Azərbaycan-Fransız Universitetindən olan reportaj:
Artkaspi.az Şəbnəm Mehdizadə
Hatəmxan ağa üzünü Şahbaz bəyə tutub soruşur: "Şahbaz, doğrudur ki, Parisə getmək istəyirsən?
Şahbaz bəy: "Bəli, əmi, əgər sizin rüsxətiniz olsa, müsyö Jordan ilə gedərəm, genə sonra özüm qayıdaram, gələrəm”.
Hatəmxan ağa: "Nədən ötrü, balam?”
Şahbaz bəy: "Firəng dilini öyrənməyə, əmi. Mən oranın adət-ənənəsini Parisə getmədən necə öyrənə bilərəm?!”
Yəqin ki, Mirzə Fətəli Axundzadənin bu sətirləri hamınıza tanış gəldi. Orada qeyd olunan məsələ bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki gənclər dərk edir ki, uğurlu karyeraya yaxşı təhsil almaq və dil biliklərini artırmaqla nail ola bilərlər. Amma indi firəng dilini öyrənmək üçün Şahbaz bəy kimi Firəngistana getməyinizə ehtiyac yoxdur.
Bunun üçün Azərbaycanda Şahbaz kimi gənclərə geniş imkanlar yaradılıb. Belə ki, Azərbaycan-Fransız Universitetində (UFAZ) bunun əyani şahidi olduq. Universitetlə tanışlığa girişdəki lövhədən başladıq. Lövhədə UFAZ-ın yerləşdiyi bina haqqında ətraflı məlumat var. Tarixi qədimliyi ilə seçilən universitetin binası 1913-cü ildə tikilərək istifadəyə verilib. Bina uzun illər Azərbaycan Neft və Sənaye Universitetinin üçüncü tədris binası kimi fəaliyyət göstərib. 2016-cı ildə isə əsaslı təmirdən sonra Azərbaycan-Fransız Universitetinin tədris binasıdır.
Universitetlə ümumi tanışlıqdan əvvəl UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərovla həmsöhbət olduq. Vazeh müəllim deyir ki, UFAZ gələcəyin ziyalılarını yetişdirməyə çalışır: "Əsas məqsədimiz cəmiyyətə yararlı olmaqdır. UFAZ Fransanın keçmiş prezidenti Fransua Olland və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin birgə təşəbbüsü ilə 2014-cü ildə yaradılıb və 2016-cı ildən etibarən fəaliyyətə başlayıb. Hazırda burada dörd ixtisas – Geofizika mühəndisliyi, Kimya mühəndisliyi, Kompüter elmləri və Neft və qaz mühəndisliyi üzrə tələbə qəbulu həyata keçirilir. Qəbul üçün DİM-in imtahanından sonra universitetdaxili daha bir imtahan keçirilir. Belə ki, birinci ixtisas qrupu üzrə 500-dən yuxarı bal toplayan tələbələr universitetimizin imtahanlarında iştirak etmək üçün müraciət edir və bu müraciətdən sonra Strasburq Universitetinin qaydalarına əsasən, imtahanlar təşkil edilir. Hər ixtisas üzrə 40, ümumilikdə 160 yer üzrə tələbə qəbulu həyata keçirilir. Hazırda universitetimizdə 415 tələbə təhsil alır”.
V.Əskərov bildirdi ki, universitetdə tədris ingilis dilində aparılır. Bundan başqa, tələbələrə intensiv şəkildə fransız dili dərsləri tədris olunur: "Fransız dilinin tədrisi tələbələrimizə gələcəkdə Fransada, yaxud fransızdilli ölkələrdə magistr, doktorantura pillələri üzrə təhsillərini davam etdirərkən faydalı olacaq. Bizim tədris proqramlarımız Strasburq Universitetinin proqramı əsasında hazırlanıb.
Müəllimlərimizin 50 faizdən çoxu Strasburq və Ren1 universitetlərindən dəvət edilib. Bundan başqa, daimi olaraq burda beş fransız müəllim fəaliyyət göstərir. Üç əsas elmi ekspertimiz isə Strasburq Universitetinin prorektoru, kimya fakültəsinin dekanı və kompüter elmləri fakültəsinin dekanı olaraq fəaliyyət göstərir. Hazırda universitetdə bakalavr təhsili verilir. Gələcəkdə tədrisin üç pillə üzrə də aparılması nəzərdə tutulub”.
Ən yaxşı universitet
Tələbələr üçün universitet bufeti həmişə maraqlı məkan olaraq xatırlanır. Dedik biz də universitetin bufetinə baş çəkək. Yeməkxana hələlik tam şəkildə hazır olmasa da, tələbələr fasilə vaxtını burada keçirməyi sevir. Bəziləri yemək yeyir, bəziləri dostları ilə söhbət edir. Dərsləri çox olanların isə əlində dəftər, kitab qarşılarında da kompüter. Diqqətimizi çəkən məqamlardan biri də burada tələbələrin öz aralarında bir neçə dildə, rus, ingilis, Azərbaycan dilində danışmaları oldu.
Tələbələrdən biri İradə Bünyatova bu yaxınlarda "Azərspace-2”-in buraxılışı zamanı Fransada olub. O, hazırda kompüter mühəndisliyi ixtisası üzrə təhsil alır: "Üçüncü kursda təhsil alıram. Bu yaxınlarda Fransada oldum. Bu şansı mənə universitet yaratdı. Burada verilən təhsil məncə, hər bir tələbənin ürəyincədir. Demək olar ki, Azərbaycanın ən yaxşı müəllimləri bizim universitetdə çalışır. Təhsil sistemi isə digərlərindən yaxşı mənada xeyli fərqlənir. Məncə, bizim universitet ən yaxşı universitetdir”.
Geofizika mühəndisliyi üzrə təhsil alan İbrahim Kərimov isə birinci kurs tələbəsidir. Dediyinə görə, bu universitet fəaliyyətə başladığı vaxtdan onun diqqətini çəkib. Beləliklə, o, burada təhsil almaq qərarına gəlib: "10-cu sinifdə oxuyandan bəri bu universitetdə təhsil almağı qarşıma məqsəd qoymuşdum. Çünki UFAZ-da digər universitetlərdən fərqli olaraq xarici universitetlərin təhsil mühiti yaradılıb. Bizim iki diplom almaq şansımız var. Burada hər şey gözlədiyim kimi oldu. Arzuladığım universitet və tələbəlik həyatını yaşayıram. Dərslər hələlik qaydasında olsa da, getdikcə çətinləşir. Tədris ingilis dilindədir və burada səviyyələr üzrə bölgü aparılıb. Bu isə dilimizi inkişaf etdirməkdə çox faydalıdır. Fransız dili mənə çətin gəlir. Bacım fransız dili müəllimidir və mənə kömək edir. Amma yenə də çətinlik çəkirəm. Ümid edirəm ki, bunun da öhdəsindən gələcəm”.
Nəzrin Kərimli də geofizika mühəndisliyi üzrə təhsil alır. Deyir ki, universitetin iki diplom verməsi onun seçiminə təsir edib: "Müəllimlərimiz gənc kadrlardır. Biz onları müəllimlərimiz kimi yox, bizə yola göstərən dost kimi qəbul edirik. Dərslər ilk həftələrdə çətin gəlirdi. Bu da təməl biliklərlə bağlı olan məsələ idi. Amma yüksək balla qəbul olan hər bir tələbə bu çətinliyin öhdəsindən gələ bilər”.
Nəzrinlə söhbət edən rəfiqəsi Nuridə Əmrahlı da onunla həmfikir olduğunu bildirdi: "Universitetimiz bizə bir sıra üstünlüklər qazandırır. Burada tələbələrin dərsdən kənar aktiv sosial fəaliyyət göstərməsi üçün geniş imkanlar yaradılıb. Dərs zamanı demək olar ki, Azərbaycan dilindən istifadə etmirik. Çünki tədris sırf ingilis dilində aparılır. Gələcəkdə karyera qurduğumuz zaman bunun bizə çox faydalı olacağını düşünürəm”.
Uşaqlara uğurlar arzulayıb universitetin tədris zalına yaxınlaşırıq. Burada müəllimlər öz tələbələrinə mühazirə oxuyur. Bu zal həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün də nəzərdə tutulub. Zalın təqribən 180-200 nəfərlik tutumu var.
Zəngə ehtiyac yoxdur
Gəldiyimizdən bəri universitetdə dərslərin başlamasını və bitməsini bildirən zəng səsini eşidə bilməmişik. Bunun səbəbini soruşuruq. Vazeh müəllim deyir ki, hələ Strasburqda təhsil alarkən orada da bu ənənə tətbiq olunurmuş. Belə ki, orada da zəngdən istifadə olunmayıb: "Biz çalışırıq ki, tələbələrə tam müstəqillik verək. Onların özünü sərbəst mühitdə hiss etməsi bizim üçün çox önəmlidir. Bundan başqa, hər dərsin ağası müəllimdir. O özü dərsin zamanlamasını etməyi bacarmalıdır. Hələlik bununla bağlı problem yaşamamışıq. Hər kəs öz vaxtını düzgün şəkildə idarə edə bilir. Bundan başqa, universitetimizdə dərslər bir növbəlidir. Gün ərzində tələbələrin dörd dərsi olur. Dərslər arasında 15 dəqiqə fasilə var. İki dərsdən sonra isə bir saatlıq nahar fasiləsi olur”.
Xoşbəxtlik simvolu
Koridorda gəzişərkən xoşbəxtliyin formulunu tapdıq. Serotoninin formulu – "C10H12N2O” divarda yazılıb. Aşağıda isə onun xoşbəxtlik formulu olduğu qeyd olunub. Deyilənə görə, bu, insanın öz xoşbəxtlik formulunu tapması üçündür. Ümid edirik ki, hər bir tələbə təhsilini müvəffəqiyyətlə bitirdikdən sonra öz xoşbəxtlik simvolunu tapacaq.
"Gələcəyin mühəndislərini yetişdiririk”
Müəllimlər otağına yaxınlaşırıq. Fizika müəllimi Şamil Qudavazovla həmsöhbət oluruq: "Universitetdə bu ildən etibarən çalışıram. Buradakı sistem Fransanın tədris sistemi əsasında qurulduğu üçün biz müəllimlər üçün çox rahatdır. Buradakı tələbələrin də biliyi və dünyagörüşü çox yüksəkdir. Çünki onların hər biri 500-dən yuxarı bal yığıb və savadlı gənclərdir. Onlarla işləmək çox asandır. Məqsədimiz gələcəyin savadlı mühəndislərini yetişdirməkdir”.
Könül Əliyeva isə kompüter elmləri ixtisasının tədrisi ilə məşğuldur: "Müəllim olaraq fəaliyyətimə bu ildən başlamışam. Tədrisi xaricdən dəvət edilən müəllimlərlə birlikdə aparırıq. Tələbələr çox aktivdirlər. Onlarla işləmək bizim üçün də maraqlıdır”.
Bir kitab götürəndə, birini hədiyyə et
Və nəhayət universitetin kitabxanasındayıq. Burada adət etdiyimizdən fərqli mənzərə ilə rastlaşdıq. Tələbələr həm kitab oxuyur, həm də fikir mübadiləsi aparırlar. Kitabxanaya "açıq kitabxana” deyilməsinin də öz sirri var imiş. Sən demə, burada tələbələr kitabları götürüb oxuduqdan sonra yerinə qaytarır. Bunun üçün onlardan heç nə tələb olunmur. Kitab oğurluğu hər nə qədər oğurluq hesab edilməsə də, müəllimlər ilk başda bundan ehtiyat edirmiş. Amma zamanla burada kitabların sayı azalmayıb, əksinə artıb. Bunun səbəbi isə hər bir tələbənin öz kitabxanasından bura kitab hədiyyə verməsidir. Tələbələr bu məsələdə xüsusi təşəbbüskarlıq göstərir.
Gənclərə uğurlar arzulayıb, universitetdən ayrılırıq. Universitetdə olduğumuz qısa müddət ərzində burada gələcəyin ən yaxşı mühəndislərinin yetişdiyinə dair heç bir şübhəmiz qalmır.
Aucun commentaire:
Enregistrer un commentaire