Nombre total de pages vues

samedi 30 juin 2012

Paritet.az : İctimai-siyasi qəzet:


Fransadakı Azərbaycanlı Tələbələr Cəmiyyətinin (FATA) sədri Vazeh 
Əsgərovla söhbət


“Azərbaycan diasporunun Fransada kök salması prosesi sürətlənir”




Asif NƏRİMANLI

Azərbaycanın diaspor fəaliyyətinin əsas hərəkətverici qüvvəsi gənclər hesab olunur. Dövlət tərəfindən diaspor fəaliyyətinə dəstəyin verilməsi, o cümlədən, istər ölkə daxilində, istərsə dünyanın müxtəlif nüfuzlu universitetlərində təhsil alan gənclərimizə xüsusi diqqətin ayrılması, xaricdə yaşayan gənclərimizi Vətənin təbliğ edilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəallıq nümayiş etdirməyə sövq edir.
Hazırda dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımız, xüsusilə də azərbaycanlı gənclər yaşadıqları cəmiyyətə uğurla inteqrasiya olunurlar. Dünyanın nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı gənclərin Avropa, Amerika və digər ölkələrdə fəaliyyətləri fərqli cəmiyyətlərdə, fərqli məkanlarda Azərbaycanın tanıdılmasında xüsusi rol oynayır. Əcnəbilərin Azərbaycanı hər bir azərbaycanlının, xüsusilə müxtəlif cəmiyyətlərə daha tez inteqrasiya edən gənclərin simasında tanımasını nəzərə alsaq, dünyada yaşayan gənclərin də üzərlərinə bir sıra vəzifələr düşür. Təbii ki, bu vəzifələr təkcə mənsub olduğun xalqın tarixini, adət-ənənələrini, mədəniyyətini bilməklə bitmir. Bunları bilməklə yanaşı, əsas vəzifə Vətəni haqqında bildiklərini yaşadığı ölkələrin ictimaiyyətinə çatdırmaq, onun tarixi həqiqətlərini təbliğ etməkdir ki, bunun üçün də azərbaycanlı gənclərin təşkilatlanması, yaşadıqları cəmiyyətə fəal şəkildə inteqrasiyası, müxtəlif qurumlarda təmsili, lobbiçilik və diaspor sahəsində fəallıq göstərmələri, lazımi anda ölkə və xalqın maraqları baxımından həmrəylik nümayiş etdirmələri, ölkəmizlə sıx əlaqələrin saxlanılması lazımdır. Məhz bunların həyata keçirilməsi məqsədi ilə Azərbaycan dövləti gənclərimizin birliyinə nail olmaq işində onlara yaxından kömək edir. Martın 12-də Bakıda keçirilən Dünya Azərbaycanlı Gənclər Birliyinin təsisi qurultayı da bunu deməyə əsas verir. Dünyanın müxtəlif ölkələrindən yüzlərlə azərbaycanlı gəncin qatıldığı qurultayda Fransadan Strasburqda fəaliyyət göstərən Fransadakı Azərbaycanlı Tələbələr Cəmiyyətinin (FATA) sədri Vazeh Əsgərov da iştirak edirdi. Biz də diaspor fəaliyyətini daim işıqlandıran “Paritet” qəzeti olaraq, V.Əsgərovdan Fransada həyata keçirdikləri işlər, Vətəndən uzaqda Azərbaycanın təmsilçiliyi sahəsində fəaliyyətləri barəsində öyrəndik.
Qəzetimizə danışan V.Əsgərov rəhbərlik etdiyi təşkilatın 1999-cu ildə yaradıldığını bildirdi. Onun sözlərinə görə, təşkilatın yaradılmasında əsas məqsəd Fransaya yeni gələn azərbaycanlı tələbələrə yardım etmək olub: “Bununla yanaşı, məqsədimiz Fransanın digər təşkilatlarına inteqrasiya və həmin təşkilatları Azərbaycan həqiqətlərinin fransız ictimaiyyətinə çatdırılması işimizə cəlb etmək idi. Hesab edirəm ki, fəaliyyət göstərdiyimiz 10 ildən artıq bir vaxtda bu istiqamətdə uğurlarımız da var və hazırda bu işimiz davam edir”.

“Azərbaycanı fransız ictimaiyyətinə tanıtdırırıq”
Təşkilatın yaradıldığı illərdə Avropada Azərbaycanın tələbə gənclər təşkilatlarının yox dərəcəsində olduğunu deyən V.Əsgərov, 2003-cü ildən Fransaya, xüsusilə Strasburq şəhərinə Azərbaycandan böyük tələbə ordusu gəldikdən sonra həmin tələbələrin bir arada toplaşması, fransız cəmiyyətində toplum halında fəaliyyət göstərməsi üçün fəaliyyətə başladıqlarını və qısa zamanda buna nail olduqlarını bildirdi. Azərbaycanlı tələbələrin inteqrasiya məsələsindən danışan təşkilat sədri söylədi ki, bu məsələdə, demək olar ki, heç bir problem yaşanmır: “Strasburq və bura yaxın olan şəhərlərə gələn tələbələrin səviyyəsi magistr, yaxud ondan bir pillə aşağı olduğuna görə inteqrasiyada problem olmur. Hətta dil problemləri olan tələbələr bir ilə böyük nailiyyətlər göstərirlər. Hazırda Strasburqda doktorant dərəcəsi üzrə təhsil alan tələbələrin sayı magistrdan daha çoxdur. Hazırda gəncliyimizin, o cümlədən Azərbaycan diasporunun Fransada kök salması prosesi sürətlənir. Bizim fəaliyyət prinsiplərimiz Azərbaycan gəncliyini Fransada öz ətrafımızda birləşdirmək və Azərbaycan üçün önəmli olan məsələləri Fransa ictimaiyyətinə çatdırmaqdır ki, bu məsələdə də tələbələrimizin rolu böyükdür. Təbliğat işlərimizə Azərbaycanın müstəqillik illərini, tariximizə iz qoyan günləri xatırlamaqla fransız ictimaiyyətinə çatdırmaq, bunun üçün jurnallar, dərgilər yayımlayaraq, diasporun güclənməsinə dəstək olmaq daxildir. Hazırda bu işlərimiz davam edir və Azərbaycanı fransız ictimaiyyətinə tanıtdırırıq”.
Onun sözlərinə görə, Fransada yaşayan azərbaycanlıların, həmçinin gənclərin fransız cəmiyyətinə inteqrasiya prosesində assimilyasiyaya uğramaması üçün də işlər həyata keçirirlər: “Belə ki, bu istiqamətdə azərbaycanlı ailələrin övladlarının Azərbaycan mədəniyyətinə yaxınlığını, dilinə bağlılığını yüksəltmək üçün Azərbaycan dilini öyrədən dil kursları, şahmat kursları, rəqs kursları açmışıq, bununla yanaşı, mədəniyyətimizi təbliğ edən dərnəklərin də fəaliyyət göstərməsini təmin edirik. Bu həm azərbaycanlıların assimilyasiya olunmasının qarşısını alır, həm də bir növ Azərbaycan mədəniyyətini Fransada təbliğ edir”.
“Gənclər hər zaman Fransada Azərbaycanın siması olmağa
çalışırlar”
Fransada Azərbaycan imicinin formalaşmasından danışan V.Əsgərov qeyd etdi ki, əgər 10 il öncə Fransada Azərbaycan sözünü deyəndə informasiya azlığı var idisə, bu gün fransızlar Azərbaycanı Afrikanın hansısa ölkəsi kimi deyil, inkişaf edən və müstəqil bir dövlət olaraq tanıyırlar. Onun sözlərinə görə, bunun bir sıra səbəbləri var:
“Təbii ki, 10 il öncə Azərbaycan bugünkü qədər inkişaf etməmişdi. Bu gün isə Azərbaycanın iqtisadi cəhətdən inkişafı, siyasi gücünün artması, bir sıra nüfuzlu beynəlxalq təşkilatlara üzvlüyü, xüsusilə bu təşkilatlarda əhəmiyyətli tərəfdaş kimi qəbul edilməsi ölkəmiz haqqında informasiya genişliyi yaradıb, o cümlədən, bu informasiyalar müsbət istiqamətdə formalaşıb. Bununla yanaşı, ötən il “Avroviziya” müsabiqəsində qələbə qazanmağımız dünyanın əksər ölkələri kimi, Fransada da Azərbaycan haqqında geniş məlumat bazası yaratdı”.Onun sözlərinə görə, buna səbəb olan digər amil Fransadakı diaspor təşkilatlarımızın fəal işləməsidir: “Artıq diaspor təşkilatlarımız da əvvəlki illərə nisbətən, daha fəaldır. Hesab edirəm ki, diaspor təşkilatı olaraq bizim də bu işdə rolumuz var. Biz gənclər hər zaman çalışmışıq ki, Fransada Azərbaycanın siması olaq”.
Dağlıq Qarabağ həqiqətlərinin, Xocalı soyqırımının təbliği, ermənilərin törətdiklərinin faktlarla Fransa ictimaiyyətinə çatdırılmasında da fəaliyyət göstərdiklərini deyən A.Əsgərov, bunun erməni icmasının güclü olduğu bir ölkədə nə qədər çətin olmasına baxmayaraq, səylə çalışdıqlarını bildirdi. Onun sözlərinə görə, mütəmadi olaraq Azərbaycan həqiqətləri müxtəlif vasitələrlə fransız ictimaiyyətinə çatdırılır: “Bu vasitələrə tədbirlərin keçirilməsi, broşürlərin paylanması və s. daxildir. Azərbaycan tarixində iz qoyan hadisələrin xronologiyasına nəzər yetirdikdə, həmin hadisələrin bir-birinin ardınca gəldiyini görürük. Ona görə də, bütün hadisələrin, ermənilərin işğal etdiyi torpaqlarımızın, törətdiklərinin ildönümlərini qeyd etdikdə, bu tədbirlər ilin çox hissəsi təşkil edilir. Bu il isə, Strasburqda Xocalı soyqırımının 20-ci ildönümü geniş qeyd olundu. Keçirdiyimiz tədbirlərdə Azərbaycanın digər diaspor təşkilatları, türk diaspor təşkilatları və Azərbaycanı sevən fransız təşkilatları iştirak etdi. Avropanın paytaxtı hesab olunan Strasburqda soyqırımı ilə bağlı təşkil edilən izdihamlı mitinq dünyaya böyük çağırış oldu. Hesab edirəm ki, nə qədər çətin olsa da, əvvəlki illərə nisbətən, fransız cəmiyyətində bu hadisələrlə bağlı əsl faktlara söykənən informasiyalar formalaşmaqdadır”. FATA sədri qeyd etdi ki, görülən işlərin nəticəsində fransızlarda Azərbaycan haqqında müsbət rəylərin yaradılmasına nail olunub. Buna misal kimi V.Əsgərov bildirdi ki, artıq yerli media Qarabağ hadisələri, erməni vəhşilikləri barəsində məlumat almaq üçün onlara özləri müraciət edirlər: “Əgər 5 il öncə bu təşəbbüsü biz edirdiksə, bu gün belə təşəbbüs fransızlardan gəlir. Bu gün Fransanın yerli media orqanları erməni yalanlarının üzə çıxmasına səy göstərir. Bunun üçünsə, Fransadakı azərbaycanlılara müraciət edir, onlardan məlumatlar alırlar. Hesab edirəm ki, bu, diasporumuzun uğurudur”. “Dünyada Azərbaycan diasporuna verilən qiymət çox önəmlidir” V.Əsgərov Azərbaycanın Fransadakı səfirliyinin və Strasburqda Avropa Parlamentində fəaliyyət göstərən daimi nümayəndəliyinin onlara daim dəstək göstərdiyini də bildirdi. Onun sözlərinə görə, kimsə maliyyə yardımı etmirsə, bu o demək deyil ki, o dəstək göstərmir. “Sırf maliyyə yardımı ilə bağlı diasporik fəaliyyətdə heç də dövlətə maraq göstərməyi qəbul etmirəm. Çünki, diaspor müstəqil formalaşmalıdır. Bizim Fransa ictimaiyyəti və digər qurumlardan maliyyə yardımı almaq imkanlarımız var. Hətta 10 ildən artıq fəaliyyətimizi nəzərə alaraq Avropa Şurasına, yaxud digər beynəlxalq qurumlara maliyyə ilə bağlı müraciət edə bilərik. Amma hər hansı fəaliyyət üçün böyük bir maliyyə tələb olunmur. Misal üçün, Azərbaycanla bağlı hansısa tədbir keçiririksə, yüksək məbləği tələb kimi qarşımıza qoymamalıyıq. Kiçik bir summa da bəs edər ki, bunu da Fransada da tapa bilərik. Uğura nail olmaq üçün sadəcə istək, arzu və bunların eyni hədəfə vurması lazımdır”. Səfirlik, yerli qurumlar, yaxud Azərbaycandan gələn məmur, QHT-lərlə həmişə əlaqələrinin olduğunu deyən təşkilat rəhbəri Bakıda keçirilən DAGB-nin təsis qurultayının bu əlaqələri daha da genişləndirəcəyini vurğuladı. Qondarma “erməni soyqırımı”nın inkarına görə, qanunun qəbul  edilməsi istiqamətində Fransada atılan addımlar barəsində isə, V.Əsgərov qeyd etdi ki, belə bir qanunun qəbul edilməməsində türk diasporu ilə yanaşı, Azərbaycan diasporunun da rolu böyük oldu: “Erməni soyqırımını inkara görə qanunun qəbul edilməməsində Azərbaycan diasporunun rolu böyükdür. Türk qardaşlarımız bizə daim dəstək verdikləri kimi, biz də bu məsələdə onlara yaxından dəstək verdik. Bizim tərəfimizdən bu məsələyə etiraz təkcə erməni məsələsinə
görə deyil, həm Türkiyəyə dəstək kimi önə çəkilmişdi. İstər Parisdə, istərsə Strasburqda təşkil olunan tədbirə, demək olar ki, Fransada yaşayan azərbaycanlıların əksəriyyəti sıravi vətəndaş kimi qatılmışdı və nəticə bizim xeyrimizə oldu”. FATA sədri onu da qeyd etdi ki, bu gün dünyada Azərbaycan diasporuna verilən qiymət çox önəmlidir.


V.Əsgərov Fransada erməni diasporu ilə Azərbaycan diasporunun fəaliyyəti arasındakı fərqin böyük olduğunu hesab edir. Onun fikrincə, buna səbəb olan əsas amil ermənilərin çoxluğudur: “Hazırda Fransada ermənilərin sayı yarım milyondan çoxdur. Azərbaycanlılarsa 70 minə qədərdilər. Onlar da daha çox Cənubi Azərbaycandan və Türkiyədən gedənlərdir. Təbii ki, aradakı rəqəm fərqi öz sözünü deyir. Bununla yanaşı, ermənilərin Fransada lobbiçilik fəaliyyəti daha qədimdir. Hesab edirəm ki, bu fərqi aradan qaldırmaq və ermənilərin əsl simasını ortaya çıxarmaq üçün lobbi yaradılmalıdır ki, bunun üçün də daha çox çalışmalıyıq”. Onun sözlərinə görə, Fransadakı mübarizə təzədir, onun davamlı olması üçün səylərimizi birləşdirməliyik. “Son illərdə təşkilatlanmanın güclənməsi müşahidə olunur və fəallıq artıb. Lakin bu fəallığı vahid formada müxtəlif səpkili fransız internet resurslarında artırılmasının vaxtı yetişib. Hesab edirəm ki, Avropanın əsas dövləti olan Fransa kimi bir ölkədə diaspor təşkilatları birləşməli, vahid Azərbaycan diasporu yaradılmalıdır. Çünki, birliyin olması, mübarizəmizin daha çox səmərə verməsi deməkdir”, - deyə FATA sədri vurğuladı. 

Aucun commentaire: