Miqrasiya məsələləri, Azərbaycanda sosioloji
fikirlər və
Azərbaycan diasporunun formalaşması
Miqrasiya:
sosial hadisələr və nəzəri prinsiplər kimi
Mühacirətin siyasi səbəblərini, sosial həyatın prinsiplərini, müxtəlif
ölkələrdə miqrantların qəbul edilmə mexanizmlərini araşdırmaqdan öncə
Sosiologiyanın tarixini, sosial mühacirətı və bir neçə tanınmış sosioloqların
konsepsiyalarını analiz etmək yerinə düşərdi.
Sosiologiya bir elm kimi XIX əsrdə meydana gəlmiş və 1830-1930-cu illər
arasında formalaşmışdır. Bu proses üç əsas spesifik hadisə ilə səciyyələnir: sənayeləşmə, urbanizasiya və institutların
demokratikləşməsi. Əlbəttə ki, bu dövrə qədər də Platonun, Hobbesin,
Loskenin, Humenin, Monteskiyö və Russo kimi mütəfəkkirlərin cəmiyyət ilə bağlı
fikirləri mövcud idi. Onların səsləndirdikləri fikirlərdə həmişə fəlsəfi və
mənəvi meyllilik hiss olunur ki, bu da Sosiologiyanın bu dövr ərzində
formalaşması üçün prosesləri kölgədə qoyur.
Sosiologiyanın tarixini araşdırmaq bizə iki əsas dövrü öyrənməyi əsas
verir:
1. Fəlsəfi, sosial, siyasi və tarixi fikirlərə
əsaslanan və XVIII əsrə qədər davam edən ümumi sosiologiya;
2.
İkinci dövr özü üç böyük hissələrə ayrılır;
a)
İlk pionerlər olan Karl Marks, August Comte
b) Təsisçilər, Amerika sosioloqları və Maks
Veber, eləcə də Durkheimin əsərləri
c)
Varislər, müasir sosiologiya.
Tarixçilərin fikirlərinə görə təsisçi qəhramanlar adətən şərqdən gəlir və
yerləşmək üçün qərbə yönəlirlər. İlk köçəri ovçular da məhz eramızdan
400 000 il əvvəl Orta Paleolit dövründə Şərqi Afrikadan o vaxtlar hələ
insan izi olmayan Avropaya Orta Şərqdən keçərək gəlmişlər. İlk insan Günəşin
firlanma istiqamətini tutaraq Asiyanın qərbindəki torpaqlara qədər yerləşmişdi.
Eramızdan qabaq III əsrdən etibarən Asiyanın səhralarından Avropaya
hind-avropalıların köçü başlayır. Yeni tarixi araşdırmalar sübut etməyə çalışır
ki, bütün millətlər mühacir axınları zamanı müxtəlif əhalinin sürətli
qarışığından əmələ gəlmiş, formalaşmış və dövrlərdən asılı olaraq bu proses
sürətli və ya asta templə davam etmişdir. Məsələn, bizim eranın IV və VII
əsrlərindəki işğallar insanların yerdəyişməsini daha da sürətləndirdi və eləcə
də Roma imperiyasının süqutu zamanı mədəni və sosial mənzərəni tamamilə
dağıtdı.
Müasir
mühacirət avropalıların Amerika qitəsinə köçü ilə səciyyələnir. Minlərlə insan
axını “yeni həyat” axtarışı ilə yad məkana axışır. Bu köçün cəmiyyət üçün
müxtəlif səbəbləri var. Belə ki, burada söhbət təşkilli surətdə və ya kölə,
eləcə də iş və pul qazanmaq üçün mühacirət edənlərdən söhbət gedir.
Bu gün mühacirətin baş vermə
səbəblərini araşdırarkən ortaya iqtisadi, demoqrafik, siyasi və s. məsələlər
çıxır. Rəqəmlərə nəzər saldıqda aydın görünür ki, hər il bir milyondan artıq
insan öz ölkəsini müxtəlif səbəblərə görə, əsasən də iqtisadi çətinliyə görə
tərk edir. Bir o qədər də insan sığınacaq almaq üçün çalışır. Dünya ölkəsinin
125 milyon nəfəri doğulduğu ölkə hüdudlarından kənarda yaşayır. Bu rəqəmlər
dünya əhalisinin 2,5%-i təşkil edir[1].
İmmiqrasiya siyasətini
araşdıran fransalı tədqiqtçı Maxime Tandonnet üç model təklif edir[2]:
1) Əhalinin köç edərək yerləşməsi əsasən üç qərb ölkəni (ABŞ, Kanada,
Avstraliya) əhatə edir və bu, əsasən immiqrasiyanın gələcəyini və dinamizmini
tərənnüm edir.
2) İmmiqrasiya hüququ (Cenevrə Konvensiyası 1951)[3].
Bu model birincidən çox fərqlənir və daha çox insanlar üçün kvota tələb etməyən
Avropa mühacirətinə aiddir. Belə ki, əsrlər boyu avropalılar özləri işğal və
köçlərin səbəbkarı idilər. İndi isə həmin avropalılar öz torpaqlarında
yerləşmək üçün miqrantlara qanunlar tətbiq edirlər. Müəllif həmçinin qeyd edir
ki, bu gün Qərbi Avropa bu forma mühafizəkar mühacirətdən imtina edir.
3) Üçüncü növ isə qeyri-stabil mühacirətdir ki, bu əsasən əmək fəaliyyəti ilə
əlaqədardır. Bu mühacirət növü bütün dünya sakinlərinin mühacirəti ilə bağlıdır
ki, bu halda mühacirlər uzun müddətli oturum sənədlərinə ümid bəsləyə bilməz və
yerləşdiyi ölkədən iş müqavilələrinin müddətinədək çox oturum haqqında icazə
ala bilməz.
Sosiologiya və Azərbaycanda sosioloji
düşüncələr
Azərbaycanda
sosioloji fikirlərə qədim zamanlardan rast gəlmək olur. Belə ki, Avestada yaxşı
ilə pisin, xeyir və şərin müqavimətini əks etdirən səhnələrə rast gəlinir.
Nizami Gəncəvi, Siracəddin Urməvi, Nəsrəddin Tusi öz əsərlərində hüquqi
münasibətə, dövlət idarəçiliyi, ailə məsələlərinə geniş yer aryırırdılar.
Məsələn, Urməviyə görə cəmiyyət insan orqaniziminə bənzəyir və onun idarəçiliyi
başçıdan asılıdır. XIX əsrin əvvəllərində M.F.Axundov və A.Bakıxanov öz
əsərlərində ictimaiyyətə sosioloji məsələlərdən bəhs edir. Daha sonralar biz
Məhəmməd Hadinin, Hüseyn Cavidin, Abdulla Şaiqin yazılarında sosioloji
problemlərə müraciətləri görürük. XX əsrin əvvəlləri öz ictimai fəaliyyətləri
ilə dahi M.Ə. Rəsulzadə, Ə. Hüseynzadə, Ə. Ağaoğlu, Ü. Hacıbəyov və s. yeni
cəmiyyətin qurulmasında (ADR) böyük rol oynamışlar.
Bolşeviklərin
hakimiyyətə gəlişi ilə elmin sosial fikirlərə olan münasibəti də dəyişdi və
Sosiologiya elmi burjua təbəqəsinə aid edildiyinə görə cəmiyyətdə qadağan
olundu. 20-ci illərin əvvələrində universitetlərdə və akademiyalarda
Sosiologiya sosial elmlərlə birləşdirilərək ictimaiyyət elmi adı altında tədris
olunmağa başladı. 1924-cü ildən etibarən SSR-i ərazisində Sosiologiya bir elm
kimi ləğv olundu və Sosiologiya sözünün də işlənməsi qadağan olundu[4].
Yalnız 60-cı illərdə yenidən Sosiologiyanın “hüququ” bərpa olundu. Əsas
səbəblərdən biri Sovet məkanında yaşayan müxtəlif xalqların və eləcə də
millətlərarası münasibətlər idi. Belə ki, SSR-i çoxmillətli bir dövlət idi və
əhalisinin 45% ni qeyri-ruslar təşkil edirdi[5].
Məhz Xruşovun kommunist partiyasının 1956-cı il XX iclasındakı çıxışından sonra
Sovet Sosiologiya Assosiasiyasının (1958) yaradılmasına təkan oldu. 1964-cü
ildə SSR-i məkanında ilk dəfə bütün respublikaların sosial elmlər üzrə
tədqiqatçılarının konfransı təşkil olundu. 1966-cı il isə Sovet sosioloqları
ilk dəfə Evianda (Fransa) baş tutmuş VI beynəlxalq sosioji konqresdə iştirak
edirlər.
Bu
hadisədən sonra Azərbaycanda da Sosiologiya elminə yeni maraq müşahidə olunur
və ilk dəfə olaraq 1968-ci ildə C.T.Əhmədlinin və V.Ə. Paşayevin “Burjua
sosiologiyanın tənqidi” və 1972 C.T.Əhmədli və J.Sogomonovun “Sosiologiyaya
dair söhbətlər” adlı kitabları işıq üzü görür. Bu iki əsər ilə Azərbaycan oxucusu
Sosiologiyanın bir sıra vacib problemləri ilə, eləcə də sosioloji biliklərin
müxtəlif səviyyələri ilə yığcam şəkildə tanış olur və bundan sonra daha
sanballı sosioloji tədqiqatlar aparmağa maraq göstərir. Bu dövrün sosioloji
baxışları bəzi ideoloji ehkamlardan azad olmasa da, gələcəkdə bu sahədə
tədqiqatların aparılmasına geniş istiqamət vermişdi.
Müstəqilliyin
bərpasından sonra Azərbaycanlı sosioloqlar Sosiologiyanın yeni struktur və
mexanizmlərini işləyib hazırladılar. Hal-hazırda keçən dövr ərzində Sosiologiya
bir elm kimi Azərbaycan Milli Elmlər Akademiyasında və Bakı Dövlət
Universitetində tədris olunur.
Azərbaycan diasporu
Son
200 il ərzində Azərbaycan diasporu əsasən üç ölkənin vətəndaşları ilə
formalaşmışdır: İran, Türkiyyə və Azərbaycan. Ümümilikdə azərbaycanlılar və ya
azərbaycan türkləri eyni zamanda Rusiya (Dağıstan), Gürcüstan (Borçalı)
ərazisində yaşamaqdadırlar. Azərbaycan türklərinin tarixən məskunlaşdıqları,
lakin bu gün müharibə şəraitinə görə öz torpaqlarından didərgin düşmüş məkan da
vardır ki, bu da indiki Ermənistandır.
Antropoloji
cəhətdən Avropoid irqinin Kaspi tipinə aid olan azərbaycanlıların sayını dəqiq
təyin etmək çətindir. Eləcə də Azərbaycan diasporunun da coğrafi hüdudunu və
sayını öyrənmək çətinliklər yaratmaqdadır və dəqiq say söyləmək çətindir. Lakin
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev öz çıxışlarının birində
demişdir ki, o, 50 milyon azərbaycanlının prezidentidir[6].
Bu gün istər UNESCO-nun, istər Azərbaycan Respublikasının Diasporla İş üzrə
Dövlət Komitəsinin, istərsə də xaricdə akkreditə olunmuş Azərbaycan
səfirlikləri və nümayəndəliklərinin verdiyi rəqəmlər də bu sayı
təsdiqləməkdədir.
Azərbaycan
disaporası haqqındakı bilgilərimiz yeni olsa da, diaspora tarixi daha qədimdir
və onu bir neçə dövrlərə bölmək olar:
1. Birinci
dövr VII əsrin sonları VIII əsrin əvvəli ərəblərin işğalı ilə başlamış və bu
dövrdən əvvəlki Azərbaycan diasporası haqqında məlumatımız yoxdur. Daha çox
tekallahlığı qəbul etməyən və müxtəlif inanclara sahib olan (atəşpərəstlər,
bütpərəstlərin) insanların köçü ilə yadda qalır.
2. İkinci
dövr Şərqdə intibah ilə başlamış, XVIII əsrə kimi davam etmiş və Teymurləngin
Azərbaycan torpaqlarını işğal etməsi ilə daha çox şairlərin və yazıçıların köç
etməsi ilə səciyyələnir.
3. Üçüncü
dövr rusların Qafqazı işğal etməkləri, Gülüstan və Türkmənçay müqavilələrinin
bağlanması, Rusiya-İran, Rusiya-Osmanlı müharibələri ilə yaranmış siyasi
şəraitə görə öz torpaqlarını tərk etmək məcburiyyətində olan soydaşlarımız ilə
formalaşmışdır.
4. XIX
əsrin əvvəllərində Azərbaycan mühacirəti daha intensiv xarakter alır, daha çox
ziyalıların köçü ilə reallaşır. Bu dövrün özünü bir neçə hissəyə ayırmaq olar:
a) 1905-ci ildə ilk etnik münaqişə,
erməni-azərbaycan münaqişəsinin yaranması və regionda baş verən inqilablar (Rusiyada 1905-1907-ci illər, İranda 1908-ci il Məşrutə və Türkiyədə
1908-ci il Gənc Türklər İnqilabı).
b) Birinci Dünya müharibəsi və Azərbaycan Demokratik
Respublikasının qurulması ilə başlanan mühacirət.
c) İkinci Dünya müharibəsi və 1945-ci il İran
inqilabı, eləcə də soyuq müharibənin başlanması.
d)
Sovetlər birliyinin dağılması və diasporaya
yeni baxışın yaranması.
Ümumilikdə,
azərbaycanlıların xaricdə ilk təşkilatlanmaları və müasir diasporanın
formalaşması II Dünya müharibəsindən sonraya, daha dəqiq desək, 1949-cu il Məmmədəmin
Rəsulzadənin başçılığı ilə yaranmış Azərbaycan Mədəniyyət dərnəyi ilə
başlanmışdır. Digər bir dərnək isə 1958-ci il ABŞ-ın New Cersi ştatında
“Amerika-Azərbaycan Təşkilatı” adı altında fəaliyyətə başlamışdır. Lakin həmin
dövrün siyasi vəziyyəti və ideologiyası diasporanın milli ruhda formalaşmasına
dəstək ola bilməzdi. 1949-cu ildən Azərbaycanın “Xarici Ölkələrlə Dostluq
və Mədəni Əlaqə Cəmiyyəti” yaranır, 1960-cı ildən
“Vətən Səsi” jurnalı və 1982-ci ildən “Odlar Yurdu” qəzeti nəşrə başlayır. 1947-1975-ci
illər ərzində təşkilat Danimarkada, İtaliyada və Fransada “Azərbaycan
mədəniyyəti günləri” keçirir. Lakin yenə də qeyd etmək istərdik ki, Sovet
sisteminin qapalı olmasına görə Azərbaycan diasporasının bu təşkilatlarla əlaqə
qurmağı yasaq olaraq qalırdı.
80-cı illərdə Elçin
Əfəndiyevin yaratdığı “Vətən Təşkilatı” diasporu ilə vətən arasında əlaqələrin
qurulmasında, eləcə də Tadeusz
Swietochowski, Ehmed Chmide, Audrey L. Altstadt kimi alimlərin Azərbaycanla
əlaqələrinin qurulmasında müstəsna rol oynadı. 1986-1992-ci illər arasında
təşkilat xaricdə 50-yə yaxın dostluq cəmiyyəti, təşkilat və qurumlar yaratmağa
müəssər oldu. 18 oktyabr 1918-ci il Azərbaycan xalqı öz müstəqilliyini bərpa
etdi və bu tarixdən başlayaraq tarixdə yaşayan azərbaycanlılara da münasibət
dəyişdi. 26 dekabr 1991-ci il Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə
31 dekabr azərbaycanlıların həmrəylik günü kimi qəbul olundu.
Bu gündən 25 il keçməsinə
baxmayaraq, Azərbaycan diasporası hələ də öyrənilməkdədir. Bu sahəyə dövlətin
də həmişə böyük dəstəyi olmuşdur. Lakin deyə bilərik ki, Azərbaycan
diasporasının öyrənilməsinə və eləcə də güclü lobbinin qurulmasına mütləq
surətdə diaspora tarixi araşdırılmalı, diasporanın səbəbləri, sayının
formalaşma mərhələləri, çoğrafiyası və yaşayış səviyyəsi, eləcə də diaspora
quruculuğunda nəşrlər tədqiq edilməlidir.
[1] TANDONNET
Maxime (2007), Géopolitique des migrations. La crise des frontières, Paris,
Ellipses Marketing.
[2] TANDONNET Maxime
(2007), Géopolitique des migrations. La crise des frontières, Paris,
Ellipses Marketing.
[3] 28 iyul 1951-ci il qaçqınların
statusu ilə bağlı Cenevrə Konvensiyası və ya sadəcə Cenevrə Konvensiyası, qaçqınların huquq və dövtətin hüquqi
öhdəliklərini müəyyən edən sənəddir. 1967-cı ildə qəbul olunmuş protokol
Konvensiyanın coğrafi və zaman məhdudiyyətini ləğv etmişdir.
[4] MESPOULET Martine (2007), La «
renaissance » de la sociologie en URSS (1958-1972), Revue d'Histoire des
Sciences Humaines 1/2007 (n° 16), p. 57-86.
VAZEH