Nombre total de pages vues

mardi 23 janvier 2018

ADNSU-nun İctimai Etimad Şurası UFAZ-da imtahan prosesini müşahidə edib.


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimai Etimad Şurası universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) imtahanın gedişatının monitorinqini keçirib. Millət vəkili Aydın Mirzəzadənin sədri olduğu İctimai Etimad Şurası imtahanlar başlamadan əvvəl UFAZ-ın auditoriyalarına baş çəkərək imtahanlar üçün yaradılmış şəraitlə tanış olub, tələbələrin fikirlərini öyrəniblər.
Sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı, İctimai Etimad Şurasının sədri Aydın Mirzəzadə, UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, UFAZ-ın baş katibi xanım Şarlot Payen, UFAZ-da imtahan prosesini müşahidə etmək məqsədilə Azərbaycana gəlmiş Strasburq Universitetinin professoru Filip Turek, İctimai Etimad Şurasının üzvləri və KİV nümayəndələri toplantı salonunda toplaşaraq UFAZ-da imtahan prosesi ətrafında fikir mübadiləsi aparıblar.
UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov toplaşanlara UFAZ-da yanvarın 17-də start götürmüş payız-qış imtahan sessiyası haqqında məlumat verib. Bildirilib ki, UFAZ-ın I və II kurs üzrə təhsil alan 284 tələbəsi 2 həftə ərzində təşkil edilmiş imtahanlarda iştirak edəcəklər. İmtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi üçün bütün lazımi şərait yaradılıb, imtahanlar Strasburq Universitetinin qaydalarına müvafiq təşkil edilib. Imtahan prosesi ənənəvi olaraq 5 həftə deyil, 1-ci kurslar üçün 2 həftə, II kurslar üçünsə 1 həftə nəzərdə tutulub. Strasburq Universitetinin tədris proqramına əsasən UFAZ-da qiymətləndirmə semester boyu 3 mərhələdən ibarət olub sonda yekun imtahanlarla tamamlanır.
İmtahan sualları fənn müəllimlərindən ibarət xüsusi qrup tərəfindən tərtib olunub. İmtahan nəticələri yoxlandıqdan sonra qərar vermək üçün Starsburq Universitetinin ekspertlərindən təşkil olunmuş münsiflər heyətinə təqdim olunacaq, daha sonra qiymətlər tələbələrə elan ediləcək.
Son 5 gün ərzində tələbələrin imtahan prosesində iştirakı ilə bağlı hər hansı texniki problem və tələbələrin şikayətləri ilə üzləşmədikləri və imtahan prosesinin yüksək şəraitdə davam etdiyi qeyd olunub.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı çıxış edərək UFAZ-ın yaradılmasının əhəmiyyəti barədə toplaşanlara məlumat verib, dünyanın nüfuzlu ali məktəblərindən biri - Strasburq Universiteti ilə birgə gerçəkləşdirilən bu layihənin ADNSU-da təhsilin standartlarının daha da yüksəldilməsinə müsbət təsir göstərəcəyini vurğulayıb. Rektor M.Babanlı ADNSU-nun İctimai Etimad Şurası üzvlərinə UFAZ-da imtahan prosesini müşahidə etdikləri üçün təşəkkürünü bildirib. Millət vəkili, İctimai Etimad Şurasının sədri Aydın Mirzəzadə UFAZ-da yaradılmış şərait, qabaqcıl təhsil standartlarını yüksək dəyərləndirərək bu layihənin əhəmiyyətini vurğulayıb. Azərbaycanda sənayenin inkişaf etdirilməsi fonunda UFAZ-ın yaradılmasını Azərbaycan Respublikası Prezidentinin uzaqgörənliyinin bariz nümunəsi kimi dəyərləndirən millət vəkili tələbələrin onlar üçün yaradılmış bu imkandan səmərəli istifadə etməli olduqlarını bildirib. İctimai Etimad Şurasının digər üzvləri də tələbələrin təhsil alması üçün UFAZ-da yaradılmış şəraiti yüksək qiymətləndirib, bu layihəni dövlətin azərbaycanlı gənclərin təhsilinə göstərdiyi diqqət və qayğının nümunəsi kimi səciyyələndiriblər.















mercredi 1 novembre 2017

UFAZ TƏLƏBƏLƏRİNƏ STRASBURQ UNİVERSİTETİNİN TƏLƏBƏ BİLETLƏRİ TƏQDİM EDİLİB





Azərbaycan Fransız Universitetinin yeni binasında birinci kurs tələbələrinə Strasburq Universitetinin tələbə biletləri təqdim edilib. Bununla da tələbələr 2 tələbə bileti almaqla həm Azərbaycan Fransız Universitetinin, həm də Strasburq Universitetinin tələbəsi olub.
Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez bildirib ki, 2014-cü ildə Azərbaycan və Fransa prezidentlərinin birgə təşəbbüsü əsasında yaradılan UFAZ 2016-cı ildən etibarən ilk tələbələrini qəbul etməyə başlayıb. UFAZ ölkələr arasında tədris sahəsində innovativ əsaslar üzərində qoyulan əməkdaşlığın başlanğıcıdır. Səfir qeyd edib ki, Bu gün tələbələrin Strasburq Universitetinin tələbə biletlərinə layiq görülməsi onların fransalı tələbələrlə eyni statusa malik olması deməkdir.
UFAZ-ın direktoru Vazeh Əskərov qeyd edib ki, ümumilkdə UFAZ-ın 148 tələbəsi 4 ixtisas üzrə tələbə biletlərinə yiyələnəcək: “Ümumi sayda UFAZ-ın 283 tələbəsi həm Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, həm də Strasburq Universitetinin tələbələlidir. Ən maraqlı və vacib məqam ondan ibarətdir ki, tədris tam olaraq Strasburq Universitetinin tədris proqramları ilə və Starsburqdan dəvət olunmuş müəllimlər tərəfindən, eləcə də Azərbaycanın xaricdə təhsil almış müəllimləri tərəfindən keçirilir”.




Ajoutée le 28 oct. 2017

samedi 14 octobre 2017


MÜSTƏQİLLİK MÜHACİRLƏRİMİZİN FRANSA HƏYATI





2018-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublika – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Prezident İlham Əliyev Xalq Cümhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması haqqında sərəncam imzalayıb. Dövlət başçısının sərəncamı tarixi irsin araşdırılması baxımından mühüm sənəd kimi qiymətləndirilir. Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı yeni elmi araşdırmalar aparılacaq. Tarixçilər bu baxımdan xarici ölkələrdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı olan sənədlərin araşdırılması və nəşrini vacib sayırlar. Cümhuriyyətin qurucularının əksəriyyəti Avropaya müharcirət edib. Paris Sülh Konfransına gedən heyətsə mövcud tarixi reallıq səbəbindən geri qayıda bilməyib. Paris sülh konfransında iştirak, Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin Avropadakı fəaliyyətləri bir çox araşdırmaların mövzusu olub. Bu araşdırmaların müəlliflərindən biri, Azərbaycan mühacirlərinin təqdqiqatçısı, Strasburq Universitetinin tarix üzrə fəlsəfə doktoru, Azərbaycan-Fransız Universitetinin direktoru Vazeh Əsgərov studiyamızın qonağıdır.


https://www.youtube.com/watch?v=dSjNneZfi7c


Dr. Vazeh ASGAROV

Conférence de M. Vazeh Asgaraov, directeur de l'Université Franco-Azerbaïdjanaise (UFAZ)

Azerbaïdjan lors du colloque international et interdisciplinaire organisé par la chaire Nizami Gandjavi et l'Ille (EA 4363): Multiculturalisme, interculturalité, identité complexe: l'exemple du Caucase. Mulhouse, 5-6 décembre 2016.




https://www.youtube.com/watch?v=mI7aSwFna5Q



Dr. Vazeh Asgarov

mercredi 4 octobre 2017

Interview with Dr Vazeh Asgarov
Director of the French–Azerbaijani University (UFAZ): TEAS Magazine, September 2017



vendredi 7 juillet 2017

http://palitranews.az/news.php?id=71601


 “UFAZ-da təhsil Fransa və Azərbaycan müəllimlərindən ibarət heyət tərəfindən ingilis dilində aparılır”

Müsahibimiz Fransız-Azərbaycan Universitetinin (UFAZ) direktoru Vazeh Əsgərovdur. 


Vazeh Əsgərov 1978-ci il 15 oktyabr tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Dillər Universitetində Frаnsız-ingilis dilləri fаkültəsində təhsil аlıb. Universiteti bitirdikdən sonra Fransanın Azərbaycandakı səfirliyinin Mədəniyyət şöbəsində çalışıb. 2003-cü ildə Fransanın Rоbеrt Schumаn Univеrsitеtinə qəbul оlub və Strasburq şəhərində yaşayıb. 2004-2006-cı illərdə Strаsburqun Mаrc Blоch Univеrsitеtinin Dilçilik еlmi üzrə Mаgistr 1 və Mаgistr 2 dərəcəsi üzrə təhsilini dаvаm еtdirib. 2007-2012-ci illərdə Strasburq Universitetində “Аzərbаycаnlıların Frаnsаyа mühаcirəti: tаriх və pеrspеktivlər” mövzusundа doktorluq dərəcəsinə layiq görülüb. 2013-cü ilin əvvəlində Аzərbаycаnа qаyıtdıqdan sonra ADU-nun rеktоrunun müşаviri vəzifəsinə təyin olunub. 2014-2015-ci illərdə Azərbaycan Dillər Univеrsitеtinin Tədris işləri üzrə prоrеktоru vəzifəsini icrа edib. 2016-cı ilin dekabr ayından Fransız-Azərbaycan Universitetinə (UFAZ) direktor təyin olunub. 



- Öncə Fransız-Azərbaycan Universitetinin (UFAZ) yaranması tarixindən söz açardız.
- Fransız-Azərbaycan Universiteti (UFAZ) 2014-cü ildə Fransa Respublikasının Prezidenti Fransua Olland və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birgə təşəbbüsü ilə irəli sürülmüş bir layihədir. 2015-ci ildən etibarən layihəyə rəhbərlik etmək üçün Fransa tərəfindən Strasburq Universiteti, Azərbaycan tərəfindən isə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti öhdəçilik götürüb. Universitet Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə təşkil olunub. 15 sentyabr 2016-cı il Strasburq Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə əməkdaşlığı ilə Fransız-Azərbaycan Universiteti (UFAZ) təntənəli surətdə fəaliyyətə başlayıb.
- Artıq Fransız-Azərbaycan Universiteti (UFAZ) tələbə qəbulu elan edib. Tələbə qəbulu qaydalarında hansı yeniliklər var?
- Qeyd etmək istərdim ki, 2017-2018-ci tədris ili üçün qəbul açıq elan olunub. Keçən il olduğu kimi, bu il də 4 ixtisas üzrə (kimya mühəndisliyi, neft-qaz mühəndisliyi, kompüter elmləri, geofizika mühəndisliyi) 120 ödənişsiz və 40 ödənişli yer təklif edilib. 
Dövlət İmtahan Mərkəzi bu il iki mərhələli qəbul imtahanı keçirdiyi üçün, UFAZ-a qeydiyyat da iki mərhələdə aparılır. İyunun 12-dən iyulun 17-ə qədər birinci qeydiyyat, iyulun 24-dən iyulun 25-i saat 23:00-dək ikinci qeydiyyat aparılacaq. UFAZ imtahanları 27 iyul tarixində keçiriləcək. Bu il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 1-ci kurs tələbələri də UFAZ-a daxil olmaq üçün imtahan verə biləcəklər.
- Bu gün tələbələrə hansı yeniliklər təklif edirsiz? Universitetinizi digər ali təhsil müəssisələrindən fərqləndirən nədir?
- UFAZ-ı fərqli edən bir çox cəhət var. Onlardan bir neçəsini sadalamaq istərdim. İlk olaraq UFAZ tələbələri universiteti qurtardıqda həm Azərbaycan Respublikasının, həm də Fransa Respublikasının rəsmi dövlət diplomlarını əldə edəcəklər. Yəni tələbələr ayrılıqda iki diplom almaqla həm Strasburq, həm də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu olacaqlar. Digər bir üstün cəhəti isə Azərbaycandan kənarda 100% Fransa təhsil sistemi ilə tədris almaq mümkün olacaq. Bununla yanaşı, tədris Fransadan dəvət olunmuş müəllimlərlə həyata keçirilir. Belə ki, imzalanmış memorandum, əsasən, UFAZ müəllimlərinin 50%-i Fransadan, 50%-i isə ingilis dilində tədris aparmağı bacaran və əsasən, xaricdə magistr və doktorluq təhsili almış müəllimlər tərəfindən həyata keçirilir. Eləcə də UFAZ tələbələri, eyni zamanda Strasburq Universitetinin tələbələri olduqları üçün Strasburqun zəngin elektron kitabxanalarından və nəzərdə tutulmuş müxtəlif tədris proqramlarından istifadə edə bilərlər. Digər bir üstünlük isə UFAZ-ın yeni tədris ilində təzə 4 mərtəbəli binaya köçməsi və yeni kimya və fizika laboratoriyalarının istifadəyə verilməsidir.
- Tədris olunan fənlər hansı dildə tədris ediləcək? Bu baxımdan professor-müəllim heyətiniz tam formalaşıb?
- UFAZ-da təhsil yüksəkixtisaslı Fransa və Azərbaycan müəllimlərindən ibarət beynəlxalq tədris heyəti tərəfindən ingilis dilində aparılır. Həmçinin tələbələrə intensiv fransız dili tədris olunur. Yəni tələbələr məzun olduqda artıq iki xarici dildə səlis danışacaqlar.
- Universitetinizin xarici təhsil müəssisələri ilə tələbə mübadiləsi olacaqmı? Bu haqda oxuculara məlumat verərdiz.
- Hal-hazırda Fransanın iki böyük universiteti - Strasburq və Ren 1 bu layihənin əsas tərəfdaşlarıdır. Gələcəkdə bu tərəfdaşlıq daha da genişlənəcək. Yeni tədris ilindən UFAZ tələbə sıralarına digər xarici universitetlərin tələbələrini də qəbul etməyi planlaşdırır. Mübadilə proqramına gəldikdə isə bu il UFAZ tələbələrinin 40-ı ilk olaraq Strasburq Universitetinin birbaşa təşkilatçılığı ilə Strasburqa yay məktəbinə gedəcəklər. Gələcəkdə bu proqramların sayının artırılması nəzərdə tutulub.
- Tələbələrə keyfiyyətli təhsilin göstərilməsi üçün dərs vəsaitləri hazırlanıbmı?
- UFAZ-da həm yerli, həm xarici müəllimlərdən ibarət komandamız var. Bizim üçün vacib kriteriyalar müəllimlərin ingilis dilində tədris təcrübəsinə malik olması və müasir təhsil metodlarından xəbərdar olmalarıdır. Hal-hazırda bütün dərs vəsaitləri və tədris proqramları Strasburq Universitetinin tələblərinə cavab verən metodlardır və təhsil bu metodlarla aparılır.
- Sonda gələcək planlarınızdan danışardız.
- UFAZ növbəti tədris ili üçün əsas istiqamətlərini müəyyən edib və bəzi mühüm məsələləri formalaşdırıb həyata keçirməyi qarşısına məqsəd qoyub. İlk olaraq müxtəlif əməkdaşlıq proqramlarının hazırlanması və Fransanın digər aparıcı universitetləri ilə əlaqələrin yaradılması, UFAZ-ın mərhələli şəkildə elektron idarə olunmasının təmin edilməsi, elektron universitetin və elektron kitabxananın formalaşdırılması qarşıda duran vəzifələrdəndir. Bununla yanaşı, UFAZ-ın müəllim və tələbə mübadiləsi imkanlarının daha da genişləndirilməsi, UFAZ tələbə gənclərin fəaliyyətinin beynəlxalq standartlara cavab verə biləcək səviyyəyə qaldırılması, tələbələrin respublikanın ictimai-siyasi həyatında fəallığının artırılması, onların asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə müxtəlif cəmiyyətlərin yaradılması görüləcək mühüm məsələlərdir. Eyni zamanda UFAZ-ın beynəlxaq layihələrdə iştirakının təmin edilməsi, UFAZ Fondunun yaradılması, müxtəlif təşkilatlarla əlaqələrin qurulması, tələbələrin istər beynəlxalq səviyyədə, istərsə də ölkədaxili müxtəlif təşkilatlarda təcrübə keçmələrinin təmin edilməsi əsas istiqamətlər kimi göstərilə bilər.


Söhbəti qələmə aldı: 
Mahmud Əyyub

mardi 16 mai 2017

Dünyanın multikulturalizm mərkəzi

Yadigar Məmmədli: “Bu, Azərbaycanın yazdığı uğurlu tarixdir” 
Vazeh Əsgərov: “Azərbaycan nümunəsi bir irs olaraq öyrəniləcək”
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları davam edir. Təhlilçilərin fikrincə, İslam Həmrəyliyi Oyunları İslam dünyasında birliyin möhkəmlənməsində əvəzsiz rol oynayacaq. Bundan başqa, IV İslam Həmrəyliyi Oyunları dünyada multikulturalizm mərkəzi kimi Azərbaycanın mövqelerini  gücləndirəcək. 
Beynəlxalq Bakı Multikulturalizm Mərkəzinin mətbuat katibi Yadigar Məmmədli bildirdi ki, 2016-cı ildə Azərbaycanda “Multikulturalizm ili” elan edildi: “Bu ilin isə “İslam Həmrəyliyi ili” elan olunması “Multikulturalizm ili”nin məntiqi davamıdır. Bütün bunlar isə həm ölkəmiz, həm də Bakı Multikulturalizm Mərkəzinin fəaliyyəti üçün böyük önəm daşıyır. Mərkəzin fəaliyyəti ölkədə bütün dinlərin mehriban şəkildə fəaliyyətini təmin etməsidir. 
54 müsəlman ölkəsinin iştirakı keçirilən tədbir də göstərdi ki, Azərbaycan yüksək səviyyədə təşkilatçılığı həyata keçirə bilər. Tədbirlərin yüksək səviyyədə həyata keçirilməsi ilk olaraq ölkəmizin qarşısına qoyduğu vəzifələrin yerinə yetilməsi baxımındam böyük önəmi var. Həmçinin Bakı Multikulturalizm Mərkəzi üçün də böyük əhəmiyyəti var. Çünki Bakı Multikulturalizm Mərkəzi ölkəmizdə multikultural dəyərlərin dünyaya çatıdırılmasında bilvasitə iştirak edən qurumdur. O baxımdan işlərin daha uğurlu nəticələri sonradan ortaya çıxacaq. Oyunların üzərindən böyük zaman keçdikdən sonra mütləq dəfələrlə Azərbaycan modelinə qayıdılacaq. Bu, Azərbaycanın yazdığı uğurlu tarixdir.  İslam dünyasında birliyin, barışığın, multikultural dəyərlərin möhkəmlənməsində Azərbaycan öz faydasını verməkdədir”.

Siyasi şərhçi Vazeh Əsgərov bildirdi ki, IV İslam Həmrəyliyi Oyunları birmənalı şəkildə Azərbaycanın nüfuzunu dünya ölkələri arasında möhkəmləndirəcək: “Azərbaycanın təkcə sözdə deyil, eləcə də əməldə nə qədər multikultural dəyərlərə sahib olması bir daha sübut olunacaq. Belə ki, Azərbaycanın son zamanlar təkcə dünya üçün önəmli olan Ümumdünya Şahmat Olimpiyadası, I Avropa Oyunları, Formula-1 Qran Pri kimi idman oyunları ilə deyil, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu kimi möhtəşəm tədbirlərə də ev sahibliyi etməsi onun nufuzunun artmasına gətirib çıxarıb. 

Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyev 2016-cı ili ölkəmizdə “Mültikulturalizm ili”, 2017-ci ili isə “İslam Həmrəyliyi ili” elan edib. Dövlət başçısının bu addımı dövlət siyasətində ölkəmizin multikultural dəyərlərə nə qədər önəm verməsini bir daha izah edir. Azərbaycanın bu uğurlu layihələrə imza atması ölkəmizin nüfuzunun bundan sonra da artmasına öz töhfəsini verəcək və Azərbaycan nümunəsi bir irs olaraq öyrəniləcək”. 
Mübariz BAYRAMOV