Nombre total de pages vues

jeudi 25 août 2016

Artan turistlər sayəsində Azərbaycan həqiqətləri dünyada daha sürətlə yayılır.

Artan turistlər sayəsində Azərbaycan həqiqətləri dünyada daha sürətlə yayılır.


Vazeh Əsgərov: “Ölkədəki turizm sektorunun genişlənməsi Azərbaycanın dünyada daha yaxşı tanınmasında öz töhfəsini verəcək”


İsmayıl Ağayev: “Haqq səsimizin dünyaya çatdırılmasına, qaçqın və məcburi köçkünlərimiz haqqında məlumatların gələn turistlərin öz ölkələrində paylaşmasına imkan yaranır”


2016-08-25 09:15:46
İyul ayında Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 10 073 nəfər təşkil edib. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 100 dəfə çoxdur.
Bu arada Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin BƏƏ-dəki nümayəndəsi Raşil əl-Nuri bildirib ki, yay tətili ərzində və Qurban bayramı dövründə Fars körfəzi ölkələrindən Azərbaycana 30 min turistin gələcəyi gözlənilir. O, Azərbaycana Körfəz ölkələrindən gələn turistlərin sayında artım olmasının Prezident İlham Əliyevin bu regiondan gələn turistlər üçün viza rejiminin sadələşdirilməsi ilə bağlı strateji qərarının nəticəsi olduğunu qeyd edib. Ancaq ölkəmizə gələn turistlər yalnız ərəblərlə kifayətlənmir. Bu il ümumiyyətlə, ötən illərlə müqayisədə daha çox turist qəbul etmişik. Onlar arasıda rus turistlər də üstünlük təşkil edir. Aparılan siyasət növbəti illərdə də turistlərin sayının artacağını göstərir. Mütəxəssislərin sözlərinə görə, bu amil gəlirlərin artımı ilə yanaşı, ölkəmizin tanınmasında, xüsusi ilə də Azərbaycan həqiqətlərinin dünyaya yayılmasına xüsusi rol oynayır.
Politoloq Vazeh Əsgərov bildirir ki, turizm sektoru vasitəsi ilə insanlar yaşadıqları yerlərdən istiqamət götürərək yeni məkanları kəşf etmək, dincəlmək və öyrənmək üçün yollanırlar: "İnkişaf etmiş ölkələrin vətəndaşları ildə ən azı bir dəfə səyahət etməyə çalışır. Səfər etmiş turistlər ölkənin görməli yerlərini, mətbəxini, mədəniyyətini və ümumilikdə turizm sektorunu özləri üçün bir daha kəşf edirlər. Dünyanın hər bir dövləti öz resurslarından istifadə edərək ölkələrinə turist cəlb etməyə çalışır.
Azərbaycan yerləşdiyi coğrafi məkan baxımından turist axınının daha da artırılması, ümumilikdə turizm sektorunun daha da inkişaf etdirilməsi üçün bu fürsətdən yararlana bilər. Son illər təkcə paytaxt Bakı deyil, eləcə də regionlarda infrastrukturun yaradılması bu sahəyə diqqətin artması ilə səciyyələnir. Səfər etmiş turistlər müxtəlif sahədə çalışan insanlardan ibarətdir ki, onlar səfər zamanı Azərbaycanı eşitdikləri kimi deyil, real olaraq gözləri ilə kəşf edirlər. Səyahətdən razı qalmış turist qayıtdıqdan sonra öz çevrəsinə nəinki istirahəti barədə, eləcə də ölkə haqqında real məlumatlar ötürmüş olur. Əminəm ki, ölkədəki turizm sektorunun genişlənməsi Azərbaycanın dünyada daha yaxşı tanınmasında öz töhfəsini verəcək”.
Vazeh Əsgərov əlavə etdi ki, ölkəyə gələn turistlərin sayının ildən-ilə artması bu sahənin daha da inkişaf etməsinə gətirir: "Xüsusən də keyfiyyətin təmin olunması, turistlərin razı qalması turizmin davamlı olmasına xidmət edir. Əlbəttə ki, yeni iş yerlərinin açılması beynəlxalq təcrübənin öyrənilməsi də turistləri cəlb edəcək yeni məkanların kəşf olunub inkişaf etdirilməsinə gətirib çıxarır. Diqqət etsək, görərik ki, turizm məqsədi ilə yaradılmış məkanlardan təkcə xarici vətəndaşlar deyil, il boyu öz vətəndaşlarımız da istifadə edirlər. Buradan belə bir qənaətə gəlirik ki, turizmin inkişafı ölkənin daha da inkişaf etdirilməsi və dünyavi dövlətə çevrilməsi üçün bir vasitədir”.
«Beynəlxalq Diaspora Mərkəzi” İctimai Birliyinin sədri İsmayıl Ağayev bildirdi ki, Azərbaycanda həyata keçirilən islahatlar, sabitlik, dəyişiklilər dünya dövlətləri arasında ölkəmizin nüfuzunu artırıb: "Adətən, turist üçün təhlükəsizlik istirahətdən öncə gəlir. Bu baxımdan da ölkəmizdə hazırda münbit şərait var.
Eyni zamanda, bütün parametrlər üzrə turizm potensialımız da kifayət qədər böyükdür. Artıq dünyada Azərbaycan turizm ölkəsi hesab olunur. Bu amil Azərbaycan mədəniyyətinin, burada mövcud olan multikultural dəyərlərin, haqq səsimizin dünyaya çatdırılmasında, qaçqın və məcburi köçkünlərimiz haqqında məlumatların gələn turistlərin öz ölkələrində paylaşmasına imkan yaradır. Bu işdə hər kəs öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. Turist marşurutlarına belə məlumatlar da daxil edilməlidir. Turizm Nazirliyi, turizm şirkətləri kadrlar hazırlamalıdırlar. Həmin şəxslər turistləri informasiya ilə təmin etməlidirlər. Çünki, bu da təbliğatın bir formasıdır. Ölkə rəhbərliyinin apardığı siyasi xətt bundan ibarətdir. Bu məsələdə Heydər Əliyv Fondu və onun rəhbəri Mehriban Əliyevanın xüsusi rolu var. Düzgün siyasətdir və bundan bəhrələnməliyik”.


Mübriz BAYRAMOV


http://www.movqe.az/86867.html