Nombre total de pages vues

vendredi 31 août 2012


Vazeh Əsgərov - Azərbaycan Evində

2012-07-03

Vazeh Əsgərov 1978-ci ildə anadan olub. 89 saylı məktəbi bitirəndən sonra 1995-1999-cu illərdə Azərbaycan Dövlət Dillər Universitetində ali təhsil alıb. Bir illik hərbi xidmətdən sonra əmək fəaliyyətinə başlayan Vazeh Əsgərov təhsilini davam etdirmək üçün 2003-cü ildə Fransanın Strasburq şəhərinə yollanıb. Bu müddət ərzində filologiya ixtisası üzrə Maitrise, Master I və Master II diplomlarını alıb, 2007-ci ildən Strasburq Universitetinin doktorantura bölməsində elmi axtarışlar aparır. 2005-ci ildə Fransada Azərbaycan Tələbə Assosiasiyasına (FATA) rəhbər seçilən Vazeh Əsgərov elə həmin ildə Strasburqda yerləşən digər iki təşkilatla birgə Azərbaycan Evini yaradıb.
Vazeh bəy, Fransa Azərbaycanın ərazi bütövlüyünü qəbul etsə də, hər zaman açıq şəkildə erməni diasporunu dəstəkləyir. Sizcə, hansı vasitələrlə fransızları bu yanlış fikirlərdən çəkindirmək olar?
- Fransızların açıq şəkildə erməni diasporunu dəstəkləməsi bilavasitə burada yaşayan ermənilərin bütün XX əsr boyu Fransaya olan inteqrasiyasından irəli gəlir. Ermənilər Fransada, eləcə də məskunlaşdıqları digər ölkələrdə illər boyu özünütəsdiq yolunda inadla mübarizə aparmış və uğurlu siyasətlərini yeritməyə müvəffəq olmuşlar. Qeyd edim ki, qeyri-rəsmi məlumatlara görə Fransada 70 minə yaxın azərbaycanlı yaşayır və onların da böyük hissəsini İrandan, Türkiyədən gələn həmvətənlərimiz təşkil edir. Son 15 ildə Fransada məskunlaşan, ticarət əlaqələri quran, eləcə də təhsil almağa gələn soydaşlarımızın sayı artmaqdadır. Zənnimcə, fransız ictimaiyyəti içərisində Vətənimizə olan müsbət rəyi yalnız təşkilatlanmaqla, həmçinin yaşadığın ölkəninin dilində ölkəmiz haqqında bülletenlər, jurnallar, qəzetlər, kitablar dərc etməklə, müxtəlif səpkidə İnternet resurslarını yaratmaqla qazanmaq olar.
Rəhbərlik etdiyiniz Azərbaycanlı Tələbələr Assosiasiyası Fransanın ictimai həyatına nə dərəcədə inteqrasiya oluna bilib?
- Bu illər ərzində çoxlu sayda tədbirlər təşkil etmişik. Fəaliyyət göstərən təşkilatlara, yeni gələn azərbaycanlı və xarici tələbələrə, eləcə də müəllimlərə Strasburqda yerləşən Azərbaycan Evinin fəaliyyəti haqqında məlumat vermək üçün görüş təşkil etmişik. Bundan başqa RBS Radiosunda Azərbaycanla bağlı iki saatlıq proqramla vaxtaşırı efirə çıxırıq. Hətta 20 Yanvar günü ilə əlaqədar xüsusi proqram da hazırlamışdıq. 2008-ci ilin 13 dekabr tarixində «Dünyada yaşayan azərbaycanlılar, onların soy kökləri, mədəniyyətləri, müasir dünyada Azərbaycanın rolu və neft strategiyası» mövzusunda elmi konfrans, 2009-cu ilin 16 dekabr tarixində Strasburq Universitetinin müəllimi Yohan Ştraus tərəfindən verilən «Müasir və saf dilçilik Azərbaycan və Türkiyə türkcəsində» mövzusunda Universitetin MISHA mərkəzində elmi konfrans, 2009-cu il 20 yanvar tarixində qanlı Yanvar faciəsinin ildönümünə həsr edilmiş mitinq, 2009-cu il 20 fevral tarixində 21 fevral «Beynəlxalq ana dili» gününə və öz ana dillərində təhsil almaqdan məhrum edilən 35 milyon Güney Azərbaycan Türkünə itfah olaraq Strasburq Universitetinin doktorantı Məmməd İsmayılovun «Azərbaycanın dil siyasətinin tərəfləri; dünən və bu gün, milli və regional məqsədlər» adlı təqdimat, elə həmin il 28 fevral tarixində türk diaspor nümayəndələrinin iştirakı ilə Xocalı faciəsinin ildönümünə həsr edilmiş mitinqin təşkili və yerli mətbuatda işıqlandırılması, eləcə də bununla bağlı «Heydər Əliyev Fondu»nun təqdim etdiyi eksponatlar əsasında geniş sərginin təşkili, 2009-cu il 21-22 may tarixlərində Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullanın fransız dilində çıxmış «Azərbaycanca danışaq» kitabının təqdimatı və "Langue et litterature en Republique d'Azerbaidjan, Evolutions actuelles" mövzusunda konfransın təşkili və s. tədbirləri həyata keçirmişik.
Cəmiyyətinizin neçə üzvü var?
- Cəmiyyətin üzvlərinin sayı təhsil ilindən asılı olaraq artmaqdadır. Əsasən Strasburqda təhsil alan azərbaycanlı tələbələrin sayı 70-dən yuxarıdır. Bura eyni zamanda daim əməkdaşlıq etdiyimiz digər xarici təşkilatların fəal üzvlərini də əlavə etmək olar.
Ümumiyyətlə, Fransada təhsil alan, yaşayan azərbaycanlı gənclərlə görüşürsünüzmü?
- Fransanın digər bölgələrində fəaliyyət göstərən Azərbaycan tələbə təşkilatları ilə həmişə mübadilə aparır və keçirdikləri tədbirlərdə iştirak edirik. Qeyd edim ki, təşkil etdiyimiz tədbirlərə qatılan azərbaycanlıların sayı 200-dən yuxarı olur. Son 3 ildə bütün Elsas bölgəsində yaşayan azərbaycanlıların əsas görüş yeri Strasburqda yerləşən Azərbaycan Evidir.
Tələbələr milli azlıq olaraq hər hansı çətinliklərlə qarşılaşmırlar ki?
- Təhsil müddətində tələbələrin müəyyən qayğılarla rastlaşmağı normaldır. Amma bunları heç cür milli məsələ ilə bağlamaq olmaz. Tələbələrin əsas çətinliyi Fransa və Azərbaycan arasında olan təhsil sisteminin müxtəlifliyidir. Təşkilatımızın da 1999-cu ildə yaradılmasının əsas məqsədi yeni gələn tələbələrə yaxından kömək etmək, onlara mənəvi dəstək vermək olub.
Ümumiyyətlə, Fransada Azərbaycana - onun mədəniyyətinə, siyasətinə münasibət necədir?
- Ümumi ölçüdə götürsək, digər avropalılardan fərqli olaraq fransızların Azərbaycan haqqında məlumatı azdır. Bu da Azərbaycanın uzun illər boyu sovetlər birliyində olması, öz müstəqil siyasətini yürüdə bilməməsi ilə bağlıdır. Lakin son illər ərzində ölkəmizə marağın sürətlə artdığının şahidi oluruq. Əlbəttə, bu bizi sevindirir və müəyyən stimul verir. Fransa və Azərbaycan arasındakı ticarət əlaqələrinin 1708-ci ildə imzalanmasını nəzərə alsaq görərik ki, dövlətimizə olan pozitiv münasibət qədim tarixə malikdir. İlk diplomatik əlaqələrimiz isə 1919-cu ildə ADR tərəfindən Fransaya Versal sülh konfransında iştirak üçün göndərilmiş nümayəndə heyəti arasında olmuşdur. Lakin müəyyən səbəblərdən bu əlaqələr ölkəmiz yenidən müstəqilliyini əldə etdikdən sonra qurulmağa başlamış və ilk müstəqilliyimizi tanıyan respublikalardan biri də məhz Fransa olmuşdur.
Daha hansı ölkələrin diaspor təşkilatları ilə əlaqələr yaratmısınız?
- Təşkilatımız fəaliyyətini hər zaman əlaqəli şəkildə görür. 2003-cü ildən bəri Fransada fəaliyyət göstərən Fransada Xarici Tələbələrin Birliyinə (UDEES), Fransa Tələbələrinin Milli Birliyinə (UNEF) və CARES (Strasburqda Yaşayan Xaricilərin Koordinasiya Təşkilatı) təşkilatlarına üzv olmuş, onların fəaliyyəti ilə yaxından tanış olandan sonra digər dövlətlərin təşkilatları ilə də sıx mübadilə aparmışıq.
Onlarla hər hansı bir layihələrdə iştirak edirsinizmi?
- FATA Fransada fəaliyyət göstərən bir çox cəmiyyətlər ilə bərabər müxtəlif tədbirlərin də təşkilatçısıdır. Buna misal olaraq, Fransa Universitetlərinin Regional Mərkəzinin 500 nəfərlik restoranında Azərbaycan mətbəxinin təqdimatını, milli ornamentləri nümayiş edən sərgini, milli geyimdə azərbaycanlı tələbələrin rəqslərinin nümayişini, Strasburq Universitetində Azərbaycana həsr olunmuş foto sərgini, musiqi bayramlarında tələbələrimizin çıxışlarını, eləcə də tez-tez keçirilən idman yarışlarındakı çıxışlarımızı və s. göstərmək olar.
Azərbaycanı Fransa cəmiyyətinə daha yaxın etmək üçün hər hansı bir təklifləriniz varmı?
- Sevindirici haldır ki, bu proses artıq başlamışdır. Bunun möhkəmləndirilməsi üçün ənənəyə sadiq qalaraq Azərbaycan haqqında nəşrləri, kitab tərcümələrini çoxaltmalı, digər təşkilatlar ilə əlaqələri daha da inkişaf etdirməli və təhsildə yüksək nəticələr göstərməliyik.
Azərbaycanlı gənclərə arzularını bilmək istərdik…
- Fərəh doğurucu haldır ki, bu gün Azərbaycan gənci xaricdə heç bir çətinlik çəkmədən, dövlətin qayğısı ilə təhsil alır. Tələbələrimizə təhsil müddətini uğurla başa vurmağı və gələcəkdə Azərbaycanın inkişafı naminə öz töhfələrini əsirgəməməyi arzulayıram.

Ülviyyə Heydərova




Aucun commentaire: