kurulu (YÖK) qurumlarında
olan görüşlərimiz çox maraqlı oldu. Onların fəaliyyəti Azərbaycanın Ali
Attestasiya Komissiyasının fəaliyyəti ilə eynilik təşkil edir. Ətraflı olaraq
qeyd edim ki, Milli Eğitim Bakanlığı ölkə məktəblərinə və liseylərə rəhbərlik
edir. Yüksək Öğrətim Kurulu (YÖK) isə Türkiyə Cümhuriyyətinin ali təhsil
strukturu, kadr formalaşdırılması, ali təhsil və dərəcə sertifikatlarının
(diplomların) verilməsi, idarəedici strukturlarda seçkilər (rektorlar,
prorektorlar, dekanlar, bölüm başqanları) və bu kimi məsələlərlə məşğul olur.
-
Türkiyəli
tələbələr və azərbaycanlı tələbələr nə ilə fərqlənirlər?
-
Səfərin
məqsədinə uyğun olaraq biz Türkiyədə yalnız qurumların rəhbərlikləri ilə görüşlər
keçirərək iki ölkənin təhsil sistemində qazanılan təcrübələrlə bağlı fikir
mübadilələri apardıq. Təəssüflə qeyd etmək istəyirəm ki, bu səfər müddətində
orada təhsil alan tələbələrlə görüşmək və onların fikirlərini eşitmək bizə nəsib
olmadı. Bu səbəbdən də qardaş ölkələrin gənclərinin fikirlərində və təhsilə
yanaşmalarında oxşar və fərqli cəhətləri aşkarlamaq mümkün olmadı.
-
Nə
kimi təkliflər, perspektivlərlə və ya ideyalarla geri döndünüz?
-
Təbii
olaraq, yeni təhsil qurumlarının təcrübəsini izləmək, onlarla bu mövzuda fikir
mübadiləsi aparmaq hər iki tərəf üçün inkişafa yönəlmiş addımlardır. Bu səbəbdən
düşünürəm ki, qarşılıqlı olaraq uğurlu təcrübələrdən yararlanmaq və onları tətbiq
etmək yalnız ölkəmizin təhsil sistemində irəliləməsinə xidmət göstərəcəkdir. Azərbaycan
təhsil sisteminin müasirləşdirilməsi təhsilin elektronlaşdırılmasından və
müasir tələblərlə idarə olunmasından keçir. Bu nöqteyi-nəzərdən məni maraqlandıran
amillərdən ən vacibi Azərbaycan təhsil sisteminə yeni innovativ metodların gətirilməsi,
texniki vasitələrlə işin daha sürətli və səmərəli təşkili (elektron jurnallar,
elektron qeydlər, elektron ödəmələr və s.) baxımından ADU-da, eləcə də Azərbaycanın
digər ali məktəblərində ilk növbədə bu işləri görəcək peşəkar personalı
yaratmaq, universitetin yüksək səviyyəli inkişafına nail olmaq üçün yaradılmış
işçi qrupunun müxtəlif layihələrlə çıxış etməsinə zəmin yaradaraq uğura tərəf
addımlamaqdır. Təhsilin distant formaya keçirilməsi, təhsilin uzaqdan idarə
olunması, universitetin kompyuterləşdirilməsi, eləcə də universitetin ümumi elektron
bazasının yaradılmasının ölkəmizdə də reallaşdırılması üçün səfər müddətində əldə
etdiyim nəticələr əsasında düşündüyüm məsələlərdir. Bir şeyi də qeyd edim ki,
bu 2 həftəlik səfər zamanı Azərbaycanın 15 müxtəlif universitetinin nümayəndələrinin
bu və ya digər formada fəaliyyət göstərdikləri ali təhsil müəssisələrində
yeniliklər aparmaq istiqamətində cəhd göstərdiklərini müşahidə etdim. Bir növ
bu səfərdən öncə əksəriyyətinin bir-birini tanımaması və Türkiyədə öz universitetinin
praktikasını paylaşması hamının böyük marağına səbəb oldu. Düşünürəm ki, Azərbaycan
Respublikasının Təhsil Nazirliyi tərəfindən bu layihələr yenə də olacaqdır və
bu layihələrdə iştirak edən hər bir idarəçi-rəhbər Azərbaycan təhsil sisteminin
gələcək inkişafına öz töhfəsini verəcəkdir.
Azərbaycan Dillər Universiteti
“Poliqlot” dekabr, 2014