Nombre total de pages vues

mercredi 18 juillet 2012

Vazeh Əsgərov: “Düşünmürəm ki, Fransada belə tez zamanda bu qanun yenidən aktual olsun”

Siyasət


Vazeh Əsgərov
Vazeh Əsgərov

Gün.Az-ın Fransada Azərbaycanlı Tələbələr Cəmiyyətinin prezidenti, Strasburq Universitetinin doktorantı, politoloq Vazeh Əsgərovla müsahibəsi: 

- Vazeh bəy, Fransa prezidenti Fransua Olland da sələfi Nikola Sarkozi kimi uydurma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun hazırlayacağını bəyan edib.
Yenidən bu qanunun işə düşməsini real hesab edirsinizmi?

- İstər Fransada, istərsə də digər inkişaf etmiş ölkələrdə bu və ya digər buna oxşar qanunların qəbulunu real hesab etmək olmaz. Əlbəttə ki, Fransa bu işdə daha fəallıq göstərib, uydurma soyqırımı 29 yanvar 2001-ci il tarixində qəbul edib. Bu hüquqi sənəd Fransa ermənilərinin uzun surən fəaliyyəti nəticəsində həyata keçib. Belə ki, bu və ya bu kimi sənədlərin qəbulu, bu məsələyə hüquqi bir don geyindirmək məqsədi güdüb.

Amma həmçinin xatırlatmaq istərdim ki, bu sahədə işlər artıq necə illədir aparılır. Daha dəqiq desək, keçən əsrin 60-ci illərində ilk nümayişlər və tələblər də məhz bu Fransada təşkil olunmuşdur.

Eyni zamanda nəzərə alsaq ki, Fransa belə bir siyasi oyunla Türkiyəyə təsir göstərə bilər, onda məsələnin hansı müstəvidə olması daha aydın özünü biruzə vermiş olur.

- Ola bilərmi ki, Fransua Olland erməni diasporunun təzyiqlərini səngitmək üçün bu tipli açıqlamalar verərək, onları neytrallaşdırmağa çalışır?

- Qeyd edim ki, son prezident seçkisindən sonra sosialistlərin hakimiyyətə gəlməsi, heç də Fransa dövlətinin xarici siyasətinin dəyişdirilməsi kimi qəbul edə bilməz. 2011-ci ildə belə bir qanun Fransa Senatına təqdim edilmişdi və 2012-ci ilin fevralında Fransa Konstitusiya Məhkəməsi tərəfindən ləğv edildi. Əsas səbəb isə, bu qanunun vətəndaşların söz azadlığını pozan kimi qələmə verilməsi olmuşdu.

Fransadakı erməni lobbisi həyata keçməmiş qanun layihəsini yenidən gündəmə gətirmək fikrindən əl çəkmir. Lakin Fransa prezidentinin erməni seçiciləri qarşısında seçkiqabağı verdiyi vədi yerinə yetirmək kimi, bir məsuliyyəti olduğunu da unutmur. Düşünürəm ki, bu sadəcə müəyyən maraqlara xidmət edən siyasi taktikadır.

- Fransa-Türkiyə münasibətləri normallaşdığı bir dövrdə, prezidentin məlum açıqlaması münasibətləri gərginləşdirə bilərmi?

- Düşünmürəm ki, belə tez zamanda bu qanun yenidən aktual olsun. Lakin keçən həftənin şənbə günü ölkə rəhbəri “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi üçün öz üzərinə götürdüyü seçkiqabağı öhdəçiliyini təsdiqləyib. Eyni zamanda qeyd edim ki, keçən həftənin cümə axşamı Fransa xaric işlər naziri Laurent Fabiusun fransız-türk əlaqələrinin qorunmasına rəğmən, bu qanunun real olmaması haqqında açıqlaması gəlmişdi.
Bu gün rəsmi Parisin, prezident Fransua Ollandın üzərinə götürdüyü öhdəçiliyin bir qanun formasında reallaşması haqqında dəqiq məlumatı yoxdur. Lakin eyni zamanda, rəsmi Paris açıqlama verir ki, prezident öz seçki kampaniyasında verdiyi sözün üstündə duracaq. Əgər, hadisələr Türkiyənin əleyhinə yönələrsə, iki dövlət arasında yenidən hərbi, iqtisadi, diplomatik əlaqələr kəsilə bilər.

- Bəs, belə bir qanunun qüvvəyə minməsi Fransa üçün nələr vəd edir və bunun qarşılığında Türkiyəni itirmək rəsmi Parisə nə qazandıracaq?

- Bu qanun qəbul olunarsa, sadə fransızlara təsir edəcəyini heç düşünmürəm. Hətta bu qanun keçən ilin sonu gündəmə gəldiyi zaman belə, ictimaiyyət tərəfindən gülünc qarşılanmışdır. Bu mövzu ətrafında keçən ilin sonundan bu ilin əvvəlinə qədər, bir çox fikirlər səsləndi. İki dövlət arasında müəyyən mənada soyuqluq müşahidə olundu. Amma iki dövlət arasında qurulan münasibətlərin dərin kökünü, Fransa üçün Türkiyənin və bu dövlət ilə olan bütün münasibətlərin Ermənistandan daha üstünlüyünü nəzərə alsaq, nə dərəcədə təsirli olması haqda fikir yürütmək olar.

- Belə olan halda Azərbaycan nə etməlidir? Bildiyimiz kimi, rəsmi Bakı məlum qərarın qarşısının alınmasında çox fəallıq göstərib...

- Düşünürəm ki, bu fəallıq davam etdiriləcək. Azərbaycanın bu məsələ ilə bağlı təşəbbüsləri hər iki dövlət arasında münasibətlərin normal məcraya düşməsinə hesablanıb.

- Ölkə mediasının, siyasi-ictimai təşkilatlarının bu məsələ ilə bağlı baxışı nədən ibarətdir?

- Apardığım müşahidələrə görə, mövzu ətrafında gedən müzakirəyə baxış müxtəlifdir. Bir çoxlarının fikrincə, bu qanun söz azadlığının pozulduğu kimi qələmə verilsə də, digərlərinin erməni faktoruna olan dar baxışı və illərdən bəri yürüdülən soyqırımı siyasətinə rəğmən yürütdükləri fikirləri daha öndə gedir.

Elnur Eltürk
Gün.Az